Azərbaycan ilə Avropa Şurası əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Aprelin 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının (AŞ) ölkəmizdəki ofisinin yeni təyin olunmuş rəhbəri, səfir Konstantin Yerokostopulos ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfirə yeni fəaliyyətində uğurlar arzulayan E.Məmmədyarov AŞ-nin Azərbaycandakı ofisi ilə əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını vurğulamışdır.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə qonağa ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Sahə Qiymətləndirmə Missiyasının həyata keçirilməsindən sonra ATƏT yaranmış mövcud vəziyyəti ("status-kvo") qəbuledilməz hesab etmişdir. E.Məmmədyarov Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının ən mühüm məsələlərdən olduğunu demişdir.

K.Yerokostopulos isə diplomatik fəaliyyətini ölkəmizdə həyata keçirməkdən məmnunluğunu ifadə edərək Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsi üçün çalışacağını vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 5 aprel.- S. 4.