Azərbaycanın Avropa Şurası ilə hüquqi əməkdaşlığı yüksək səviyyədədir

 

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov aprelin 4-də Avropa Şurasının (AŞ) Bakı ofisinin yeni rəhbəri səfir Konstantin Yerokostopulosla görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan nazir, K.Yerokostopulosa yeni vəzifəsində uğurlar arzulamış, qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əminliyini bildirmişdir. F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatlarını, o cümlədən hakimliyə namizədlərin Avropada ən mütərəqqi şəffaf qaydalarla seçiminin artıq digər ölkələr üçün model kimi göstərildiyini vurğulamış, habelə penitensiar infrastrukturun müasirləşdirilməsindən danışmış, həyata keçirilən islahatlarda AŞ-nin yaxından iştirakını yüksək qiymətləndirmişdir.

Səfir Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ilinin tamam olduğunu, bu müddət ərzində ölkəmizin regionda ən önəmli tərəfdaş olduğunu bildirmişdir. O, AŞ-nin Azərbaycan ilə əlaqələrin daha da dərinləşdirməsində maraqlı olduğunu vurğulamışdır. Ədliyyə Nazirliyi ilə səmərəli işgüzar münasibətləri təqdir edən səfir qarşılıqlı fəaliyyətin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Görüşdə həmçinin, inzibati məhkəmələrin təsis edilməsi insan hüquqlarının müdafiəsi baxımından dəyərləndirilmiş, hakimlərin tədrisi Avropa Məhkəməsi presedentlərinin öyrənilməsi s. aktual məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.-5 aprel.- S. 4.