Akademik Arif Paşayevin əsərlərinin biblioqrafiyası nəşr olunmuşdur

 

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları tərəfindən AMEA-nın və bir neçə Beynəlxalq akademiyaların akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı Arif Paşayevin əsərlərinin biblioqrafiyası nəşr olunmuşdur.

MEK-dən AzərTAc-a bildirmişlər ki, biblioqrafiyada alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas məqamları işıqlandırılmışdır. Kitabın tərtibçi-müəllifləri MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, texnika elmləri üzrə fəlsəfə doktoru Ənvər Həzərxanovdur.

Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş biblioqrafiyada A.Paşayevin 1970-2009-cu illərdə Azərbaycan, rus, ingilis və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, müəlliflik şəhadətnamələri və ixtira patentləri öz əksini tapmışdır.

Yeni nəşrdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun "Alim ömrünün elmi təfəkkürə köklənmiş kodları" məqaləsi və akademik Arif Mehdiyevin tanınmış alimin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında qısa oçerki yer almışdır.

Biblioqrafik göstəriciyə alimin həyat və fəaliyyətinin əsas tarixləri, elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyalar da daxil edilmişdir.

 

 

Azərbaycan.- 2011.-5 aprel.- S. 4.