Almaniya Federativ
Respublikasının nümayəndə heyəti Dövlət
Miqrasiya Xidmətində olmuşdur
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) Almaniyanın Federal Kriminal Polis İdarəsinin rəhbəri Yorq Sirkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
DMX-dən AzərTAc-a bildirmişlər ki, xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir. Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, fəaliyyətində beynəlxalq əməkdaşlığa üstünlük verən Xidmətin sıx əlaqədə olduğu ölkələrdən birinin məhz Almaniya olduğunu bildirmişdir.
Yorq Sirke Azərbaycan ilə Almaniyanın müvafiq qurumları arasında miqrasiya sahəsində səmərəli əməkdaşlıqdan məmnunluq duyduğunu və bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini söyləmişdir.
DMX-nin rəisi 1990-cı illərin əvvəllərində keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyətdən danışmış, Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından didərgin düşdüyünü xatırlatmışdır.
Xidmət rəisi bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada sabitlik bərpa olunmuş, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində vaxtilə digər ölkələrə köçən azərbaycanlılar geri qayıtmağa başlamışlar. Güclü iqtisadi inkişafda olan Azərbaycan indi əcnəbilər üçün cəlbedici ölkəyə çevrilmişdir.
Görüşdə
ikitərəfli əməkdaşlığın perspektivləri
müzakirə olunmuş, miqrasiya sahəsində
qarşılıqlı maraq doğuran məsələlərə
aydınlıq gətirilmişdir.
Azərbaycan.- 2011.-5 aprel.- S. 4.