Qubadakı kütləvi məzarlıqda skelet sümüklərində dağılma və çürümə proseslərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir

 

Quba rayonunda 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi faktların və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamından, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli sərəncamından irəli gələn bəzi məsələlərin həlli ilə əlaqədar kütləvi məzarlıqdan aşkar edilmiş sümüklərin xarici mühit amillərinin təsirindən qorunması, onlarda gedən çürümə prosesinin və mövcud zorakılıq izlərinin itməsinin dayandırılması istiqamətində Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibbi kriminalistika şöbəsinin mütəxəssislərindən ibarət xüsusi işçi qrup yaradılmışdır.

Birliyin baş direktoru, professor Şakir Musayev AzərTAc-a bildirmişdir ki, işçi qrup bir neçə dəfə Quba şəhərinə səfər etmişdir. Vəziyyət yerində öyrənilmiş və görüləcək işlərin həcmi müəyyənləşdirilmişdir. Belə ki, Baş Prokurorluq tərəfindən ekspertiza qarşısında qoyulan məsələlərin həlli, qətl qurbanlarının quyulandığı yerdən dəfələrlə götürülmüş və kompleks qaydada çoxsaylı məhkəmə-tibbi tədqiqatlara məruz qalmış sümük qalıqlarını xarici mühit amillərinin təsirindən qorumaq, mövcud zorakılıq izlərinin itməsinin qarşısını almaq üçün onların üzərində dünya ekspert praktikasında hamı tərəfindən qəbul edilmiş tədbirlər həyata keçirilmişdir.

İlk növbədə, skelet sümüklərinin sayı (7432 ədəd) və onların çürümə prosesinin, dağılma mərhələsinin mövcud vəziyyəti öyrənilmiş, xarici mühit amillərinin (hava, rütubət, günəş, mikroorqanizmlər, həşəratlar və s.) təsirindən sümük qalıqlarının dağılmasının və onlardakı zorakılıq izlərinin itməsinin qarşısı alınmışdır. Sonra zəruri reaktivlər əldə edilmiş, skelet sümükləri bu reaktivlərin qarışığından hazırlanmış xüsusi məhlullarda aylarla saxlanılmışdır. Son mərhələdə bu sümüklərin və onların fraqmentlərinin üzərinə xüsusi fiksəedici məhlullar çəkilmişdir. Prosesin düzgün həyata keçirilməsi üçün onun bir neçə dəfə təkrarlanması vacibdir. Yaxın altı ay müddətinə bu proses tam başa çatdırılacaqdır.

Soyqırımı qurbanlarının cəsədlərinin qalıqlarında gedən çürümə və dağılma proseslərinin bu formada dayandırılması sözügedən sümüklərin və onların üzərində aşkar edilmiş işgəncə xarakterli zorakılıq əlamətlərinin xarici mühit amillərinin təsirindən qorunmasına, istənilən şəraitdə salamat saxlanılmasına tam zəmin yaradacaqdır.

Torpaqda qalmış skelet sümüklərində dağılma və çürümə proseslərinin hissolunmaz dərəcədə zəif getməsinə, onların tam dağılıb torpağa qarışması üçün azı bir neçə yüzillik tələb olunmasına baxmayaraq, hazırda quyularda torpaqda qalmış sümüklərdə bu prosesin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir.

Əminəm ki, skelet sümüklərinin üzərindəki zorakılıq izlərinin qorunub saxlanılması üçün torpaqda qalmış sümüklərin xarici amillərin təsirindən qorunması məqsədilə müvafiq bir şərait (quru hava axını, rütubətin azaldılması, uyğun PH mühiti, mikro-bioloji faunanın uyğunlaşdırılması və s.) yaradılacaqdır. Bu məsələnin həlli, çox güman ki, müvafiq sahə mütəxəssislərinin köməyi sayəsində öz həllini tapacaqdır.

 

 

Azərbaycan.- 2011.-5 aprel.- S. 4.