Azərbaycan xalqı daha sürətli inkişaf naminə Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olub

 

İqtisadçı alimlər xaos daşıyıcıları olan destruktiv müxalifəti deyil, inkişafın təminatçısı olan hakim siyasi kursu dəstəkləyirlər

 

Sosial-iqtisadi sferada uğurlu inkişafını yeni nailiyyətlər hesabına davamlı olaraq genişləndirən müasir Azərbaycan bu gün əldə etdiyi müvəffəqiyyətlərlə regionda və dünya miqyasında lider mövqeyə yüksəlmişdir. Artıq sözügedən istiqamətdə özünəməxsus uğurlu modelin əsasını qoyan Azərbaycan dünya iqtisadiyyatına fəal inteqrasiya edərək, eyni zamanda, regiondakı beynəlxalq əhəmiyyətli layihələrin hazırlanmasında və həyata keçirilməsində aparıcı dövlətlər sırasına daxil olmuşdur.

Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan vermişdir. Bununla yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi-rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır.

Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, müdafiə, iqtisadi, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə gedən yolda əldə edilən nailiyyətlər Azərbaycanın inkişaf modelinin böyük müvəffəqiyyətlər üzərində kökləndiyini, uğurlu yüksəlişə yol açdığını real faktlar əsasında nümayiş etdirir. Bütün bunlar həm də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən zamanın tələbləri ilə ayaqlaşan, yeni çalarlarla zənginləşdirilən, ölkəmizi dünya miqyasında liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının möhtəşəm təntənəsidir.

Lakin o da faktdır ki, Azərbaycanın uğurlu inkişafı, mövcud olduğu regionda lider statusunu getdikcə möhkəmləndirməsi beynəlxalq sferada ölkəmiz əleyhinə olan bir sıra qüvvələri ciddi şəkildə narahat etməkdə, onların yeni məkrli niyyətlərinin doğmasına rəvac verməkdədir. Daha çox antiazərbaycançı şəbəkə kimi dəyərləndirilən belə dairələrin indiyə qədər ölkəmiz əleyhinə yönəlmiş bədxah niyyət və planlarının reallaşması mümkün olmamış, əksinə, tərəqqisində yeni müvəffəqiyyətlər qazanmaqla Azərbaycan bu qara qüvvələrin fəaliyyətini daim iflasa uğratmışdır. İndi beynəlxalq hüquq məkanında öz layiqli yer və mövqeyi olan müstəqil Azərbaycanın bütün əsas sahələr üzrə inkişafı o həddədir ki, antiazərbaycançı şəbəkənin bundan sonra da ölkəmizə qarşı yönəlmiş planlarının həyata keçməsi mümkünsüzdür.

Sözügedən kontekstdə daha bir təəssüfdoğurucu hal ondan ibarətdir ki, antiazərbaycançı şəbəkənin müstəqil Azərbaycanın varlığının əleyhinə çevrilmiş fəaliyyətinə bəzi sapı özümüzdən olan baltalar da dəstək verir, onun əlində bir alətə çevrilir. Demokratik dəyərlərin möhkəm özüllər üzərində qurulduğu və inkişaf etdiyi, siyasi plüralizmin bərqərar olduğu müasir Azərbaycanda ölkə müxalifətinin radikal qanadının fəaliyyəti bu gün demək olar ki, antiazərbaycançı şəbəkənin mövqeyi ilə üst-üstə düşür. Çünki onların hər ikisinin məqsədi Azərbaycanda xaos və anarxiyanın formalaşmasına xidmət etmək, bu istiqamətdə addımlar atmaq, destruktivizmin genişlənməsinə nail olmaq və bu qəbildən olan digər zərərli gedişlər etməkdir.

Avratlantik məkana inteqrasiya kursu seçən və bununla bağlı artıq bir çox müvəffəqiyyətlərin müəllifi kimi çıxış edən Azərbaycanda demokratiyanın mövcudluğu, tərəqqisi fonunda hər bir şəxsin öz hüquqlarından istifadə etməsi, onları reallaşdırması tamamilə təbii xarakter daşıyır, bunun üçün ölkədə hər bir şərait də yaradılıb. Radikal müxalifət düşərgəsi və onun nümayəndələrinin də ölkədə sərbəst fəaliyyətinə heç bir maneə yoxdur. Lakin müxalifətin bu hissəsinin fəaliyyəti təhlil edilərkən onun daha çox aqressivliyə, dağıdıcılığa, qanunun aliliyi prinsipinin pozulmasına kökləndiyi dərhal özünü büruzə verir. Radikal düşərgə təmsilçilərinin keçirmək istədikləri kütləvi aksiyalara nəzər salmaqla da bunun konkret təzahürünü görmək mümkündür.

Azərbaycanda hər hansı ciddi sosial və siyasi zəmində narazılıqlar olmadığı üçün kütləvi etiraz aksiyalarının keçirilməsinə cəmiyyətdə heç bir sifariş mövcud deyil. Əksinə, sabitliyə əsaslanan dinamik inkişafın davam etməsi Azərbaycanın daha uğurlu intibahını istəyən hər bir ölkə vətəndaşının maraq dairəsindədir. Çünki yaşanan inkişafı cəmiyyət, onun üzvləri olan ayrı-ayrı fərdlər bilavasitə öz gündəlik həyatlarında hiss edirlər, yaşayış səviyyələrinin ötən illərlə müqayisədə daha da yaxşılaşdığını konkret misallar timsalında aydın görürlər. Qüdrətli bir dövlətə çevrilən Azərbaycanın beynəlxalq nüfuzunun da yüksələn xətt üzrə inkişaf etməsinə, özünü göstərən mənfi hallara qarşı dövlət və onun başçısı tərəfindən siyasi iradə meydana qoyulmasına, mövcud problemlərin həlli istiqamətində konkret addımlar atılmasına şahidlik edirlər. Xalqın xidmətində layiqincə duran Prezident İlham Əliyevin sadə insanların problemləri ilə yaxından maraqlanması, onlarla görüşüb arzu və istəklərini, üzləşdikləri çətinlikləri bilavasitə özlərindən eşitmələri, problemlərin müsbət həlli üçün yerindəcə müvafiq göstərişlər verməsi də bu gün vətəndaşlar tərəfindən tam təqdir edilir. Bütün bunlar xalq və onun lideri arasında mövcud birliyin daha da sıxlaşaraq monolitləşməsinə gətirib çıxarır, eyni zamanda, Azərbaycanın dinamik inikşafına yeni töhfələr verir.

Lakin radikal müxalifət cəmiyyət tərəfindən heç bir sosial sifariş olmadığı halda kütləvi etiraz aksiyaları keçirməyə cəhdlər edir və bu zaman qanunçuluğun tələblərini pozur, mitinqlər, nümayişlər üçün müvafiq olmayan, belə tədbirlərin keçirilməsinə icazə verilməyən ünvanlara zor gücünə daxil olmağa çalışır. Sirr deyil ki, radikal müxalifətin bu taktikasının arxasında duran əsas səbəblərdən biri sözügedən düşərgənin sosial bazasının yoxluğundan, özünü cəmiyyətdən təcrid halına salmasından irəli gəlir. Buna görə də onlar insanların istirahət məkanlarını və digər gur toplaşdıqları ünvanları keçirmək istədiyi qanunsuz aksiyalar üçün məkan seçməklə tərəfdarlarının sayının çoxluğuna dair vizual bir görüntü yaratmağa çalışırlar. Eyni zamanda, asayiş keşikçiləri ilə bilərəkdən qarşıdurmaya getməklə ölkədə süni bir gərginlik yaratmağa, bununla da xaos və anarxiyanın yaşanmasına cəhdlər göstərirlər. Əslində, bu, radikal müxalifətin düşüncə tərzinin 1990-cı illərin əvvəllərində ilişib qaldığını göstərir. Həmin vaxt insanların kortəbii inamı üzərində hakimiyyətə gələn radikallar hesab edirlər ki, Azərbaycan yenə asılı, anarxiya və özbaşınalığın hökm sürdüyü ölkəyə çevrilərsə, onların iqtidara gəlmək üçün yenə şansları yarana bilər. Bu da öz növbəsində radikal müxalifətin müstəqil Azərbaycanın varlığına, onun milli maraqlarına qarşı xəyanətkar bir mövqedə olduğunu aydın nümayiş etdirir.

Bir daha görünür ki, fəaliyyəti ifrat radikallığa əsaslanan bu müxalifət düşərgəsi ölkəmizin yüksək templərlə müşayiət olunan tərəqqisinə töhfələr vermək əvəzinə, onun üzərindən xətt çəkməyə çalışır, bununla da antiazərbaycançı şəbəkənin dəyirmanına su tökməklə məşğul olduğunu nümayiş etdirir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu məsələ ilə bağlı haqlı olaraq qeyd edir: "Biz müxalifətin (dağıdıcı, radikal müxalifəti nəzərdə tuturam) hansısa bir ümummilli proses, yaxud da adi bir məsələ barədə konstruktiv təklifini, əsaslandırılmış təşəbbüsünü, problemlərdən çıxış yolu barədə layihəsini görməmişik. Müxalifət Azərbaycanda gedən hüquqi dövlət quruculuğu prosesinə, demokratik islahatlara zərrə qədər də olsun töhfə verməyib, əksinə, daim bu dəyişikliklərə mane olmağa cəhd göstərib, özünü ölkə həyatının müsbət gedişindən tam təcrid edib. Müxalifət düşərgəsi bu gün yeknəsək deyil, müxtəlif qrupları, fərqli mənafeləri əks etdirir. Lakin bu qrupların əksəriyyəti, zorən özünü aparıcı qüvvə kimi sırıyan hissəsi köhnə təfəkkürün, meydan illərinin düşüncə və mübarizə tərzinin daşıyıcılarıdır. Onlar təşkilatlarının daxilində yeniləşmə ilə bağlı təşəbbüslərə necə müqavimət göstərirlərsə, ölkə həyatında baş verən müasirləşmə, modernləşmə prosesinə qarşı çıxmağa da cəhd edirlər".

Qərb və bir çox ölkələrin siyasi mədəniyyətinə nəzər saldıqda belə bir halın şahidi olmaq mümkündür ki, fəaliyyətində uğursuzluğa görə, seçkilərdə məğlub olan partiya rəhbərləri bütün bunlara görə məsuliyyəti öz üzərlərinə götürərək istefa verirlər. Lakin təəssüf ki, bu siyasi mədəniyyətə keçirilən bütün ümumxalq səsvermələrində böyük məğlubiyyətə düçar olan Azərbaycanın radikal müxalifət rəhbərlərində rast gəlinmir. Əksinə, onlar tutduqları postlardan daha möhkəm yapışaraq tərəqqiyə söykənən hər bir yeniliyə qarşı çıxır, eyni zamanda, fəaliyyətləri ilə Azərbaycanın inkişaf yolunda bir maneəyə çevrilirlər. Bununla, müxalifətin adıçəkilən hissəsi faktiki olaraq cəmiyyətdən təcridini daha da dərinləşdirir, xalqın, onun ayrı-ayrı təbəqələrinin haqlı qınağına tuş gəlir.

Bir zəruri məqamı da qeyd edim ki, martın 11-12-də, eləcə də aprelin 2-də qanunsuz mitinq keçirməyə cəhd göstərən radikal müxalifətin çağırışları yenə də xalq tərəfindən dəstəklənmədi. Azərbaycan vətəndaşları, o cümlədən gənclik xaos və anarxiya daşıyıcılarının yanında olmayacaqlarını növbəti dəfə nümayiş etdirdilər. Bir daha aydın oldu ki, Azərbaycan xalqının yeganə inam və etimad ünvanı olan Prezident İlham Əliyevin siyasəti cəmiyyətin bütün zümrələri tərəfindən birmənalı dəstəklənir və vətəndaşlarımız mövcud hakim siyasi kursa alternativ görmürlər.

Azərbaycan cəmiyyəti radikal müxalifətin üzərindən artıq xətt çəkdiyini və onların səsləndirdiyi avantüralara heç zaman uymadığını dəfələrlə göstərib. Xalq indi Azərbaycanı sürətlə inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev ideyaları, bu ideyaları yaşadan və həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx səfərbər olur. Çünki bu, Azərbaycanı daha işıqlı gələcəyə, dinamizmə əsaslanan inkişafa, yeni nailiyyətlərə aparan yeganə, alternativsiz bir yoldur. Bunu aydın görən Azərbaycan xalqı öz seçimini, bu günü və sabahını kimə inanıb etibar etdiyini son prezident seçkilərində aydın şəkildə meydana qoyub. Ancaq təəssüf ki, hələ də bu reallığı dərk edə bilməyən radikal müxalifət bununla həm cəmiyyətdən, həm də əsl azərbaycançılıqdan özünü təcrid etməkdədir.

Azərbaycanın hədəfi inkişafın daha sürətli mərhələsinə qədəm qoymaqdır. Başlıca məram, Prezident İlham Əliyevin də müəyyənləşdirdiyi kimi, ölkəmizin inkişaf etmiş dövlətlərin sırasına daxil olmasıdır. Bu ülvi və xoş niyyətlərə doğru gedilən yolda əsas istinadgahımız Heydər Əliyev siyasi kursu və Azərbaycanı inkişaf dinamikasına görə dünyanın birinci dövlətinə çevirən İlham Əliyev missiyasıdır. Bütün Azərbaycan xalqı kimi biz iqtisadçı alimlər də xaos daşıyıcıları olan dağıdıcı müxalifəti deyil, inkişafın təminatçısı olan hakim siyasi kursu - Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyirik. Bu yolun, bu seçimin alternativi yoxdur!

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin

"İqtisadi nəzəriyyə - 1" kafedrasının müdir əvəzi,

iqtisad elmləri doktoru, professor,

Azərbaycandan Kənarda Təhsil Almış

Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.- 2011.-5 aprel.- S. 5.