Başlıca şərt neftçinin sağlamlığı və əməyinin təhlükəsizliyidir

 

Bahar Enerji Əməliyyat Şirkəti fəaliyyətində məhz bunları əsas tutur

 

 Bu günlərdə yolumuz Qum adasına düşmüşdü. Burada fəaliyyət göstərən Bahar Energy Operatinq Limited şirkətində keçirilən təqdimat mərasimi indiyə qədər neft-qaz sənayesi müəssisələrində düzümlənən tədbirlərdən öz mövzu və məzmununa görə xeyli fərqlənirdi. Məlum oldu ki, şirkətdə işçilərin tibbi sığortası həyata keçirilib və sözügedən təqdimat mərasimi də bu məsələyə həsr edilib.

Bahar Energy Operatinq Limited - Azərbaycan dilində onu Bahar Enerji Əməliyyat Şirkəti adlandırırlar - 2009-cu il dekabrın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Energy Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış saziş əsasında fəaliyyət göstərir. Bu, "Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum-Dəniz" yatağının daxil olduğu blokun Kəşfiyyatı, Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi"dir. Saziş keçən il oktyabr ayının 1-dən qüvvəyə minib. HPBS-ə əsasən, blokun işlənməsində Bahar Energy Limited 80, ONŞ isə 20 faiz iştirak payına malikdir.

Hazırda müəssisədə 1320 nəfər çalışır. Əvvəllər burada fəaliyyət göstərən "Qum adası" Neft və Qazçıxarma İdarəsinin işçi heyəti əsasən saxlanılıb. İşçilərlə yeni əmək müqavilələri bağlanıb, elə birinci gündən də yeni şirkət onların sosial müdafiəsini ən vacib məsələ kimi ön cərgəyə çəkib. İlk növbədə, neftçilərin sağlamlığı və onların əməyinin təhlükəsizliyi mühüm bir şərt kimi nəzərə alınıb. Elə bu məqsədlə də ilk uğurlu addımlar atılıb.

Şirkət 15 ədəd "Daewoo" markalı yeni avtobus alıb. İndi həmin avtobuslar Bakının bir neçə nöqtəsindən Bahar Energynin əməkçilərini işə gətirir və növbə sona çatanda geriyə qaytarır.

Keçən ay şirkətin keçirdiyi Novruz şənlikləri də uzun müddət neftçilərin yaddaşından silinməyəcək. Milli adət-ənənəyə uyğun bayram tədbirləri keçirildi. Bundan əlavə, bayram münasibətilə hər bir işçiyə 100 manat verildi. Qurban Abbasov adına sarayda neftçilərin övladları üçün təşkil edilmiş Novruz şənlikləri uşaqların böyük sevincinə səbəb oldu. Bu tədbirlərə valideyn himayəsindən məhrum olmuş bir çox uşaqlar da qatıldı.

Uşaqlardan söz düşmüşkən onu da qeyd edək ki, şirkət neftçilərin balalarına daha bir töhfə edib. Bundan sonra neftçilər körpə övladlarının tərbiyə aldığı uşaq bağçasına ödədikləri vəsaitin böyük hissəsini şirkət verəcək.

Neftçilərin sosial müdafiəsinə yönəldilmiş addımlardan biri də məhz tibbi sığorta proqramıdır ki, onun təqdimolunma mərasimində iştirak etmək üçün Qum adasına - Bahar Enerji Əməliyyat Şirkətinin ofisinə biz də gəlmişdik.

Tədbirdə şirkətin vitse-prezidenti Elşad Həsənov çıxış edərək dedi:

- Əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədilə işçilərin hər birinin tibbi sığortası üçün "Xalq Sığorta" ilə müqavilə bağlamışıq. Müqavilə artıq imzalanıb. Proqram çap olunub, onun bütün işçilərə paylanması və izah edilməsi üçün tədbirlər görülüb. Biz sığorta paketinə, digər idarə və müəssisələrdən fərqli olaraq, hər bir işçi üçün dental xidmət də (stomatoloji xəstəliklərin müalicəsi) salmışıq. Proqram çərçivəsində hər bir işçi tibbi müayinə edilmək və cərrahiyyə əməliyyatı olunmaq imkanı əldə edib. Bundan əlavə, onların hər biri xəstələnəndə əlindəki karta əsasən müəyyən olunmuş apteklərdən ümumi qiyməti 200 manat olan dərmanlar ala bilər.

Sonra tədbirdə "Xalq Sığorta" tibbi sığorta idarəsinin baş eksperti Bəkir Pənahov çıxış etdi. O, tibbi sığorta proqramı haqqında ətraflı məlumat verərək bildirdi:

- Proqrama daxil olan bəndlərdən biri təcili yardım xidmətidir. Bu xidmətdən istifadə etmək üçün sutkanın 24 saatı ərzində "Xalq Sığorta"nın nömrələrinə zəng etmək lazımdır. "Təcili yardım" istənilən vaxt evə gəlir, dərhal yerindəcə xəstəyə yardım göstərir, dərmanlar verir, lazım gəldikdə ürəyin elektrokardioqramını çıxarır və s. Ehtiyac yaranarsa, xəstəni stasionara çatdırır. Proqramın şərtlərinə görə, Qum adasının özündə də ambulans dayanacaq və burada tibbi məntəqə fəaliyyət göstərəcək. Yaranmış vəziyyətdən çıxış edərək dərhal qərar qəbul olunur, zərurət varsa, xəstə şəhər klinikalarına aparılır.

Tədbirdə ambulator və stasionar müalicə, stomatoloji yardım və s. haqqında da ətraflı məlumat verildi, həmçinin "Xalq Sığorta"ya müraciət olunmasının qaydaları izah edildi. Sonda şirkətin əməkdaşlarının tibbi sığortaya aid çoxsaylı sualları cavablandırıldı və onlar öz iş yerlərinə çox məmnun əhval-ruhiyyə ilə qayıtdılar.

Qeyd edək ki, hazırda neftçilərin çalışdıqları dəniz yataqlarında qızğın iş gedir. Quyuların yeraltı və əsaslı təmiri üçün yeni qurğular alınıb və bu istiqamətdə iş davam edir. Xəzərin qoynunda, çətin hava şəraitində müasir mürəkkəb avadanlıqlarla işləyən neftçilərin sağlamlığı mühüm şərtdir. Məhz buna görə də şirkət öz işçilərinin sağlamlığına, təhlükəsizliyinə, əmək və məişət şəraitinin yaxşılaşmasına qayğını gündən-günə artırır. "Hər bir əməkdaşımız evindən iş yerinə sağ-salamat çatdırılmalı və evinə də beləcə sağ-salamat dönməlidir!" Bahar Enerji Əməliyyat Şirkətində bu, bir devizə çevrilib.

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2011.- 5 aprel.- S. 7.