Tanınmış azərbaycanlı modelyer Gürcüstanda keçirilən moda həftəsində iştirak etmişdir

 

Tbilisidə keçirilən Gürcüstan moda həftəsi çərçivəsində aprelin 3-də Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, çoxsaylı kolleksiyaların müəllifi, moda və dizayn mərkəzinin rəhbəri Fəxriyyə Xələfovanın kolleksiyaları nümayiş etdirilmişdir.

Fəxriyyə Xələfovanın təqdim etdiyi kolleksiyalar tamaşaçıların marağına səbəb olmuşdur. Burada nümayiş etdirilən modellər milli-mədəni dəyərlərə söykənərək tarixi keçmişimizlə müasir həyatımızın həmahəngliyindən xəbər verir. Fəxriyyə Xələfova moda həftəsində iştirakı ilə çoxsaylı pərəstişkarlarının siyahısına Gürcüstandan da pərəstişkarlar toplamış, üslub, parça, rəng və s. seçimi ilə tamaşaçıları heyran edə bilmişdir.

F.Xələfova AzərTAc-ın xüsusi müxbiri ilə söhbəti zamanı demişdir: "Aprelin 3-də Tbilisidəki Şota Rustaveli adına teatrda "Cerorgian Fashion Week" moda həftəsi çərçivəsində modellərim nümayiş etdirilmişdir. Moda həftəsində iştirak etmək təklifinə məmnuniyyətlə razılıq verdim. Gürcüstanda peşəkar moda həftəsi beynəlxalq statusa malikdir. Fikrimcə, belə bir tədbirdə iştirak etmək vacibdir. Moda həftəsində "Xəzər Qızılgülü" adlı kolleksiyamla iştirak etdim. Məqsədim bu gözəl gülün rəngarəngliyini, ətrini tamaşaçılara duydurmaq idi. Nümayiş zamanı tamaşaçıların alqışları niyyətimə çatmağımdan xəbər verir. Ş.Rustaveli teatrında nümayiş üçün gözəl şərait yaradılmış, təşkilatçılıq baxımından hər şey edilmişdir. Burada 25 geyim nümayiş etdirdim. Kolleksiyaların əksəriyyəti əl işlərindən ibarətdir. Avropa və ərəb ölkələrində olduğu kimi, burada da onlar razılıqla qarşılandı və bundan məmnunam. Seçdiyim rəngləri, parçaları tamaşaçılar bəyəndilər. "Nuray" ətrinin də təqdimatını keçirdik. Bu da çox yaxşı qarşılandı".

Gürcüstan moda həftəsinin təşkilatçısı "Femen qrup" şirkətinin baş direktoru Natalya Camadalaşvili Fəxriyyə Xələfova kimi adlı-sanlı mütəxəssisin moda həftəsində iştirakından məmnun olduğunu bildirmiş və onun Azərbaycan milli cizgiləri əks olunmuş kolleksiyalarının rəğbətlə qarşılandığını vurğulamışdır.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2011.- 5 aprel.- S.7.