Azərbaycandan gələn gənclər Daşkənddəki
Beynəlxalq Vestminister
Universitetinin tələbələri
ilə görüşmüş,
burada keçirilən
mədəniyyət festivalında
iştirak etmişlər
Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri Daşkənddəki Beynəlxalq Vestminister Universitetində (BVU) görüş keçirmişlər.
Tələbələr bu iki ali məktəb arasında əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi, informasiya mübadiləsi, qarşılıqlı səfərlərin təşkili və bir sıra digər məsələləri müzakirə etmişlər.
Tələbələrimiz Azərbaycan, İran, Fransa, Hindistan, Pakistan, Böyük Britaniya, Misirin Özbəkistandakı səfirliklərinin yaxından iştirakı ilə bu universitetdə keçirilən mədəniyyət festivalında da iştirak etmişlər.
Ölkəmiz üçün ayrılmış salonda Azərbaycanın gerbi, bayrağı, xəritəsi, ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti İslam Kərimovla birgə şəkilləri, Viktor Andriyanov və Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından özbək, Azərbaycan, rus, ingilis dillərində buraxılmış "Heydər Əliyev" kitabları, Heydər Əliyev Fondunun "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində nəşrləri, ulu öndər haqqında buraxılmış müxtəlif kitablar nümayiş etdirilir.
Burada Azərbaycan xalçaları, Avropa-Asiya nəqliyyat dəhlizi, neft və qazın nəqlini əks etdirən stendlər, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Supsa layihələri təqdim olunmuşdur. Qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval və nağara, "Qarabağ xanəndələri" musiqi kataloqu, Azərbaycan musiqisi yazılmış digər disklər tamaşaçılarda böyük maraq doğurmuşdur.
Azərbaycan salonuna gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunmuşdur.
Sonra adlarıçəkilən ölkələrin səfirliklərinin təşkilatçılığı ilə milli mətbəx festivalı olmuşdur. Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri festival iştirakçılarına dolma, plov, dovğa, qutab, həmçinin Novruz şirniyyatları təklif etmişlər.
Mədəniyyət və milli mətbəx festivalı axşam saatlarında başa çatmışdır.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd
Azərbaycan.- 2011.- 5 aprel.- S. 7.