Mahir bəstəkar, musiqi pedaqoqu

 

Sənət dünyası

 

Anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 50 illiyini qeyd etdiyimiz tanınmış bəstəkar, görkəmli musiqi pedaqoqu, professor Oqtay Rəcəbov zəhmətlə yoğrulan ömrü, zəngin həyat tərzi, parlaq istedadı ilə tanınır. "Dünyada elə insanlar var ki, onlar gördükləri işlərə, elmi axtarışlarına, yaradıcılıqlarına görə təkcə bir xalqa, bir ölkəyə, bir məmləkətə məxsus olmurlar. Bu insanlar öz yaradıcılıqları ilə anadan olduqları məmləkəti, ölkəni, dünya miqyasına çıxara bilirlər. Belə insanlardan biri də bəstəkar Oqtay Rəcəbovdur. O, təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın Kobalyevskisidir. Onu təkcə Qafqaz deyil, bütün Şərq aləmi üçün qorumaq lazımdır".

Böyük Azərbaycan bəstəkarı, ictimai xadim Tofiq Quliyevin vaxtilə dediyi bu sözlər səmimiliyi ilə yadda qalıb. Hiss edirsən ki, bu sözlər zəngin faktlar təhlil və ümumiləşdirmələr əsasında deyilib. Həyat və yaradıcılığını nəzərdən keçirərkən böyük ustadın, musiqi xadiminin uzaqgörənliklə dediyi həmin sözlərin məna dəyərini daha aydın hiss edirsən. Bəstəkar, alim, musiqi pedaqoqu kimi tanınan və hər istiqamətdə geniş yaradıcılıq fəaliyyəti ilə diqqəti cəlb edən O.Rəcəbov parlaq istedad sahiblərindəndir.

Müxtəlif nəsillərdən olan insanların musiqi-estetik tərbiyəsi naminə çoxşaxəli istiqamətlərdə yorulmadan çalışan Oqtay Rəcəbovun ömür yoluna işıq tutmaqla fikrimizi əsaslandıra bilərik.E

1941-ci il aprelin 5-də Bakıda, ziyalı ailəsində dünyaya gələrkən doğmaların, yaxınların sevincinə səbəb oldu. 1948-ci ildə Bakıdakı 31 nömrəli məktəbin I sinfinə daxil olanda elə bil dünyanı verdilər ona. Bütün fənlərə, o cümlədən musiqiyə, təsviri incəsənətə daha çox maraq göstərirdi. Eyni vaxtda 1 nömrəli uşaq musiqi məktəbində skripka ixtisası üzrə təhsil almağa başlaması da bu həvəs və istəkdən yaranmışdı. Ömrün ən şirin, yaddaqalan illəri bir-birini əvəz edirdi. 1958-ci ildə o, orta təhsilini və Dzerjinski adına Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən orta ixtisas musiqi məktəbini başa vurub. Orta məktəbdə fizika fənni üzrə qazandığı bilik, musiqi məktəbində təhsil aldığı illərdə musiqi üzrə nümayiş etdirdiyi bacarıq və qabiliyyətlər: hansına üstünlük versin, hansını seçsin? İş elə gətirdi ki, respublikamızda və onun hüdudlarından kənarda çox məşhur olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun o zaman çox dəbdə olan "Fizika və istehsalat əsasları" və fakültəsinə daxil olur. Həmişə oxuyub öyrənmək həvəsilə çalışan Oqtayın tələbəlik illəri də mənalı keçdi.

1963-cü ildə ali təhsilini uğurla başa vuran O.Rəcəbov 203, 258 nömrəli ümumtəhsil məktəblərində fizikadan dərs deyib. Bu ixtisas üzrə aspiranturaya daxil olub, lakin ömrünün gənclik çağlarında musiqi ilə daim məşğul olan Oqtay müəllimi bu sahə daha çox özünə çəkib. "Fizika dili" ilə desək, musiqinin cazibə qüvvəsindən, sehrindən çıxa bilməyib.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olması, görkəmli bəstəkar, xalq artisti, dövlət mükafatları laureatı, professor Cövdət Hacıyevin sinfində təhsil alması məhz bu niyyətin nəticəsi idi. Beləliklə, gənc Oqtay Rəcəbov fizika üzrə aspirantura təhsilini başa vurmadan ömrünün sonrakı illərini musiqiyə, bu sənətin inkişafına, təbliğinə həsr edib.

Musiqi sənətinin inkişafına, elmi-pedaqoji əsaslarda qurulmasına istiqamətlənən tədbirlərdə, elmi-praktik konfranslarda, pedaqoji mətbuat səhifələrində müntəzəm çıxış edirdi. İstedadlı, sayılıb-seçilən bəstəkar, musiqi pedaqoqu kimi tanındı, necə deyərlər, barmaqla göstərildi. Anadan olmasının 70 illiyi ilə əlaqədar Oqtay Rəcəbovun mənalı ömür yoluna nəzər salarkən bir daha aydın olur ki, onun yaradıcılığı iki mühüm istiqaməti əhatə edir.

Birinci istiqaməti onun bəstəkarlıq fəaliyyəti ilə bağlıdır. İnamla deməliyik ki, O.Rəcəbov orijinal yaradıcılıq üslubuna, geniş diapazona malik olan bəstəkardır. O, demək olar ki, musiqinin bütün janrlarında (balet janrı istisna olmaqla) qələmini sınamış, bir-birindən dəyərli əsərlər yaratmışdır. O.Rəcəbovun bəstəkarlıq fəaliyyətindən söhbət açarkən, istər-istəməz, onun müxtəlif nəsillərdən olan dinləyicilərin, tamaşaçıların rəğbətini qazanan mahnılarına xüsusi diqqət yetirmək lazım gəlir. "Anam Azərbaycanım" (sözləri Adil Babayevindir), "Nəğmələr" (sözləri Bəxtiyar Vahabzadənindir), "Necə unudum səni?" (sözləri Zivər Ağayevanındır), "Zəfəran" (sözləri Nüsrət Kəsəmənlinindir), "Daha nə istəyirsən?" (sözləri Famil Mehdinindir) və digər onlarca mahnılar bəstəkarın fitri istedadının parlaq nümayişinə çevrlib. Bu mahnılar görkəmli sənətkarların - Zeynəb Xanlarovanın, Şövkət Ələkbərovanın, Mirzə Babayevin, Flora Kərimovanın, İlhamə Quliyevanın, Yalçın Rzazadənin ifasında populyarlaşaraq dinləyicilərin, tamaşaçıların zövqünü oxşayıb.

Onun müxtəlif mövzularda qələmə aldığı 400-dən çox əsər (bunların 250-si uşaqlar üçündür) Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə mühüm rol oynamışdır.

O.Rəcəbov bir bəstəkar kimi yaradıcılığa başladığı vaxtlardan irihəcmli vokal və instrumental əsərləri qələmə almağa da xüsusi diqqət yetirmişdir. O, 3 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın, müxtəlif janrlı vokal- instrumental əsərlərin, 17 filmin musiqi müəllifidir.

Bəstəkarın ulu öndər Heydər Əliyevə, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə, habelə olmazın müsibətləri görmüş xocalılılara həsr edilən oratoriyaları müxtəlif nəsillərdən olan insanların vətənpərvərlik tərbiyəsi baxımından çox qüvvətli təsir imkanlarına malikdir.

O.Rəcəbovun yaradıcılığının ikinci mühüm istiqaməti pedaqoji fəaliyyətlə sıx bağlıdır. Etiraf edək ki, 1977-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda yeni yaranan estetik tərbiyə şöbəsində elmi işçi kimi fəaliyyətə başlayandan sonra onun bu sahədəki fəaliyyəti daha parlaq şəkildə nəzərə çarpdı. O, müxtəlif yaş qrupuna malik olan məktəblilərin musiqi-estetik tərbiyəsi işinin elmi-pedaqoji əsaslarda aparılmasına istiqamətlənən tədqiqatlara xüsusi diqqət yetirdi. Buna görə də ümumtəhsil məktəblərində musiqi təhsilinin yeni məzmunu müəyyənləşdi. Görkəmli rus bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı akademik D.B.Kobalyevskinin, habelə SSRİ PEA Bədii Tərbiyə İnstitutu musiqi laboratoriyasının rəhbəri, pedaqoji elmlər doktoru, professor Y.B.Əliyevin keçmiş SSRİ miqyasında geniş tətbiq olunan musiqi təhsili sistemindən yaradıcılıqla istifadə nəticəsində ümumtəhsil məktəblərimizin I-III və IV-VI sinifləri üçün "Musiqi" proqramı hazırlandı. Proqram 1982-ci ildə "Maarif" nəşriyyatı tərəfindən geniş tirajla nəşr edildi. Həmin ilin dekabr ayında Bakıda keçirilən ümumittifaq konfransı həmin tədqiqatların müsbət nəticələrinə baxış kimi səciyyələndi. Bu da maraqlıdır ki, hazırda ümumtəhsil məktəblərimizdə musiqi fənni üzrə istifadə edilən proqramın başlıca istiqamətləri də o dövrdə aparılan səmərəli tədqiqatlar nəticəsində mümkün olmuşdur.

Oqtay Rəcəbovun 1993-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyası bəstəkar pedaqoqun sistemli tədqiqatlarının uğurlu nəticəsi kimi qiymətləndirildi və çox keçmədi ki, professor elmi rütbəsinə layiq görüldü.

Professor O.Rəcəbovu digər həmkarlarından fərqləndirən mühüm bir cəhəti apardığı elmi-nəzəri araşdırmaların nəticələrinin praktikaya tətbiqi ilə bağlıdır. Onun təşəbbüsü ilə yaradılan və 1978-1992-ci illər ərzində Azərbaycan televiziyası ilə yayımlanan "Məktəblilərin musiqi klubu"nun hər məşğələsi yadda qalmış, estetik tərbiyə üzrə bir sıra nəzəri-təcrübi məsələlərin həllinə əhəmiyyətli təsir göstərmişdir.

Daim axtarışda olan bəstəkar-pedaqoq 1992-2001-ci illər ərzində Almaniyanın Bonn şəhərindəki K.Orf adına Uşaq İncəsənət Gimnaziyasından, habelə Vilnüsdəki Çürlöniş adına Uşaq İncəsənət Gimnaziyasından sonra üçüncü sayılan Respublika İncəsənət Gimnaziyasını yaratmışdır. 1992-2001-ci illərdə gimnaziyanın 45 şagirdi beynəlxalq müsabiqələrin laureatı, diplomantları adına layiq görülmüşdür.

O.Rəcəbov "Respublika İncəsənət Gimnaziyası"nda işlədiyi dövrdə ölkəmizdə ilk dəfə uşaqlar üçün opera studiyası və kinostudiya yaradılmışdır. Həmin studiyalarda uşaqlar, məktəblilər opera və operetta janrında olan əsərlərdə aktyor, rejissor, operator kimi çıxış edərək, qısa-metrajlı filmlər çəkmişlər. Onun bilavasitə rəhbərliyi və müəllifliyi ilə 1996-2010-cu illərdə ümumtəhsil və musiqi məktəbləri üçün nəşr olunan 16 adda "Musiqi", "Musiqi ədəbiyyatı" dərsliyi, "Fortepianoda çalmaq üçün müntəxəbat", "Elementar musiqi nəzəriyyəsi" tədris vəsaitləri 1,5 milyon tirajla çap olunmuşdur. O.Rəcəbovun fəal iştirakı ilə milli kurikulum əsasında son illərdə hazırlanan dərsliklər və tədris vəsaitləri də balalarımızın musiqi-estetik tərbiyəsi işinin ahəngdar şəkildə davam etdirilməsinə istiqamətlənmişdir.

O.Rəcəbov Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun baş elmi işçisi, habelə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru kimi elmi-pedaqoji kadr hazırlığı işinə gərgin əmək sərf edir.

Böyüməkdə olan nəslin musiqi-estetik tərbiyəsinin inkişafı naminə yorulmadan çalışan bəstəkar-pedaqoq "Qabaqcıl Maarif xadimi", "Maarif Əlaçısı" döş nişanlarına, 1987-ci ildə isə əməkdar müəllim adına layiq görülmüşdür. O, 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Daim yaradıcılıq axtarışında olan mahir bəstəkar, musiqi pedaqoqu O.Rəcəbov Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü kimi də səmərəli fəaliyyət göstərir.

 

 

Yəhya KƏRİMOV,

Professor

 

Vidadi XƏLİLOV,

Professor

 

Azərbaycan.- 2011.- 5 aprel.- S. 8.