Azərbaycan və Yunanıstan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış etmişlər

 

Yunanıstan Prezidenti Karolos Papulyasın bəyanatı

 

- Bakıya səfərimdən çox məmnunam. Mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə cənab Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm.

Prezident Əliyev ilə geniş fikir mübadiləsi apardıq. Bu fikir mübadiləsi ikitərəfli münasibətlərimizə, habelə regional və qlobal məsələlərə aid idi. Bizim ikitərəfli münasibətlərimiz çox gözəldir. Biz üç ikitərəfli sənəd imzaladıq. Bunlar nəqliyyat, elm və enerji sahələrində əməkdaşlığa aid sənədlərdir.

Biz enerji sahəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanmış Anlaşma memorandumunu yüksək dəyərləndiririk. Hesab edirik ki, ikitərəfli münasibətlərimiz, xüsusən də ticari və iqtisadi münasibətlərimiz daha da gücləndirilə bilər. Bu baxımdan sabah keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumu iqtisadi və ticari münasibətlərimizin daha da genişləndirilməsi üçün böyük imkanlar açır.

Prezident Əliyev ilə enerji sahəsində əməkdaşlıqda irəliləyiş məsələlərini də müzakirə etdik. Yunanıstan artıq Cənubi və Mərkəzi Avropa üçün enerji qovşağına çevrilmişdir. Bu baxımdan biz təbii qazı nəql edən boru kəmərinin inşasında da maraqlıyıq. Biz istəyirik ki, Azərbaycandan gələn bu boru kəməri Yunanıstandan keçərək İtaliyaya getsin.

Mən, eyni zamanda, Prezident İlham Əliyevə problemlər haqqında da məlumat verdim. Kipr məsələsinə toxunaraq qeyd etdik ki, biz bu məsələnin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri çərçivəsində həllinə ümid bəsləyirik. Hesab edirik ki, bu cür beynəlxalq məsələlər məhz bu müstəvidə həll olunmalıdır.

Eyni zamanda, biz Şimali Afrikada baş verən hadisələrə toxunduq. Dağlıq Qarabağ problemini də qeyd etmək istərdim. Biz istəyirik bu məsələ ATƏT-in Minsk qrupunun səyləri ilə dinc yolla öz həllini tapsın və bu, tezliklə baş versin. Yunanıstan Avropa İttifaqının Qafqaz üzrə təşəbbüsünə, xüsusən də "Şərq tərəfdaşlığı"na xüsusi diqqət yetirir. Bizim ölkəmiz Qara dəniz İqtisadi Əməkdaşlıq təşəbbüsünə də xüsusi diqqət yetirir. Bu baxımdan biz Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış memorandumu yüksək dəyərləndiririk. Mən Prezident Əliyevi əmin edirəm ki, o, Yunanıstanın real dəstəyinə arxalana bilər.

Yekunda mən çox səmimi müzakirələrə görə Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm və hesab edirəm ki, Yunanıstan ilə Azərbaycan arasındakı münasibətlər bundan sonra genişlənməkdə davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 aprel.- S. 2.