Ali qonağın şərəfinə
Aprelin 5-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
adından ölkəmizdə rəsmi səfərdə olan
Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın
şərəfinə rəsmi ziyafət verilmişdir.
Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə
çıxış edərək dedi:
- Hörmətli cənab
Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
İlk növbədə,
Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini
Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və
"Xoş gəlmisiniz!" deyirəm.
Sizin Azərbaycana bu ilk səfərinizi
ikitərəfli münasibətlərimizin inkişafı
baxımından yüksək qiymətləndirirəm. Əminəm
ki, keçirdiyimiz görüşlər,
imzaladığımız sənədlər,
apardığımız fikir mübadiləsi və müzakirələr,
eləcə də sabah keçiriləcək biznes forumu
ölkələrimiz arasında münasibətlərin daha da
genişlənməsinə təkan verəcəkdir.
Mən 2009-cu ildə
Yunanıstana səfərimi məmnuniyyətlə
xatırlayıram. Biz qədim tarixə və mədəniyyətə
malik olan Yunanıstan ilə əlaqələrimizin
inkişafına xüsusi əhəmiyyət veririk. Azərbaycan
və Yunanıstan arasında turizm, bərpa olunan enerji, kənd
təsərrüfatı və digər sahələrdə əməkdaşlığın
inkişafı üçün geniş perspektivlər
mövcuddur.
Ölkələrimiz
arasında, həmçinin fövqəladə hallar, ətraf
mühitin mühafizəsi, dəniz nəqliyyatı kimi sahələrdə
də əməkdaşlıq imkanları vardır. İnanıram
ki, bu səfəriniz müxtəlif sahələrdə əməkdaşlığımızın
daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
Növbəti il biz diplomatik
münasibətlərimizin qurulmasının iyirmi illiyini qeyd
edəcəyik. Ümidvaram ki, biz bu əlamətdar tarixə
Yunanıstan və Azərbaycan arasında əməkdaşlığın
müxtəlif sahələrində yeni nailiyyətlərlə
daxil olacağıq.
Bizim xarici siyasətimizdə
Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər
mühüm yer tutur. Elə bu ilin yanvar ayında Azərbaycan
ilə Avropa İttifaqı arasında imzalanmış Cənub
qaz dəhlizi haqqında birgə bəyannamə bunun bariz
nümunəsidir.
Azərbaycan və
Yunanıstan beynəlxalq təşkilatlar çərçivəsində
də sıx əməkdaşlıq edir. BMT, ATƏT, Avropa
Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı çərçivəsində əməkdaşlığımız
məmnunluq doğurur.
Zəngin təbii resurslara
malik olan Azərbaycan iqtisadi baxımdan bu gün regionun
aparıcı ölkəsidir. Neft ehtiyatları ilə
yanaşı, Azərbaycanın təsdiq olunmuş qaz
ehtiyatları 2,2 trilyon kubmetrdən artıqdır. Enerji sahəsində
əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin
prioritet istiqamətlərindən biridir.
Hazırda Azərbaycanın
enerji ehtiyatlarını müxtəlif istiqamətlərə
nəql edən 7 neft və qaz boru kəməri çəkilmişdir.
Ölkəmiz enerji resurslarının ixracının şaxələndirilməsinə
mühüm əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasına öz töhfəsini artırmağa
hazırdır.
Həyata keçirdiyimiz
irimiqyaslı neft-qaz layihələri bizim etibarlı tərəfdaş
olduğumuzu sübut edir. Təbii qazımız artıq
Yunanıstana nəql olunur. Ümid edirik ki, Azərbaycan
qazının Avropa bazarlarına nəql olunmasında
Yunanıstan tranzit ölkə kimi də öz rolunu
oynayacaqdır.
Ötən illər ərzində
Azərbaycanda çox uğurlu siyasi və iqtisadi islahatlar həyata
keçirilmişdir. Bunun nəticəsində son yeddi ildə
ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə,
maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə
artmış, yoxsulluğun səviyyəsi 4,5 dəfə
azalmış, ölkəmizə 82 milyard dollar həcmində
sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri
açılmışdır.
Azərbaycan, həmçinin
enerji daşıyıcılarını dünya bazarlarına
çıxarmaq məqsədilə müasir standartlara
uyğun infrastruktur yaratmışdır. Hazırda ölkəmiz
enerji resurslarının ixracının şaxələndirilməsində
mühüm rol oynayır və Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasına öz töhfəsini verir.
Bütün bunlar, yəni həyata
keçirdiyimiz konkret layihələr bir tərəfdən Azərbaycanın
dinamik inkişafını təmin edir, digər tərəfdən
isə bölgəyə sülh və təhlükəsizlik
gətirir, burada gedən bütün proseslərə müsbət
təsir göstərir.
Cənab Prezident! Sizi Azərbaycanda
qəbul etməyimdən məmnun olduğumu bir daha ifadə
edir, Sizə cansağlığı, ölkənizə və
xalqınıza daim inkişaf və uğurlar arzulayıram.
Bu badəni Sizin şərəfinizə,
Yunanıstanla Azərbaycan arasında səmimi dostluq və
faydalı əməkdaşlıq əlaqələrinin
inkişafı şərəfinə qaldırıram.
* * *
Sonra Yunanıstan
Prezidenti Karolos PAPULYAS
çıxış edərək dedi:
- Cənab Prezident!
Hörmətli xanım Əliyeva!
Ölkənizə rəsmi səfərə
gəlməyimdən olduqca məmnunam. Mənə və
nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz
səmimi qonaqpərvərliyə görə Sizə dərin
təşəkkürümü bildirmək istəyirəm. Yunan
xalqının ünvanına söylədiyiniz xoş sözlər
və dostluq mesajı ölkələrimiz və
xalqlarımız arasında münasibətlərin əla səviyyədə
olmasını əks etdirir.
Hələ qədim zamanlardan xalqlarımız arasında təmaslar və mədəni təsir olmuşdur. Herodot tarixi Midiya haqqında yazaraq bildirmişdir ki, ənənəyə uyğun olaraq, Böyük İsgəndər Midiyanın şahzadəsi Atropata səmimi dostluq məktubu göndərmişdir və sonuncu ona eyni səmimiliklə məktubla cavab vermişdir.
Bir neçə əsr sonra böyük Azərbaycan şairi Nizami Gəncəvi özünün dördüncü epik əsəri - "İsgəndərnamə"ni Böyük İsgəndərə ithaf edərək onu dərin strateji biliklərə malik lider kimi təsvir etmişdir.
Xalqlarımız arasında təmaslar Bizans dövründə də davam etmişdir və ötən əsrlər boyu yunan icması Qara dəniz bölgəsində fəal olmuşdur. Bu gün onlar ölkələrimiz arasında tarixi tellər qismində çıxış edir.
Yunanıstan Prezidenti ikitərəfli münasibətlərimizin dinamik xarakterindən, o cümlədən hər iki tərəf arasında artan təmaslardan məmnun olduğunu bildirdi. Hökumətlərarası birgə komissiyanın bu yaxınlarda Bakıda keçirilmiş üçüncü toplantısını bunun bariz nümunəsi adlandırdı.
Çoxsaylı təmaslar münasibətlərimizin inkişafını nümayiş etdirir, - deyən Yunanıstan Prezidenti bildirdi ki, Bakıda keçiriləcək dördüncü Yunanıstan-Azərbaycan biznes forumu ikitərəfli iqtisadi və ticari münasibətləri təşviq edəcəkdir.
Prezident Karolos Papulyas dedi:
- Enerji sahəsinə gəldikdə, burada əməkdaşlığın bütün məsələlərini, xüsusən də Azərbaycandan Türkiyə və Yunanıstan vasitəsilə İtaliyaya qaz boru kəmərinin çəkilməsini əhatə edən müzakirələrdə aydın görünən irəliləyişi qeyd etmək istəyirəm.
Yunanıstanın Dövlət Qaz Şirkəti (DEPA) və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında bu gün imzalanmış Anlaşma Memorandumu bu istiqamətdə atılan addımdır. Biz ümid edirik ki, memorandum enerji əməkdaşlığımıza yeni təkan verəcəkdir.
Dəniz nəqliyyatı sazişi ölkələrimiz arasında malların dəniz yolu ilə daşınmasını artıracaqdır. Daşımalar üzrə dünya nəhəngi olan Yunanıstan Azərbaycanın dəniz nəqliyyatının daha da inkişafına yardım edə bilər.
Humanitar sahədə əlaqələrə toxunan Yunanıstan Prezidenti Bakı Slavyan Universitetində Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin, eləcə də Afinada teatr təhsili seminarının gələcəkdə mədəni əlaqələrimizi daha da inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirdi.
Karolos Papulyas Avropa İttifaqı ilə Azərbaycan arasında qurulan əməkdaşlığa toxunaraq dedi:
- Avropa İttifaqının üzvü olan Yunanıstan hesab edir ki, Avropa İttifaqının Qafqaz üzrə Şərq tərəfdaşlığı və Qara dəniz əməkdaşlığı kimi təşəbbüsləri və xüsusi elçinin oynadığı rol olduqca vacibdir. Biz Assosiasiya sazişi məqsədi ilə ölkəniz və Avropa İttifaqı arasında bu yaxınlarda danışıqların başlanmasını alqışlayırıq. Sizin Avropa İttifaqı ilə münasibətlərinizin inkişafına gəldikdə, ölkəmizin qəti dəstəyinə əmin ola bilərsiniz.
Azərbaycan Prezidenti ilə aparılan danışıqlar zamanı regional və beynəlxalq məsələlərin də müzakirə olunduğunu deyən Yunanıstanın dövlət başçısı, sonda bir daha göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 6 aprel.- S. 3.