Azərbaycanın Baş naziri ilə
görüş
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas aprelin 5-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.
Yunanıstan Prezidenti Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söylədi. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün səmərəli keçdiyini, bir sıra mühüm sənədlərin imzalandığını deyən Prezident Karolos Papulyas iki dövlət arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğunu bildirdi və qarşıda görüləcək işlərin hələ çox olduğunu vurğuladı.
Ali qonağı ölkəmizdə görməkdən məmnunluğunu söyləyən Baş nazir Artur Rasizadə dedi ki, Azərbaycan Yunanıstanı dost ölkə hesab edir. Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Baş nazir Yunanıstan Prezidentinin bu səfərinin ikitərəfli münasibətlərə yeni töhfə verəcəyini bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 6 aprel.- S. 3.