İçərişəhərlə
tanışlıq
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas aprelin 5-də İçərişəhərlə tanış olmuşdur.
Karolos Papulyas gəzintiyə milli mədəni irsimizin incisi sayılan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıqdan başlamışdır. Ali qonağa saray kompleksi barədə məlumat verildi.
Elektromobillərdə Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Yunanıstan Prezidenti təndir çörəyinə qonaq edildi. Sonra Buxara karvansarasına gələn ali qonağa orta əsrlərdə Azərbaycanın Hindistan və Orta Asiya ilə ticarət əlaqələri barədə məlumat verildi.
Yunanıstan Prezidenti "Bazar meydanı"ndakı əzəmətli Qız qalasını seyr etdi.
İçərişəhərin Asəf Zeynallı küçəsində aparılmış abadlaşdırma və bərpa işləri ilə tanışlıq zamanı ali qonağa burada yerləşən tarixi abidələr barədə də məlumat verildi.
Gəzintinin sonunda Prezident Karolos Papulyas İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan yadigar olaraq Yunanıstanın dövlət başçısına xatirə hədiyyələri təqdim olundu.
AzərTAc
Azərbaycan.- 2011.- 6 aprel.- S. 3.