Milli Məclisdə "Uşaqlara qarşı zorakılıqla mübarizə" mövzusunda "dəyirmi masa" keçirilmişdir

 

Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının kampaniyası çərçivəsində "Uşaqlara qarşı zorakılıqla mübarizə" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onlara qarşı yönəldilən zorakılıq hallarının qarşısının alınması ilə bağlı kifayət qədər mükəmməl hüquqi bazanın yaradıldığını və qanunların icrası üçün ciddi mexanizmlər hazırlandığını bildirmişdir. O demişdir ki, uşaq hüquqları sahəsində beynəlxalq qurumların həyata keçirdiyi kampaniyalarda ölkəmiz fəal iştirak edir. Uşaq hüquqlarının müdafiəsi, mövcud problemlərin həlli təkcə dövlətin deyil, qeyri-hökumət təşkilatlarının da diqqət mərkəzindədir.

Avropa Şurasının başladığı kampaniyanın Azərbaycan üzrə əlaqələndiricisi, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bu sahədə görüləcək işlər və hazırlanmış layihələr barədə məlumat vermişdir.

Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Konstantin Yerokostopulos isə demişdir ki, bu gün dünyada hər beş uşaqdan biri cinsi istismarın qurbanı olur. Avropa Şurası problemin həlli üçün lazımi addımlar atır. Təşkilata üzv ölkələrin də bu sahədə qəbul olunmuş konvensiyaları ratifikasiya etməsi, həyata keçirməsi mühüm amillərdəndir. Onun sözlərinə görə, uşaqlara qarşı zorakılığa yalnız siyasi və sosial qüvvələrin birgə mübarizəsi nəticəsində son qoymaq olar.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə çıxışında diqqəti daha çox BMT Təhlükəsizlik Şurasının uşaq hüquqlarının müdafiəsinə dair məlum qətnaməsinə yönəltmişdir. Komitə sədri bildirmişdir ki, hər il qurumun baş katibi bu sənədin tələblərindən irəli gələn illik hesabatla çıxış edir. Növbəti hesabatda cəbhə xəttində erməni snayperindən açılan atəşin qurbanı olan 9 yaşlı Fariz Bədəlova qarşı törədilən zorakı cinayət faktının da sənəddə yer alması üçün müvafiq addımlar atılacaqdır. R.Aslanova qeyd etmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 1 milyon 500 min uşaq zorakılığa məruz qalır. Qanun və qərarların qəbul olunması heç də məsələnin tam həlli demək deyildir. Bu məsələyə bütün təbəqələrin ciddi münasibəti olmalıdır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, deputat Gülər Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları çıxış edərək problemin aktuallığından və həlli istiqamətində görülməsi vacib işlərdən danışmışlar. Beynəlxalq qurumların ölkələrə bu sahədə yardımlar göstərməsi, valideyn məsuliyyətinin artırılması, ailə psixoloqu institutunun yaradılması, alternativ qayğı sisteminin genişləndirilməsi vacibliyini vurğulamışlar.

Problemin həlli, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlərin nəticəsi kimi Azərbaycanda yeniyetmələr arasında cinayətkarlıq faktlarının MDB ölkələri ilə müqayisədə xeyli az olması müsbət hal kimi qeyd edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 aprel.- S. 5.