Milli inkişaf modeli müasir Azərbaycanın gerçəkliyidir

 

Çox az sayda ölkə göstərmək olar ki, bir iqtisadi sistemdən digərinə keçid zamanı düşünülmüş, ardıcıl və məqsədyönlü iqtisadi siyasət aparmağa nail olur. Təcrübə də göstərir ki, xüsusən keçmiş postsovet məkanında müstəqilliyə nail olmuş dövlətlərdən heç də hamısı sərbəst iqtisadi siyasət həyata keçirmək iqtidarında deyil. Bu gün həmin respublikalardan bəzilərinin iqtisadiyyatı dünya üzrə orta göstəricilərdən çox geridir. Ermənistan kimi ölkələrin iqtisadiyyatı isə asılı vəziyyətdədir. Təbii ki, belə olan halda onlara iqtisadi sahədə keçid dövrünü başa vurmaq nəsib olmayacaq.

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ili tamam olur. Çox fərəhli haldır ki, biz bu böyük əlamətdar hadisəni xoş ovqatla qeyd edirik. Ən azından ona görə ki, arxada qalan 20 ildə əldə olunan nəticələr yalnız və yalnız Azərbaycanın inkişafından və uğurlarından xəbər verir. Əlbəttə, hər bir ölkənin qazandığı nailiyyətlərdə iqtisadiyyatın nə dərəcədə güclü olması mühüm şərtdir. İqtisadiyyat nə qədər dinamik inkişaf edərsə, maliyyə imkanları çox olarsa, həm sosial, həm humanitar sahədə, həm də ordu quruculuğu və digər istiqamətlərdə bir o qədər çevik inkişaf siyasəti həyata keçirirlər. İlk illərdə üzləşdiyi problemlərə, çətinliklərə, Ermənistanın hərbi təcavüzünün vurduğu ağır yaralara baxmayaraq, Azərbaycan Respublikası ötən 20 ildə uğurlu iqtisadi inkişaf yolu keçib və bu yolla inamla irəliləyərək böyük iqtisadi nailiyyətlərə imza atıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında ifadə olunan bu fikir də əldə olunan nəticələrə ümumiləşdirilmiş şəkildə nəzər salmaq baxımından diqqəti cəlb edir: "Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Tarixi İpək yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir".

Bu gün Azərbaycan iqtisadiyyatında əldə olunan nəticələrin dünya miqyasında "inkişafın Azərbaycan modeli" kimi dəyərləndirilməsi təsadüfi deyildir. Qlobal böhranın mənfi təsirlərindən səmərəli şəkildə sığortalanaraq sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionda ən nüfuzlu dövlətlərdən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində hazırlanmış milli iqtisadi inkişaf modelinə söykənir. Beynəlxalq qurum və təşkilatlar tərəfindən ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı davamlı, sabit və sürətli inkişaf yoluna çıxararaq yeni iqtisadi fenomenə çevirir.

Əvvəldə qeyd etdiyim kimi, istənilən ölkənin uğurlarının kökündə ilk növbədə məhz iqtisadi inkişafın təmin edilməsi dayanır. Dünyada 200-dən çox ölkə olsa da, onların çox az qisminin özünəməxsus milli inkişaf modeli formalaşıb. İnkişaf modelləri elə ölkələrə xasdır ki, orada bu, öz dinamikliyi, analoqunun olmaması, nəzəri-metodoloji cəhətdən və aparılan siyasətin tamamilə fərqliliyi və orijinallığı ilə xarakterizə olunur. Buna görə də təsadüfi deyil ki, bu gün inkişafın ABŞ, Yaponiya, Almaniya, Koreya, İsveç və Çin modelləri barədə tez-tez eşidirik. Bu modellərin hər birinin öz xüsusiyyəti var. Eləsi var, ilk növbədə dövlətin inkişafını nəzərdə tutur, eləsi də var ki, əsasən vətəndaşın rifahının yüksəldilməsinə hesablanıb. Məsələn, ABŞ iqtisadi modeli daha çox "fərdin qabiliyyəti" amilinə əsaslanır. Yapon iqtisadi modeli isə "fərd və texnologiya" amili üzərində köklənib. Avropa ölkələrinin iqtisadi modelində isə fərddən çox texnika öndə dayanır.

Azərbaycanın ötən 20 ildə keçdiyi yol, aparılan islahatlar, qazanılan nəticələr respublikamızın milli inkişaf modelinin formalaşdığını əminliklə söyləməyə ciddi əsaslar yaradır. İnkişafın Azərbaycan modeli dövlətin inkişafını və buna paralel olaraq insanın inkişafını özündə ehtiva edir. Təsadüfi deyil ki, BMT-nin insan inkişafına dair son hesabatında 2005-ci illə müqayisədə 34 pillə irəliləyən respublikamız 101-ci yerdən 67-ci yerə qədər yüksəlmişdir. İnsan inkişafı indeksinin orta illik tempinə görə ölkəmiz keçmiş sovet məkanında son on il ərzində aparıcı dövlət olmuşdur. Respublikamız "orta insan inkişafı" qrupu ölkələrini tərk etmiş və "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.

İnkişafın Azərbaycan modelinin xüsusiyyətlərinə keçməzdən əvvəl, zənnimcə, bu modelin meydana çıxma səbəblərinə, tarixi aspektlərinə nəzər salmağa ehtiyac var. Məlum olduğu kimi, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması obyektiv zərurətə çevrildi. Lakin müstəqilliyin ilk illərində bu vəzifələri həyata keçirmək praktik baxımdan mümkün olmadı. Belə ki, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistanın hərbi təcavüzü, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin iqtisadi həyatında xaosa gətirib çıxardı.

Həmin dövrün iqtisadi mənzərəsi makroiqtisadi göstəricilərində daha aydın görünür. 1991-1993-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının, demək olar ki, üçdə ikisini itirmişdi. 1991-ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə artaraq 1993-cü ildə 1764 faizə çatmış, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 13 faizə qədər artmış, xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdı. Həmin illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Bu mənada Azərbaycanın dinamik templərlə iqtisadi tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq həyata keçirilməsi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Zaman bu strategiyanın nə dərəcədə böyük uzaqgörənliklə düşünüldüyünü, Azərbaycanın hərtərəfli tərəqqisini təmin etdiyini konkret nəticələr əsasında təsdiqləməklə yanaşı, bizə inkişafın Azərbaycan modelindən söz açmağa imkan verdi. 1994-1995-ci illərdən başlanan radikal islahatlar sayəsində iqtisadiyyatda əldə olunan yüksək artımın dalbadal təkrarlanması həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda Azərbaycan modeli haqqında iddiaların meydana çıxması ilə nəticələndi. Xüsusən 2003-cü ildən sonra hər il iqtisadi inkişafın dinamik artımı yüksəlişin yeni bir möcüzəsinin - Azərbaycan modelinin qəti şəkildə qərarlaşdığını sübuta yetirdi. Bu modelin özünəməxsus xüsusiyyətlərini aydınlaşdırmaq üçün onun bazasını təşkil edən amillərə nəzər salaq. Bu gün həm siyasətçilərin, həm də iqtisadçıların Azərbaycanın inkişaf modelinin bazasını təşkil edən amillərlə bağlı qənaətləri birdir. Bu qənaətlərdən biri odur ki, inkişafın Azərbaycan modelinin əsasını və uğurla həyata keçirilməsini şərtləndirən əsas cəhət ölkədəki sabitlikdir. Ulu öndərin göstərdiyi kimi, "sabitlik, dinclik olmayan yerdə hər hansı inkişafdan, o cümlədən də iqtisadiyyatın inkişafından söhbət gedə bilməz". Heydər Əliyev tərəfindən təmin olunmuş və Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən ictimai-siyasi sabitlik, milli həmrəylik müasir inkişafın platforması rolunda çıxış edir. Bu mənada ölkədəki ictimai-siyasi sabitlik Azərbaycanın iqtisadi inkişaf modelinin tərkib hissəsinə daxildir.

İnkişafın Azərbaycan modelinin həyata keçirilməsini şərtləndirən digər amil ölkəmizin Heydər Əliyevin adı ilə bağlı olan yeni neft strategiyasıdır. Bu komponent bir tərəfdən Azərbaycanın iqtisadi inkişafının təməli rolunda, digər tərəfdən sosial və geopolitik faktor rolunda çıxış edir. Beləliklə, Azərbaycanda formalaşmış inkişaf modelinin reallaşmasının təmin edilməsinə töhfəsini verir. Uğurlu neft strategiyasının aparılması nəticəsində istər aqrar, istərsə də iqtisadiyyatın digər sferalarında gerçəkləşdirilən islahatlar Azərbaycanın sürətli iqtisadi inkişafını təmin etmişdir. Amma XX əsrdə dünyanın bir sıra ölkələrinin keçdiyi yol göstərir ki, neft heç də hər bir xalqa xoşbəxtlik gətirməyib. Məsələn, Nigeriya dünyanın əsas neft ölkələrindən biridir. Amma əhalisinin 90 faizdən çox hissəsi yoxsulluq şəraitində yaşayır, adambaşına düşən gəlir 2 dollardır. Həmçinin Liviya neft-qazla zəngin ölkədir. Amma son bir ayda bu ölkədə baş verənlər göstərir ki, neft və qaz heç də dövlətin və xalqın mənafeyinə xidmət etmir. Azərbaycanda isə vəziyyət tamamilə başqa cürdür. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası xalqımızın rifahının yaxşılaşmasına, qeyri-neft sektorunun inkişafına, ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə və nəticə etibarilə inkişafın Azərbaycan modelinin formalaşmasına xidmət edir.

İnkişafın Azərbaycan modeli nədir? İnkişafın Azərbaycan modeli ölkənin kompleks və hərtərəfli inkişafı deməkdir. Yəni, biz, sadəcə, iqtisadiyyatı inkişaf etdirmirik, yaxud neft gəlirləri qarşısında özümüzü itirmirik. Biz neft gəlirlərinin verdiyi imkanlardan yararlanaraq iqtisadiyyatı inkişaf etdiririk. İqtisadi inkişafa paralel olaraq insanların sosial rifahını yaxşılaşdırırıq, təhsilimizi inkişaf etdirməklə neft kapitalını "insan kapitalına" çeviririk, beləliklə, bu model insan inkişafına xidmət edir. Həmçinin iqtisadiyyatı inkişaf etdirməklə infrastrukturu müasirləşdiririk, səhiyyəni inkişaf etdirməklə tibbi xidmətin səviyyəsini yüksəldirik, yeni idman qurğuları inşa etməklə insanların sağlam həyat tərzini təmin edirik. Respublikamız iqtisadi inteqrasiya sayəsində də özünün iqtisadi inkişafının təməl prinsiplərindən birini təmin edir, dünya iqtisadiyyatının vacib hissəsi kimi ona birləşir. Azərbaycan hazırda təkcə Cənubi Qafqaz bölgəsində deyil, bütövlükdə dünyada mühüm tranzit mərkəzinə çevrilməkdədir. Bu amil də Azərbaycanın inkişaf modelinin çox vacib tərkib hissələrindən sayılır. Bu mənada inkişafın Azərbaycan modeli dörd mühüm komponent üzərində formalaşıb: sabitlik, resurs, insan və inteqrasiya amilləri! Bu dörd amilin uğurlu kombinasiyası Azərbaycanın milli iqtisadi inkişaf modelini daha dayanıqlı və möhkəm edir. Bu inkişaf modelini təmin edən, onu quran Azərbaycan dövlətidir. Bu dövlətin iqtisadiyyata, siyasətə, sosial münasibətlərə təsiri obyektiv olaraq dünya təcrübəsi - hər bir xalqın tarixi-etnik xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

İnkişafın Azərbaycan modelinin mühüm xüsusiyyətləri arasında regional inkişafın sürətləndirilməsi xətti ayrıca əhəmiyyət kəsb etməkdədir. Bu mənada 2004-cü ildən respublikamızda həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları da bu modelin bariz təcəssümüdür. Bunun sayəsində regionlarda iqtisadiyyatın strukturundakı qeyri-tarazlılıq tədricən aradan qaldırılır, bölgələrin iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artır, ölkə iqtisadiyyatının ümumi inkişafında regionların xüsusi çəkisi nəzərəçarpan dərəcədə yüksəlir, yüz minlərlə yeni iş yerləri açılır. O cümlədən, regionların infrastrukturu təkmilləşdirilir ki, bu da öz növbəsində artan iqtisadi amil effekti yaradır, bütün şəhər və rayonların sosial siması dəyişir və beləliklə də ümumi iqtisadi fəallığa əhəmiyyətli təsir göstərmək gücünə malik olan digər amil - əhalinin sağlam, yüksək ovqatı formalaşır. Bu mənada Azərbaycanın davamlı iqtisadi yüksəlişində regionların daim artan rolu hamı tərəfindən etiraf olunur və yeni inkişaf modelinin vacib tərkib hissəsi kimi qiymətləndirilir.

XXI əsrin ilk qlobal iqtisadi böhranı yenicə formalaşmış milli inkişaf modeli üçün sınaq testi rolunu oynadı. Qlobal böhran onilliklər ərzində sabit iqtisadi duruma malik olan, inkişaf etmiş ölkələri də silkələdi, İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya kimi ölkələrin iqtisadiyyatı de-folt səviyyəsinə yaxınlaşdı. Azərbaycanın möhkəmlənməkdə olan iqtisadiyyatı isə 2008-2010-cu illəri əhatə edən maliyyə-iqtisadi böhranının mənfi təsirlərinə də uğurla müqavimət göstərdi. 1929-1933-cü illərin iqtisadi böhranından heç də az dəhşətli olmayan bu böhran dalğası respublika iqtisadiyyatının dayanıqlılığını bir daha nümayiş etdirdi. Əgər dünya ölkələri 3 faiz, MDB ölkələri 9 faiz gerilədisə, Azərbaycan 2009-cu ildə ümumi daxili məhsulun 9,3 faizlik, 2010-cu ildə isə 5 faizlik artımına nail oldu. Bir daha təsdiqləndi ki, Azərbaycanın milli iqtisadi inkişaf modeli ən dəhşətli böhrana da layiqli müqavimət göstərmək imkanındadır! Məhz buna görə Azərbaycanın hazırkı iqtisadi inkişaf yolu dünya miqyasında maraqla qarşılanır, orijinal milli iqtisadi inkişaf modeli kimi qəbul edilir.

Artıq ölkəmiz iqtisadi sahədə keçid dövrünü başa vurub. Respublikamızın bundan sonrakı inkişaf yolu sosialyönümlü bazar iqtisadiyyatıdır. Yəni ölkəmizin əldə edəcəyi iqtisadi nailiyyətlər bilavasitə insan amilinin tərəqqisinə, insan kapitalından səmərəli istifadə edilməsi məqsədinə yönəldiləcək. Təbii ki, bu istiqamətdə iş adamlarının da üzərinə böyük vəzifələr düşür. Qeyd edilməlidir ki, ölkəmizin sosial-iqtisadi sisteminin yenidən qurulmasının mühüm amillərindən biri sahibkarlığın inkişafıdır. Sahibkarlıq fəaliyyəti üçün daha da əlverişli mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması da məhz ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən, o cümlədən inkişafın Azərbaycan modelinin xüsusiyyətlərindən irəli gəlir. Qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, yeni iş yerlərinin açılması, sosial xarakterli bir çox problemlərin həlli məhz sahibkarlığın inkişafından keçir və bu baxımdan Azərbaycan Prezidentinin iş adamlarının fəaliyyətinə verdiyi yüksək qiymət olduqca sevindiricidir. Cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk mərhələsindən atdığı addımlar onun iqtisadiyyatın inkişaf perspektivlərində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malik olduğunu göstərmişdir. Qısa müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir.

 

Respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurub. İnkişafın Azərbaycan modelinə əsaslanan sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq respublikanın davamlı inkişafını təmin etmək üçün prioritetlər artıq bəllidir. Bunun üçün makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək. Təbii ki, inkişafın məhz bu model üzərində qərar tutması bütövlükdə respublikamızda insan kapitalının inkişafı, yoxsulluğun tammamilə aradan qaldırılması, sosial infrastrukturun daim yeniləşməsi, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi ilə müşayiət olunacaq.

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.-6 aprel.- S. 5.