Şamaxıda erməni vəhşilikləri
(1905-1906-cı illər)
XIX əsrin birinci yarısından ermənilər Azərbaycanın dilbər guşələrindən olan Şamaxıya da köçürülməyə başlamış, onlar əsasən Mədrəsə, Kələxana, Meysəri, Zarxı kimi tarixi abidələri olan kəndlərdə məskunlaşmış, özlərinə evlər tikmiş, iş yerləri açmışlar. Çar Rusiyasının havadarlığı ilə onlar başqa ərazilərdə olduğu kimi, burada da tez bir zamanda müxtəlif vəzifələrə yiyələnə bilmişlər. Artıq XİX əsrin 70-90-cı illərində erməni millətçiləri azərbaycanlıların əleyhinə güclü təbliğat aparmağa başlamışlar. Hətta məqsədlərinə çatmaq üçün "dost" cildinə belə, girmiş, özlərini müsəlmanların dərdinə şərik adam kimi aparmışlar. 1905-1907-ci illərdə erməni daşnakları torpaqlarımızı ələ keçirmək üçün Azərbaycanın bir çox bölgələrində, o cümlədən Şamaxıda da qırğınlar törətməyi planlaşdırmışlar. Bunun üçün ilk növbədə, sünni-şiə qarşıdurmasından güclü bir vasitə kimi istifadə etmişlər. İnsanlar qətlə yetirilmiş, bir çox mülklər yandırılmış, sünni və şiələri bir-birinə qarşı qoymaqla qırğınlar törətmişlər.
Tarixdən məlumdur ki, 1902-ci ildə baş verən zəlzələ Şamaxıda böyük dağıntılara səbəb olmuş, minlərlə insan ölmüşdür. Böyük əziyyət və min bir ağrı-acı ilə zəlzələnin törətdiyi fəsadları və dağıntıları bərpa edən əhali 1905-1907-ci illərdə ermənilərin fitnələri və cinayətləri ilə qarşılaşmışdılar. Qatı millətçi Lalayev qardaşları Şamaxıda sünni-şiə qarşıdurmasını canlandıra bilmişlər. Əvvəlcə onlar fürsət tapıb hər iki tərəfdən adamları qətlə yetirmiş və camaatı biri-birinə qarşı qoymuşlar. Bundan sonra isə sünni və şiə məscidləri arasında münaqişələr baş vermişdir. Lakin Şamaxı ziyalılarının böyük səyləri nəticəsində qalmaqallar kütləvi hal almamışdır. Fitvaya uymayan müsəlmanlar gec də olsa, ermənilərin yalan və riyakar təbliğatını başa düşmüş, Lalayev qardaşlarını susdurmuşlar. Həmin dövrdə Şamaxıda Lüteriyan tayfasından olan erməni millətçiləri xüsusi fəallıq göstərmiş, terror hadisələri törətmişlər (S.Qəniyev. 1918-ci il Şamaxı soyqırımı. Bakı 2003).
Üzdə özlərini bizə dost, içlərində isə azərbaycanlılara kin-küdurət bəsləyən ermənilər, hətta qətlə yetirdikləri müsəlmanların dəfnində belə, iştirak edirdilər. Mətbuat tariximizin görkəmli nümayəndələrindən olan Ömər Faiq Nemanzadə "İrşad" qəzetinin 12 sentyabr 1906-cı il tarixli nömrəsində dərc edilmiş məqaləsində yazırdı ki, Tiflisdə "...müsəlman sosial demokratlarından ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicəsinə öldürüb yolun kənarına tullayıblar. Mərhumun xəncərlə başını, döşünü, böyürlərini deşik-deşik ediblər. Mərhumun cənazəsini avqustun 8-də cümə günü Mixaylovski xəstəxanasından qaldırıb, müsəlman qəbiristanlığına götürürlər. Cənazə Vorontsov küçəsindən keçib soldat və erməni bazarları ilə gətirilirdi. Cənazə keçən yerlərdə bir çox gürcü və erməni dükanlarını bağlayıb, dəfn alayına qoşulurdular. Cənazə torpağa tapşırılmazdan əvvəl türkcə, gürcücə, ermənicə, rusca qayət təsirli nitqlər olunurdu". Beləcə "düşmənçiliyi gizlində icra et" siyasəti ilə təlim görmüş məkrli ermənilər riyakarlıq bacarmayan şamaxılıları da öz münasibətləri ilə çaşdırırdılar. M.Ə.Sabir 1906-cı ilin fevralında "İrşad" qəzetində "Alimi- amil və zahidi-fazilimiz cənab Şeyxəli Ağayi Şirvaninin vəfatı xəbəri" münasibəti ilə yazdığı məktubunda bildirirdi: "Dəfn günündə tamam müsəlman və ermənilər, cühudlar da ehtiram üçün dükanlarını bağlamışdılar. Ən nəhayət, Şamaxının məhəllərində qan töküldüyü bir vaxtda qəbiristanda dəfn zamanı erməni Qriqoryan tayfasının keşişi bu məzmun ilə camaata xitabən buyurdu: siz ağlayırsınız ki, cənab Şeyx ağa vəfat edib, bizləri yetim qoyubdur. Halbuki bu mərhum zahirdə cismən vəfat etmişsə də, ruhən behiştdə olub, Allah-təalanın hüzurunda diridir". Həmin mərasimdə iştirak edən Lüteriyan tayfasının keşişi də çıxışında Şeyxin vəfatından "mütəəssir olduğunu" bildirib.
O dövrdə Azərbaycanın müxtəlif bölgələrində olan ermənilər şayiə yayırdılar ki, guya onların sünnilərlə işləri yoxdur. Belə bir yalanın nə ilə nəticələndiyini gözləri ilə görən Ömər Faiq Nemanzadə 1906-cı ildə "İrşad" qəzetində çap olunmuş məqaləsində yazırdı: "Məəttələm ki, ermənilərin "bizim sünnülərlə işimiz yoxdur" deyən yalan və fitnələrinə inananlar nə cür camaat arasında qalırlar. Nə üçün "məcnunxanalara" getmirlər? Kimdir deyən ki, ermənilərin sünnülərlə işi yoxdur. Zəngəzur, Qazax mahalında ermənilərin viran etdikləri kəndlərin, şəhid etdikləri canların çoxu sünnü deyilmiydilər? Ayə, Tiflisdə şəhid edilən qalayçı ləzgilər sünnü deyilmiydilər? Ayə, Tiflisdə talan edilən və yanan evlərin bir xeylisi dağıstanlı, şəkili sünnüləri deyilmi? Mən qanmıram ki, erməni bir müsəlman öldürərkən deyir ki, sən şiəsən, ya sünnüsən? Noyabr vüqudatında bir erməni bir silahsız sünnünü öldürmək istəyəndə, sünnü canını qurtarmaq üçün erməniyə deyib ki, bəs sizin sünnilərlə işiniz yoxdur, axı... Bil ki, mən sünnüyəm, mənə dəymə! Erməni cavabında... biz sünnü-şiə bilmirik, müsəlmanların Qafqazda kökünü qazıyacağıq". Müəllif ürək ağrısı ilə yazdığı bu məqalədə bütün müsəlman əhlinə ermənilərin məkrini, iç üzünü, riyakarlığını açıb göstərirdi. Həmin illərdə Şamaxı ziyalıları Azərbaycanın müxtəlif yerlərində ermənilərin törətdikləri qırğın və faciələrə mətbuat orqanlarında dərc etdirdikləri məqalələrdə münasibət bildirmiş, erməni cinayətlərinə qarşı etiraz səslərini ucaltmışlar. O dövrdə Şamaxı ziyalıları Qarabağda, Naxçıvanda, Gəncədə ermənilər tərəfindən aclığa, səfalətə düçar olmuş, yerlərindən-yurdlarından didərgin düşmüş əhaliyə kömək əllərini uzatmış, onlar üçün ianələr toplamış, yardımlar etmişlər. M.Ə.Sabir 6 avqust 1906-cı ildə "Həyat" qəzetində yazdığı məqalədə göstərirdi ki, tamaşalarda yığılan pullar Şuşaya - zərərçəkənlərə göndərilmişdir. Bundan əlavə, Şamaxı ziyalıları ermənilərin Qarabağda törətdikləri cinayətlərə qarşı etirazlarını Qafqaz canişini qraf Vorontsovun adına vurduqları teleqramlarda da ifadə etmişlər. Teleqramlar "Həyat" qəzetinin 3 avqust 1906-cı il nömrəsində çap olunmuşdur. Şamaxıda qırğınların qarşısının alınmasında bir çox ziyalıların - M.Ə.Sabirin, Hacı Məcid Əfəndinin, Şeyxəli Ağanın, Mustafa Əfəndinin, Tərrahın, Abbas Səhhətin, Hacı Səfər Məhərrəmovun, Əmin Əfəndiyevin, Qasım bəyin, Məhəmmədhəsən Atamalıbəyovun, Ə.İ.Cəfərzadənin, Hacı Əbdürrəhman Əfəndinin, C.Cəbrayılbəylinin, Hacı Usubun, Mir Mehdi Ağanın, Əbdülxalıq Əfəndi İbrahimxəlilovun və başqalarının böyük rolu olmuşdur. Halbuki 1905-1907-ci illərdə erməni millətçiləri Şamaxıda geniş şəkildə iğtişaşlar törətmək üçün bütün vasitələrdən istifadə etməyə hazır idilər.
Şamaxılı Möhüb Əfəndinin arxivindən götürülən bir əlyazmada göstərilir ki, 1905-ci ildə Şamaxıda ermənilər tərəfindən kütləvi qırğınlar törədilməsinə səylər olsa da, onların mənfur niyyətləri baş tutmamışdı. Bu bölgədə yaranmış gərginliyin sorağı Gəncəyə gedib çıxmışdı. Odur ki, erməni cəlladlarını cəzalandırmaqdan ötrü, əsasən şahsevənlərdən təşkil olunmuş könüllü süvari dəstə Gəncədən Şamaxıya yola düşmüşdü. Bu xəbəri eşidən erməni millətçiləri gecə ikən oranı tərk etmişlər. Erməni keşişləri isə o zaman böyük ad-san sahibi olan Hacı Məcid Əfəndiyə minnətə gəlmişlər. Qan tökülməsini məqbul bilməyən böyük din xadimi öz yaxın adamları ilə Kürdəmirə - Gəncədən gələn qoşunu qarşılamağa getmişlər. Hacı Məcid Əfəndi ordunu inandırmışdı ki, Şamaxıda ermənilər faciə törədə bilməzlər. Hacının xahişini eşidən ordu Gəncəyə qayıtmışdı. Bu hadisədən sonra erməni millətçiləri niyyətlərinin üstünə pərdə çəkmək üçün Hacı Məcid Əfəndini özlərinə ağsaqqal bilmiş, bütün tədbirlərində onun yanına məsləhətə getmişlər (S.Qəniyev. 1918-ci il Şamaxı soyqırımı. Bakı 2003).
Məkrli erməni millətçiləri 1905-ci ildə Şamaxıda həyata keçirə bilmədikləri genişmiqyaslı soyqırımı planlarını 1918-ci ildə törətməyə müvəffəq olmuşdular.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.-6 aprel.- S. 10.