Tarixin yaralı səhifələri

 

Zaman tərs, yağı zalım

 

Roma tarixçisi Tatsit yazırdı: "Erməni istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və ziyankardır". Dünyaya gələndən bu pis əməllə və vərdişlə birgə doğulan ermənilər həmişə qonşuluqda yaşayan başqa millətlərə pislik etməkdən usanmayıblar. Ən dəhşətlisi də budur ki, çörəyini yeyib, suyunu içdiyi, sayəsində yaşadığı nəcib insanlara da xəyanət etməkdən çəkinməyiblər. Bəlkə də elə bu qeyri-insani xasiyyətlərinə görə dünyanın məşhur səyyahları, yazıçıları, tarixçiləri onlar haqqında müsbət fikir söyləməyiblər. İngilis səyyahı Vilson yazırdı: "Ermənilər acgöz və tamahkardırlar, fitnəkar və araqarışdırandırlar, heç kəsi bəyənmirlər. Onlar xırda bir işi şişirtməkdə istedad sahibidirlər, intriqa yaratmağı sevirlər". İkiüzlü və xəyanətkar olmaları ucbatından ötən əsrin əvvəllərindən başlayaraq nəinki Türkiyədə, eləcə də Cənubi Qafqazda millətləri bir-birinə qarşı qızışdırmaqla qırğınlar törətdilər. Soyqırımılar, deportasiyalar həyata keçirdilər.

1915-ci ildə Türkiyədə məğlubiyyətə uğrayan Andronikin rəhbərlik etdiyi birləşmiş erməni daşnak hərbi qüvvələrinin ayrı-ayrı dəstələri Arazdan keçərək indiki "Ermənistan" və Azərbaycan ərazilərinə basqın etdilər. Onlar qədim türk yurdunda misli görünməmiş vəhşiliklər törətdilər.

Bakıda hakimiyyəti ələ keçirən bolşeviklər (başında Stepan Şaumyan dayanırdı) Andronikin başkəsən quldur dəstələri ilə əlbir şəkildə Cənubi Qafqazda əsl fəlakət törətdilər. Fikir verin, əgər 1914-cü ildə İrəvan quberniyasında 237.684 nəfər azərbaycanlı yaşayırdısa, 1918-1920-ci illərdə həyata keçirilən soyqırımından sonra 1922-ci ildə artıq bu rəqəm 72.997-yə enmişdir.

1918-ci ildə Azərbaycan rəhbərliyi İrəvan ərazisinin ermənilərə güzəşt edilməsinə razılıq verib. Bu, sonrakı dövrlərdə ermənilərin torpaq iştahasını daha da artırıb. 1918-ci ilədək 9,8 min kvadratkilometr sahəsi olan qondarma erməni vilayəti 1920-ci ildən Azərbaycan torpaqları hesabına genişləndirilmiş və ərazisi 29,8 kvadratkilometrə çatdırılmışdır. Onlar bir tərəfdən azərbaycanlıları qətlə yetirir, doğma torpağından deportasiya edir, digər tərəfdən də soydaşlarımızın əlindən tarixi dədə-baba torpaqlarını da alırdılar. 1920-ci ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı, Gəncə quberniyasının Zəngəzur qəzası Ermənistana verildi.

1918-1920-ci illərdə Cənubi Qafqazda azərbaycanlıların soyqırımını təşkil edən Ermənistan daşnak hökuməti indi Ermənistan adlanan - əslində, qədim Oğuz yurdunda tükürpədici qanlı facilər, talanlar, qırğınlar törətdilər. Andronik, Hamazasp, Hayk, Dro, Nijde kimi quldur başçıların göstərişi ilə erməni dəstələri sözlə ifadəsi çətin tapılan vəhşiliklər, qəddarlıqlar edir, kəndləri dağıdır, yandırır, yaşayış məskənlərinə od vurur, yerli sakinləri işgəncə ilə öldürürdülər.

1919-cu ilin aprelində öz quldur və soyğunçu dəstəsi ilə Eçmiədzinə gələn Andronik yerli əhaliyə ağlagəlməz divan tutmuşdu. 84 kəndi yerlə yeksan edərək əhalisini qırmışdı. 1918-ci ildə bolşeviklərin köməyi və təhriki ilə erməni quldur dəstələri Zəngəzurda 115, İrəvan quberniyasında 221, Yeni Bəyaziddə 84, Sürməlidə 75E yaşayış məntəqəsini yer üzündən silmişdi. 1918-1920-ci illərdə həyata keçirilən soyqırımı nəticəsində yarım milyon azərbaycanlı qətlə yetirilmişdi. Bu acı dəhşətli faktı bir daha təkrar etmək lazımdır ki, 1918-ci ilin martın son 3 günü ərzində ermənilər təkcə Bakıda 15 min nəfərin həyatına son qoymuşdu. Tarixi faktları araşdırarkən bir məsələ də diqqəti cəlb edir ki, ermənilər həmişə xalqımızın səbirsizliklə gözlədiyi, ehtiramla qeyd etdiyi Novruz bayramını qara gətirməyə çalışmışlar. Təkcə Göyçə mahalında ermənilər 1919-cu ilin yazında 60 min sakini olan 22 kəndi yandıraraq əhalisini qırmışdı. Zəngəzur qəzasında on mindən artıq adam qətlə yetirilmişdir. Bu faciə zamanı şikəstə çevrilərək tarixin ağır və qanlı səhifələrinə şahidlik edənlər də var idi.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanda deyilirdi: "...Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırdılar... Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli-mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir".

1918-1920-ci illərdə erməni daşnak birləşmələrinin silahlı müdaxiləsi nəticəsində Sürməli, İrəvan, Eçmiədzin, Zəngəzur, Tənbək, Dərələyəz, Ağbaba, Vedibasar və başqa ərazilərdə qanlı döyüşlər getmişdi. Ermənilərin törətdikləri vəhşiliklər nəticəsində Vedibasarda böyük insan tələfatı olmuşdur. Doğrudur, xalqın igid oğulları Abbasqulu bəy Şadlinski, Kərbəlayi İsmayıl, Səttar oğlu Musa, Qəmlo və başqaları daşnak qoşunlarına qarşı qəhrəmanlıqla vuruşmuş, onlara ağır zərbələr endirmişdilər. Amma türk qanına susamış erməni qoşunları azəri türklərini amansızlıqla öldürürdülər. 1918-1919-cu illərdə onlar Gümrü (sonradan Leninakan) ətrafında 10 min azərbaycanlını qətlə yetirdilər. Göyçədə də qanlı vuruşmalar gedirdi. Daşnaklar bu ərazidəki Toxulca, Ağbulaq, Cil, Babacan, Pəmpək, Şişqaya kəndlərinə hücum edərək əhaliyə müxtəlif üsullarla işgəncələr verib həyatlarına son qoyurdular.

Bir faktı da demək lazımdır ki, 1918-ci ilin may ayından 1920-ci ilin noyabrınadək hakimiyyətdə olan daşnak hökuməti 440-dan artıq türk kəndini yandırıb yerlə yeksan etmiş, yüz minlərlə soydaşımızın ölümünə və qaçqına dönməsinə səbəb olmuşdur.

Tarixçi alim İsrafil Məmmədovun apardığı araşdırmalar nəticəsində bəlli olub ki, 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri yox edilmişdir. Təbiətinə görə, əzəli gözəl olan bu yurd yerləri xarabazarlığa çevrilmişdi.

Ermənilər çox əzazil və mərhəmətsiz idilər. Onlar körpəyə, azyaşlı uşağa da fiziki əzab verməkdən, xüsusi işgəncə ilə öldürməkdən manyak kimi nəşələnirdilər. Qadınların başlarına min oyun gətirir, təcavüzə məruz qoyur, kürəklərinə qaynar samovar bağlayır, xəstə və şikəstləri qılıncdan keçirirdilər. Zəngəzur mahalında ermənilərin törətdikləri amansız vəhşilikləri müəyyənləşdirdikcə insan adlanan bu ikiayqlı varlığın cəza növlərindən, işgəncə üsullarından dəhşətə gəlirsən. Şahidlərin ifadəsi əsasında qələmə alınmış faktları axıracan oxumaq üçün güc tapmırsan. Amma bu fəlakət olub. İndi araşdırarkən tab gətirə bilmədiyimiz ağır gerçəkliklər soydaşlarımızın başına gəlib. Biz bunları bir daha yada salıb yağı düşmənin necə qəddar olduğunu unutmamalıyıq. Xüsusilə də, onların 1918-ci ildə Zəngəzur mahalında törətdiyi zülmün naləsi bu gün də o torpaqdakı daşların, qayaların yaddaşında yaşayırsa, onu necə unuda bilərik? Qarakilsənin (Sisian) Vağüdi kəndində daşnaklar 15 yeniyetmə qızı təhqir edərək öldürdülər. Kənd dağılarkən 400 nəfər məscidə dolaraq Allaha sığınmışdılar. Ermənilər qapını bağlayaraq məscidə od vurublar. Ananın döşlərini kəsərək körpəsinin ağzına qoyublar. Bundan daha da təhqirli işgəncələrə yol veriblər. Qadınların sinəsinə süngü taxıb, qaçmaq istəyənlərin isə başını qılıncla kəsiblər. Şəki kəndində iki yerə bölünmüş ana və uşaq meyitləri görənlər də olub. Hətta İrmis kəndini dağıdarkən ermənilər südəmər uşaqların başından çəpər düzəltmişdilər. Adamları diri-diri evlərə dolduraraq yandırıblar. Qəzadan qurtulub dilənçi vəziyyətinə düşən qaçqınlar (50 min nəfərdən çox) Azərbaycanın müxtəlif bölgələrinə pənah aparıblar. Sadə hesablamalara görə 1818-ci ildə Zəngəzur mahalının sakinlərinə - yəni, azərbaycanlılara bir milyard manat zərər vurulmuşdur.

1918-ci ilin mart-aprel aylarında bolşeviklərin güclü dəstəyindən istifadə edən ermənilər Göyçə, İrəvan, Naxçıvan, Dərələyəz və Zəngəzurda 500-dən çox kənd dağıtmış, 600 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, minlərlə insanı doğma yurd-yuvalarından didərgin salmışlar.

1918-1920-ci illərdə Andronikin quldur dəstəsi Dərələyəz mahalında yaşayan 30 mindən çox azəri türkünü gülləbaran edərək doğma torpaqdan didərgin saldı. Bu əməliyyatda da öz köhnə vərdişlərindən əl çəkməyən qaniçənlər qadınları, körpələri diri-diri odlayır, xüsusilə də, cocuqları süngülərə taxaraq sağ qalanlara gözdağı verirdilər.

Tarixin bu qanlı səhifələrini çevirdikcə ötən əsrin 20-ci illərində azərbaycanlıların başına gətirilən müsibətdən, işgəncədən dəhşətə gəlirsən. Biz illər boyu belə qanlı olaylardan necə xəbərsiz olmuşuq və bu fəlakəti bizdən necə məharətlə gizlətməyə çalışıblar. Halbuki 1905-1907 və 1915-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş qırğınlar nəticəsində Ermənistanda yaşayan 575 min azərbaycanlının 98 faizi vəhşicəsinə qətlə yetirilmiş, sağ qalanlar da vətəndən qovulmuşdular. Bir il ərzində erməni quldur dəstəsinin müxtəlif qəzalarda törətdiyi fəlakətin rəqəmlərlə ifadəsinə diqqət yetirək. 1918-ci ildə erməni quldur dəstələri Şamaxıda 1653 qadın, 965 uşaq qətlə yetiriblər. Zəngəzurda 7729, Sürməli, İrəvan, Eçmiədzin və Şərur qəzalarında yüz minə yaxın azərbaycanlı həyatını itirib. 1919-cu ildə İrəvan quberniyasında 88 kənd dağıdılıb, 1920 ev yandırılıb. 131970 insan öldürülüb. İki il ərzində Zəngəzurda on mindən artıq azərbaycanlı qətlə yetirilib. Əslində, bu qətliamın coğrafiyası çox genişdir. Gərək unutmayaq ki, 1918-ci ildə indiki Şəhidlər xiyabanında yüzlərlə soyqırımı qurbanı dəfn edilmişdi. 1920-ci ilin mayında ermənilərin bilavasitə köməyi nəticəsində təcavüzkar XI Qızıl ordu on minlərlə azərbaycanlını qətlə yetirdi.

Böyük dayaqları olan A.Mikoyan və S.Şaumyandan güc və ilham alan erməni hərbi terror dəstələri, eləcə də Andronikin təşəbbüsü ilə yaradılmış "könüllülər korpusu" 1918-ci ildə bütün Azərbaycan əhalisini qarət edərək ölümünə, qətlinə, qaçqın düşməsinə səbəb olmuşdur.

Erməni tədqiqatçısı A.Lalayan 1936-cı ildə Moskvada nəşr olunan bir jurnalda bir daşnak cəlladının qəhrəmanlığını öyərək onun dilincə yazırdı: "Mən Basarkeçərdəki türk əhalisini məhv etdim. Hərdən gülləyə heyifim gəlirdi. Döyüşdən sonra bütün sağ qalanları toplayıb su quyularına dolduraraq üstlərinə ağır daş yığırdım ki, onlar bir də yer üzündə qalmasınlar. Mən bu işi dəfələrlə yerinə yetirmişəm: kişiləri, qadın və uşaqları bir yerə topladım. Əvvəlcə hamısını quyuya atdım, sonra isə quyunu ağzınadək daşla doldurub həyatlarını bitirdim".

Təəssüf ki, ermənilərin rus ordusunun köməyi ilə 1905-1915, 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində həyata keçirdikləri soyqırımı uzun müddət ört-basdır edilib. Sovet hökumətinin köməyi ilə bu hadisələr sonrakı nəslə sadəcə olaraq milli münaqişə, siyasi toqquşma, məhəlli savaşma kimi təlqin edilib. Bu məharətlə pərdələnən siyasətin arxasında isə I Pyotrun vəsiyyəti dayanırdı. İstər çar Rusiyası dövründə olsun, istərsə də ondan sonra baş verən müxtəlif olaylarda törədilən bütün qırğınların baiskarı hamıya dəqiq məlumdur.

Məgər sovet dövründə ermənilərin azərbaycanlılara olan münasibət dəyişmişdimi? Əksinə, yağılar daha da fəndgir və tamahkar olmuşdular.

Çox hiyləgərliklə bir sıra məsələləri dövlət səviyyəsində "qanuni yolla" həll edirdilər. Məsələn, Azərbaycanın 15 mahalı üzərində süni bir respublika - Ermənistan yaradan və yenə də bundan doymaq bilməyən ermənilər torpaq iştahasından əl götürmədilər. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsinə nail oldular. 1929-cu ildə Naxçıvanın 9 kəndini, Meğri rayonunun kəndlərini Ermənistana birləşdirdilər. 1920-ci ilin əvvəlində Qazax qəzasının cənub hissəsi Ermənistana bağışlandı və burada Dilcan qəzası yaradıldı. Yeni Bəyazid qəzasının Basarkeçər mahalı İrəvan qəzasının Vedibasar mahalı, Gəncə quberniyasının Zəngəzur qəzası Ermənistana verildi. Tarixin bir ağrılı faktıdır ki, Zəngəzurun bağrına dağ çəkərək onu iki hissəyə böldülər. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri (Meğri) Ermənistana verildi, Zəngilan, Qubadlı, Laçın isə Azərbaycanda qaldı. Parçalanmış, bölünmüş Zəngəzurun ermənilərə bağışlanması tarixin üz qarasıdır. 1922-ci ildə Göyçə, Dilican əraziləri, Naxçıvanın 9 kəndi, 1929-cu ildə Qazaxın 5 min hektar torpaq sahəsi, Cəbrayılın Nüvədi, Ernəzir, Tuğut kəndləri Ermənistana verildi. 1946-cı ildə Azərbaycanın 4 min hektar meşə sahəsi "səxavətlə" ermənilərə bağışlandı.

Bu faktları araşdırdıqca dəhşətə gəlirsən. Görəsən, bizim rəhbər vəzifədə çalışanlarımızın gözləri hara baxırdı? Milli təfəkkür niyə dondurulmuşdu?

Ermənistan hökuməti 1924-cü ildən başlayaraq zəbt etdikləri ərazilərdəki türk toponimlərini dəyişdirdilər. Akademik Ramiz Mehdiyev "Gorus-2010 absurd teatrı mövsümü" kitabında yazır: "Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisian), Qarakilsə (Vanadzor), Keşişkənd (Yexednadzor), Uluxanlı və ya Zəngibasar (Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat qəsəbəsi), Gözlü Kəmərli (Metsamor), Üç-Müədzin (Eçmiədzin), Alagöz (Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün minlərlə yeni "vararakn"lar icad edəcəklər. Az qala, Nuh əyyamından qalmış yeni "qədim erməni" adlarının guya qeydə alındığı saxta "salnamələr" üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni "vararakn"lar barədə dünyaya çar çəkəcəklər".

Araşdırmalar təsdiqləyir ki, bədnam qonşularımız bəzən də bu dəyişmələri erməni dilinə tərcümə edərək verirdilər. Məsələn, Yenikənd Noravan olurdu və s.

1930-cu ildən başlayaraq sovet hökumətinin dəstəyi ilə repressiya həyata keçirildi. Deyək ki, Azərbaycanda Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovun dövründə daxili işlər naziri vəzifəsini erməni icra edirdi. Bu səbəbdən də həbs edilən, qətlə yetirilən, sürgünə göndərilən insanlar bu daşnağın fitvası ilə həyata keçirilirdi. Ermənistanda da məhz azərbaycanlıların var-dövləti, mal-qarası əlindən alındı, onlara "xalq düşməni" adı verildi, Qazaxıstana, Sibirə sürgün edildi. Daha "ağır" günahları olanlar məhkəməsiz-filansız güllələnirdi. 1930-1937-ci illərdə Ermənistanın müxtəlif rayonlarından yüzlərlə ailə qolçomaq adı ilə həbs olundu. Bu repressiyada Ermənistandan cəmi iki erməni bu fəlakətə düçar oldu. Onların biri şair Yeğişe Çarents, digəri də keşiş olub. Dəqiq məlumata görə, bu həbs də şəxsi ədavətə görə baş verib. Əslində, ölkədə tüğyan edən repressiya tufanının caynaqları ancaq azərbaycanlılara ilişirdi.

1813-cü ildə Rusiya ilə İran arasında bağlanan "Gülüstan" və 1828-ci ildə "Türkmənçay" müqavilələri Azərbaycanın tarixi torpaqlarının bölünməsinin əsasını qoydu. Bundan sonra ayrı-ayrı illərdə ermənilər azərbaycanlılara qarşı qanlı aksiyalar keçirməklə dinc əhaliyə divan tutmaqdan yorulmadılar. Təbiətən qaniçən, zalım, tamahkar, qəddar olan erməni quldurları özlərini dünyaya yazıq, zavallı göstərmək, "əzabkeş" portretlərini yaratmaq üçün hər cür alçaq işlərə qol qoymaqda davam etdilər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 6 aprel.- S. 10.