Azərbaycanın gənc rəssamları
Belçikada
BMT-nin hər il 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etməsi, Azərbaycanın müstəqilliyinin 20, Avropa Şurasına üzv olmasının 10 illiyi ilə əlaqədar "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ötən ayın 24-dən 31-dək Belçika Krallığının paytaxtı Brüssel şəhərində gənc azərbaycanlı rəssamların sərgisini keçirmişdir. Sərgi Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycanın Belçikadakı səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyinin dəstəyi ilə baş tutmuşdur.
Sərgi barədə "Dirçəliş" Mərkəzinin direktoru İslam Baxşəliyevə müraciət etdik. O dedi:
- Belçikaya 35 nəfərdən ibarət nümayəndə heyəti ilə yollanmışdıq. Paytaxt Brüsseldəki "Brenart" qalereyasında istedadlı gənc azərbaycanlı rəssamlar Leyla Əliyevanın "Dəniz fantaziyaları", İsmayıl Müzəffərzadənin "Mulen Ruj", Gülarə Mustafayevanın "Şərq motivləri", Nigar Əhmədovanın "Bakı", Günel Məmmədzadənin "Balıqçılar", Lalə Cümşüdlünün "Qəhvə", Ayan Babazadənin "Mələk", Afaq Bəşirovanın "Səhər", Fərəh Əzizbəylinin "Dəniz atı və yeraltı dünya", Nərmin Quluzadənin "Bakının zəngin aləmi" və digər əsərlər nümayiş etdirilmişdir. Sərgilənən əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edirdi. Bütün bu rəsmləri novatorluq, vətənə olan sevgi, həyata geniş baxış kimi cəhətlər birləşdirir.
Belçika sənətsevərlərinin diqqətini cəlb etmiş sərgini ölkəmizin Brüsseldəki səfiri Emin Əyyubov açmış, ölkəmiz haqqında qonaqlara məlumat vermişdir. Səfir bildirmişdir ki, rəsm əsərlərinin satışından əldə olunan vəsait Yaponiyada baş vermiş zəlzələ və sunamidən zərər çəkənlər üçün yaradılmış yardım fonduna köçürüləcək.
Tədbirdə Belçika Senatının fəxri üzvü Ann Mari Lizen, Yaponiyanın Brüsseldəki səfiri Jun Yokota və digər qonaqlar çıxış edərək Azərbaycan xalqının istedadlı gənclərinin əsərlərindən söz açmış, sərginin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər. Həmin gün qonaqlara ölkəmizin mədəniyyəti və turizm imkanları barədə film göstərilmişdir.
"Brenart" qalereyasında əsərləri sərgilənən gənc istedadlı rəssamlarımızdan İsmayıl Müzəffərzadənin təəssüratlarını öyrəndik. Artıq ikinci dəfədir rəsmləri beynəlxalq sərgilərdə nümayiş etdirilən İsmayıl öz əsərləri ilə ötən il də Tbilisidə xüsusi diploma layiq görülmüşdü.
Gənc rəssamın dediyinə görə, sərgi təşkilatçılarının əsas məqsədi yaradıcılıq imkanlarını daha da artırmaq, gənclərin Avropa cəmiyyətinə inteqrasiyasını sürətləndirmək və ümumbəşəri dəyərləri təbliğ etmək, mədəniyyətlərarası dialoqa təkan verməkdir: "Səfər müddətində Avropa İttifaqının ofisini ziyarət etməyimiz və bir günlük Hollandiyanın Amsterdam şəhərinə ekskursiyamız da çox gözəl təəssüratlar yaratmışdır. Bütün gənc rəssamların adından sərginin təşkilatçılarına təşəkkürümü bildirmək istərdim".
Tanınmış ziyalı, bu gün 50 illik yubileyini qeyd edən İslam Baxşəliyev söhbət əsnasında bildirdi ki, gənc rəssamlarımızın əsərlərinin satışından əldə olunmuş vəsait Yaponiyada zəlzələ qurbanlarının xeyrinə təşkil olunmuş fonda köçürülmüşdür. Bununla bağlı Yaponiyanın Belçikadakı səfiri Jun Yokota xüsusi minnətdarlığını bildirmişdir.
Onu da qeyd edim ki, Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirmək məqsədilə həm də martın 30-da Brüsseldəki "Kasim" restoranında "Azərbaycan mətbəxi günü" keçirilmişdir və dəvət olunan qonaqlar plov, ləvəngi, müxtəlif dolmalar, dovğa, şəkərbura və paxlavanın dadına baxmışlar. Bundan əlavə, süfrəyə "AzNar" şirkətinin məhsulları olan nar şirəsi, nar şərabı və alma şirəsi düzülmüşdür. Belə bir sərgi ötən ilin sentyabrında Bolqarıstanın paytaxtı Sofiyada da təşkil olunmuşdu. Bir müddətdən sonra isə Fransanın paytaxtı Parisdə analoji tədbirlər təşkil etməyi planlaşdırırıq. Qloballaşan dünyada tanınmağın əsas yolu mədəniyyətimizin sistemli təbliğatından keçir. Fəxrlə deyə bilərəm ki, bu gün ölkəmiz həmişəkindən daha güclüdür. Bizim gücümüz təkcə iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq milli birlik və həmrəylik ideyaları hər birimizin düşüncəsinə hakim kəsilməlidir".
Rizvan HİLALOĞLU
Azərbaycan.- 2011.- 6 aprel.- S. 12.