Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın Azərbaycana rəsmi səfəri

 

IV Azərbaycan-Yunanıstan biznes forumu

 

Aprelin 6-da Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın iştirakı ilə IV Azərbaycan-Yunanıstan biznes forumu keçirilmişdir.

Dövlətimizin başçısı Yunanıstan Prezidenti Karolos Papulyası qarşıladı.

Biznes forumda hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi, səhiyyə və əczaçılıq, enerji, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 250-dək iş adamı iştirak etmişdir.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV forumda çıxış edərək dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Bu gün Yunanıstan-Azərbaycan biznes forumu keçirilir və burada Yunanıstan Prezidenti iştirak edir. Mən Yunanıstan Prezidenti cənab Papulyası Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram.

Dünən Yunanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başlamışdır. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Dünən apardığımız danışıqlar və imzalanmış sənədlər gələcəkdə iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət göstərəcəkdir. Yunanıstan ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir. Prezidentin səfəri və mənim 2009-cu ildə Yunanıstana səfərim siyasi əlaqələrin yüksək səviyyədə olmasını göstərir.

Eyni zamanda, iqtisadi sahədə qarşılıqlı maraqlar kifayət qədər çoxdur və bu biznes forumun təşkil olunması bunun bariz nümunəsidir. Onu deyə bilərəm ki, bu, birinci dəfə deyil ki, Yunanıstan və Azərbaycan iş adamları bir yerdə tədbir keçirirlər. 2009-cu ildə Yunanıstanda biznes forumu təşkil edilmişdir. Ondan əvvəlki dövrdə də belə tədbirlər keçirilmişdir. Yəni, bu, onu göstərir ki, qarşılıqlı maraqlar kifayət qədərdir və hesab edirəm ki, bu forumda Yunanıstan iş adamlarının fəal iştirakı özlüyündə böyük bir göstəricidir.

İqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün Hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Bu komissiya vaxtaşırı iclaslar, toplantılar keçirir və iqtisadi sahədə əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi məsələləri öz həllini tapır. Biz istəyirik ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr çoxşaxəli olsun. Prezidentin səfəri çərçivəsində bu məsələlər müzakirə olundu və əminəm ki, iş adamları da iqtisadi əlaqələrimizin inkişafına öz töhfələrini verəcəklər.

Maraq doğuran sahələr arasında mən xüsusilə kənd təsərrüfatını qeyd etmək istərdim. Yunanıstanın bu sahədə çox böyük təcrübəsi vardır. Nəzərə alsaq ki, ölkələrimizin təbii şəraiti bir-birinə oxşayır, iqlim demək olar ki, bir-birinə çox yaxındır, Yunanıstanda kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər bizim üçün də çox maraqlıdır. Bizdə də kənd təsərrüfatına çox böyük diqqət göstərilir və ölkə qarşısında vəzifə qoyulub ki, Azərbaycan ərzaq təhlükəsizliyini tam şəkildə daxili resurslar hesabına təmin etsin.

Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə sahəsində işlərə başlanması üçün bu yaxınlarda müvafiq tapşırıqlar verilmişdir. Yunanıstanda isə bu sahə inkişaf edib və bizim üçün maraqlı olar ki, biz onun təcrübəsindən bəhrələnək. Hesab edirəm ki, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat, inşaat sahələrində qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələr qurmaq mümkündür.

Xüsusilə, mən energetika, neft-qaz sahəsində əməkdaşlığı vurğulamaq istəyirəm. Azərbaycan ilə Yunanıstan arasında bu sahədə əməkdaşlıq artıq bir neçə ildir ki, aparılır. 2007-ci ildə Azərbaycan qazı Yunanıstana nəql edilməyə başlamışdır. Dünən imzalanmış memoranduma əsasən, bu əlaqələr gələcəkdə daha da genişlənəcəkdir. Azərbaycandan Yunanıstana təbii qazın nəqlinin həcminin artırılması məsələləri öz həllini tapmalıdır. Gələcəkdə Yunanıstan Azərbaycan qazının nəqli üçün tranzit ölkə kimi öz imkanlarını təqdim etməyə hazırdır. Azərbaycan öz yanacaq resurslarını Yunanıstana nəql edir. Yəni, bu sahədə əməkdaşlığın yaxşı nəticələri var. Hər iki tərəf etibarlı tərəfdaşdır və maraqlarımız tam şəkildə üst-üstə düşür.

Biz zəngin qaz potensialımızı tam şəkildə realizə etmək üçün əlbəttə ki, yeni bazarlara çıxmalıyıq və ənənəvi bazarlarda mövqeyimizi möhkəmləndirməliyik. Hesab edirəm ki, Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün Azərbaycanın resursları öz rolunu oynaya bilər və bu məsələ ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında memorandum və bəyannamə imzalanmışdır. Azərbaycanın çox böyük qaz ehtiyatları vardır. Təsdiq edilmiş ehtiyatlar 2,2 trilyon kubmetr səviyyəsindədir. Bu, minimum rəqəmdir. Biz hesab edirik ki, real rəqəm bundan artıq olacaqdır. Əminəm ki, gələcəkdə aparılacaq kəşfiyyat işləri bunu təsdiqləyəcəkdir. Hazırda Azərbaycanda qaz hasilatı 28 milyard kubmetr səviyyəsindədir. Bu, özlüyündə böyük rəqəmdir. Nəzərə alsaq ki, bizim daxili tələbatımız 10-11 milyard kubmetr səviyyəsindədir, ixrac üçün hazırda kifayət qədər imkanlar var. Növbəti illərdə on milyardlarla dollarla ölçülən investisiyalar qoyulacağını nəzərə alsaq, əlbəttə ki, qaz hasilatı ciddi şəkildə artacaqdır.

Biz Yunanıstan şirkətlərini Azərbaycana dəvət edirik və şadam ki, onlar bizim dəvətimizi qəbul ediblər. Azərbaycanda iş görmək üçün yaxşı şərait var, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan postsovet məkanında, həmişə olduğu kimi, ön sıralardadır. Bizdə investorlar üçün yaradılmış şəraitdən xarici və yerli iş adamları bəhrələnirlər. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun 54 faizi daxili, 46 faizi isə xarici sərmayələrdir. Bu onu göstərir ki, hətta dünyada hökm sürən iqtisadi və maliyyə böhranı zamanı da xarici investorlar Azərbaycana sərmayə qoyulmasında maraqlıdırlar.

Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Son yeddi ildə ümumi daxili məhsul təxminən üç dəfə artmışdır, sənaye istehsalı da təxminən üç dəfə artmışdır. Ölkəmizdə 900 mindən artıq yeni iş yeri açılmışdır. İqtisadiyyatın şaxələndirilməsi işində çox ciddi addımlar atılmış və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilmişdir. Xüsusilə, mən 2009-2010-cu illəri qeyd etmək istəyirəm. Çünki bu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, 2009-2010-cu illərdə Azərbaycan iqtisadiyyatı 14 faiz artmışdır və bu ilin birinci rübündə də biz artımı müşahidə edirik.

Azərbaycan şirkətləri xarici bazarlara çıxırlar. Bu, bizim dövlət siyasətimizdir və dövlət bu təşəbbüsü irəli sürübdür. Mən şadam ki, bizim şirkətlərimiz buna qoşulublar. Həm dövlət, həm özəl şirkətlərimiz xaricdə sərmayə qoymağa başlamışdır. Xaricdə sərmayə qoyuluşu üçün başlıca şərt, əlbəttə ki, bu ölkələrlə Azərbaycan arasında olan siyasi əlaqələrdir. Yunanıstan bizim üçün dost ölkədir. Bizim əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin səfəri bu dostluğu daha da möhkəmləndirir və belə olan halda, Azərbaycan şirkətlərinin Yunanıstanda sərmayə qoyması üçün çox yaxşı şərait var.

Mən hesab edirəm ki, biznes forumu çərçivəsində bütün bu məsələlər müzakirə olunacaqdır. Yenə də demək istəyirəm ki, biz Yunanıstan şirkətlərinə Azərbaycanda iş görmək üçün bütün şəraiti yaradacağıq və eyni zamanda, Azərbaycan şirkətləri də Yunanıstanın imkanlarından bəhrələnəcəklər.

Cənab Prezident, mən Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha salamlayıram. Həqiqətən, Sizin ölkəmizə səfəriniz münasibətlərimizin inkişafında mühüm mərhələyə çevrilib və bizim əlaqələrimizə çox güclü təkan verəcəkdir. Həm siyasi, iqtisadi, mədəni əlaqələrdə, həm də insanlar arasındakı əlaqələrdə - yəni, bütün bu istiqamətlərdə biz yalnız müsbət meyilləri görürük və əminəm ki, səfərdən sonra bu meyillər daha da güclənəcəkdir.

Bir daha Sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz!

 

* * *

 

Yunanıstan Prezidenti Karolos PAPULYAS biznes forumda çıxış edərək dedi:

-Cənab Prezident!

Xanımlar və cənablar!

Biznes forumda olmağımdan çox məmnunam. Bu tədbir ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan Qafqazda mühüm coğrafi məkanda yerləşir və xüsusilə, bu regionda mühüm rol oynayır. 2009-cu ildə mən böyük məmnuniyyətlə Prezident Əliyevi Afinada keçirilmiş biznes forumu çərçivəsində salamladım və həmin vaxtdan etibarən yunan şirkətləri, yunan biznes adamları açılan bu imkanlardan istifadə etmək qərarına gəldilər. Onlar öz azərbaycanlı həmkarları ilə əlaqə yaratdılar. Biznes forumu uğurla keçdi və bu, bizim ticari münasibətlərimizə də böyük təkan verdi.

Hesab edirəm ki, ikitərəfli iqtisadi və ticari münasibətlərimiz baxımından görüləcək işlər hələ çoxdur. Biz çalışmalıyıq ki, bu əlaqələri daha da gücləndirək. Xüsusən də, Yunanıstan iqtisadiyyatının ixraca işləyən sektorlarının, yəni, ərzaq məhsullarının, tikinti materiallarının, kosmetika və əczaçılıq məhsullarının ixracını daha da təşviq etməklə əməkdaşlığımızı quraq.

Bugünkü tədbirdə 21 yunan şirkəti təmsil olunmuşdur. Bu onu göstərir ki, ikitərəfli əlaqələrimizdə, əməkdaşlığımızda böyük potensial mövcuddur. Biz çox şadıq ki, Azərbaycan, Azərbaycanın iş adamları bir çox layihələrdə bizim tərəfdaşlarımızdır. Hesab edirik ki, enerji, ətraf mühitin qorunması, telekommunikasiya, konsaltinq və bir çox digər sahələrdə uğurlar qazanmaq olar. Yunanıstanda ərzaq sənayesi, tikinti materialları, əczaçılıq sahələrində işlər görülə bilər.

Enerji sektoru bizim təşəbbüslərimizin ən önündə gedən bir sektor olmalıdır və ola da bilər. Hesab edirik ki, bundan sonra neftayırma zavodları sahəsində müəyyən birgə layihələri həyata keçirə bilərik. Bu, bizim münasibətlərimizi daha da gücləndirər və bu əməkdaşlıqdan irəli gələrək, digər sahələrdə də iqtisadiyyatlarımızı möhkəmləndirəcək birgə layihələri həyata keçirə bilərik.

Cənab Prezident!

Xanımlar və cənablar!

Qlobal maliyyə böhranı öz çox ağır fəsadları ilə bizim hamımızın yadında qaldı və beləliklə, biz çox ciddi tədbirlər görməyə məcbur olduq. Bu, bizim xərclərimizi də çox böyük həcmdə artırdı və əslində, iqtisadiyyata çox möhkəm bir təsir idi. Təbii ki, biz öz vergi sistemimizdə müəyyən dəyişikliklərin edilməsi və xüsusən də, ölkəmizin müqayisəli baxımdan daha potensial sahələrinin yenidən strukturlaşdırılması işlərinin görülməsi sayəsində müəyyən addımları ata bildik. Bundan əlavə, qəbul edilmiş yeni qanunlar, daha təkmilləşdirilmiş qanunvericilik bazası böhranın təsirlərinin qarşısının alınmasında yardımçı oldu. İnfrastruktur layihələrinə gəldikdə, biz xüsusən, turizm sahəsində yeni imkanların yaradılmasını qərara aldıq. Bu da digər xarici şirkətlər üçün çox mühüm bir imkan hesab edilə bilər. Cənab Prezident, mən ümid edirəm ki, bu biznes forumdan sonra Azərbaycanın biznes dairələri daha da həvəslənib Yunanıstan bazarına daxil olaraq öz sözünü deyəcək və çox faydalı biznes əlaqələri qurub işbirliyi yaradacaqlar. Mən qətiyyətlə inanıram ki, bu biznes forumu Azərbaycan ilə Yunanıstan arasında olan iqtisadi və ticari münasibətləri daha da gücləndirəcəkdir.

Mən biznes əlaqələrinizdə sizə böyük uğurlar arzulayıram. Çox sağ olun.

 

* * *

 

Forumdan sonra prezidentlər İlham Əliyev və Karolos Papulyas Dənizkənarı milli parkda paytaxtın mənzərəsini seyr etdilər. Yunanıstan Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 1.