Yunanıstan Prezidenti Karolos Papulyasa BSU-nun fəxri doktoru diplomu təqdim edilmişdir

 

Aprelin 6-da Bakı Slavyan Universitetində Yunanıstan Prezidenti Karolos Papulyasa BSU-nun fəxri doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir.

Mərasimdən əvvəl Yunanıstan Prezidenti BSU-nun rektoru Kamal Abdullayevlə görüşmüşdür.

Daha sonra mərasim keçirilmişdir. BSU-nun rektoru Kamal Abdullayev çıxış edərək, universitetin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışmışdır. Bildirmişdir ki, BSU-da Şərqi və Qərbi Avropa dilləri ilə yanaşı, yunanşünaslığa da dair elmi araşdırmalar aparılır, yunan mədəniyyəti tədqiq və təbliğ edilir. 2004-cü ildə BSU-da açılmış Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzində Yunanıstanın milli və dövlət bayramları qeyd olunur, müxtəlif tədbirlər keçirilir. Burada "Zorba" yunan rəqsləri dərnəyi də fəaliyyət göstərir.

Rektor demişdir ki, BSU Yunanıstanın bir sıra ali təhsil müəssisələri, xüsusilə də, Makedoniya, Afina milli və Kapodistri universitetləri ilə əməkdaşlıq edir. Bir neçə ildir ki, Yunanıstan Təhsil Nazirliyinin dəstəyi ilə yunan dili müəllimləri BSU-da dərs deyir, azərbaycanlı mütəxəssislər və tələbələr isə Yunanıstanın universitetlərində təcrübə keçirlər.

Sonra rektor Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın inkişafında, mədəniyyət, elm, təhsil sahəsində əlaqələrimizin dərinləşməsində böyük xidmətlərinə görə Yunanıstan Prezidenti Karolos Papulyasa BSU-nun fəxri doktoru adının verilməsi barədə universitetin elmi şurasının qərarını elan etmişdir.

Karolos Papulyasa BSU-nun fəxri doktoru diplomu və mantiya təqdim olunmuşdur.

Mərasimdə çıxış edən Prezident Karolos Papulyas demişdir ki, BSU-nun fəxri doktoru adına layiq görülməsi onun üçün həm şərəf, həm də məsuliyyətdir. Bu şərəfli adın bütün yunan xalqına göstərilən hörmət və etimad olduğunu deyən K.Papulyas BSU-da yunan dilinin də tədris edilməsini, eləcə də universitetdə Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsini yüksək qiymətləndirmişdir.

Yunanıstanın dövlət başçısı bildirmişdir ki, əgər tarixin dərinliklərinə nəzər salsaq, Azərbaycan və yunan xalqlarını birləşdirən kifayət qədər ümumi cəhətlərin olduğunu görə bilərik.

K.Papulyas demişdir: "Hələ miflərin hakim olduğu dövrdə Prometeyin insanlara odun sirrini sizin ölkənizdən gətirdiyi məlumdur. Tarixçilər Prometeyin Zevs tərəfindən verilmiş cəzanı çəkdiyi dağın Naxçıvan ərazisində yerləşdiyini bildirirlər. İcazə verin, bu dağın adını sizin dilinizdə olduğu kimi deyim: İlandağ".

Yunanıstan Prezidenti bildirmişdir ki, tarixin atası Herodot tarixi Azərbaycan ərazisi hesab edilən Midiya haqqında məlumat vermiş, tarixçilər Strabon və Diodor Sikeliotis hər iki xalqın mədəni əlaqələrindən bəhs etmişlər. Şübhəsiz, özünün dördüncü epik əsəri "İsgəndərnamə"ni Böyük İsgəndərə ithaf edən böyük Azərbaycan şairi Nizami Gəncəvini heç kəs unuda bilməz. Böyük İsgəndər Atropata səmimi dostluq məktubu göndərmişdir və sonuncu ona eyni səmimiliklə cavab vermişdir.

K.Papulyas yunan dili, elmi və mədəniyyəti haqqında da ətraflı danışmış, daim inkişafda olan bu mədəniyyətə BSU-da ilbəil artan marağı yüksək qiymətləndirmişdir.

Ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayan Prezident K.Papulyas Bakıya səfəri çərçivəsində Azərbaycan və Yunanıstan hökumətləri arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqramın imzalanmasının əhəmiyyətini xüsusi vurğulamışdır.

Sonra universitetin tələbələri yunan dilində mahnılar ifa etmişlər. Yunanıstanın dövlət başçısı tələbələrlə xatirə şəkli çəkdirmişdir.

Yunanıstan Prezidenti BSU-nun Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi ilə də tanış olmuş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmış, burada universitetin müəllim və tələbə heyəti ilə xatirə şəkli çəkdirmişdir.

Yunanıstanın dövlət başçısı yunan dilinin tədrisi otağında yaradılmış şəraitlə də tanış olmuşdur.

Yunanıstan Prezidenti Karolos Papulyas universitetdən xoş təəssüratla ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 aprel.- S.2.