"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında
gənclər siyasəti gənclərin vətənpərvərlik,
azərbaycançılıq, dövlətçilik prinsipləri
əsasında Azərbaycan xalqının tarixi-mədəni
irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin
fəal iştirakının təmin edilməsi, onların
intellektual və yaradıcılıq potensialının
ümummilli məsələlərin həllinə yönəldilməsi
istiqamətində aparılır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasında gənclər siyasətini
daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində
fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin
hazırlanması üçün müvafiq dövlət
orqanlarının nümayəndələrindən ibarət
işçi qrupunun yaradılmasını 10 gün müddətində
təmin etsin.
2. Bu sərəncamın 1-ci
hissəsində qeyd olunan işçi qrupu "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin
iki ay müddətində hazırlanıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim olunmasını təmin
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 7 aprel.- S.
1.