Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində Heydər Əliyev Sarayında "Küləyin
nağılları" adlı
konsert olmuşdur
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları aprelin 7-də Heydər Əliyev Sarayında "Küləyin nağılları" adlı konsert proqramına tamaşa etmişlər.
AzərTAc xəbər verir ki, "Mədəniyyət paytaxtlarının dialoqu" layihəsi çərçivəsində təşkil olunan konsertin ideya müəllifləri Azərbaycanın və Litvanın mədəniyyət xadimləridir. Konsertdə hər iki ölkənin incəsənət ustaları müxtəlif xalqların milli rəqslərini məharətlə ifa etmişlər.
Konsertin "Dünya yaranır" adlanan birinci hissəsində folklor elementləri ilə uzlaşan müasir rəqs və videokadrlar zülmətdən azadlığa çıxan, ağ və təmiz səmaya qalxan küləyin qaranlıqdan, oddan, sudan, havadan və torpaqdan həyatı yaratması təsvir olunmuşdur.
"Dünya canlanır" adlı ikinci hissədə isə dünya xalqları mədəniyyətlərinin özünəməxsus xüsusiyyətlərini, adət-ənənələrini əks etdirən rəqslər ifa olunmuşdur.
Konsertin əvvəlində küləklər şəhəri doğma Bakının və onun qoynuna sığındığı mavi Xəzərin səmasına yüksələrək dünyanı dolaşan Azərbaycan küləyi "Sülhsevər dünya" adlanan üçüncü hissədə qonaqlarla birgə oxunan mahnı ilə gözəllik, məhəbbət, səmimilik, aydınlıq və sadiqliklə dolu öz vətəninə - Odlar yurduna qayıdır.
Azərbaycanın ən yaxşı rəqs qrupları - Dövlət Rəqs Ansamblının, Dövlət Akademik Opera və Balet Teatrının, Pantomima Teatrının və Bakı Xoreoqrafiya Məktəbi kollektivinin, eləcə də litvalı rəqqasların ifa etdikləri dünya xalqlarının nadir rəqs və musiqi nümunələri, həmçinin milli rəqslərimiz və Azərbaycan muğamının həzin sədaları qonaqları və bu möhtəşəm gecənin tamaşaçılarını riqqətə gətirmişdir.
Qədim Odlar Yurdunun tarixin ənginliklərindən süzülüb gələn mənəvi dəyərləri ilə dünya mədəniyyətinin qiymətli nümunələrindən olan musiqi və rəqslərin yüksək peşəkarlıqla ifa olunduğu konsert böyük maraqla qarşılanmışdır.
Azərbaycan.- 2011.-8 aprel.- S. 5.