Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşviqində media qurumlarının üzərinə böyük məsuliyyət düşür

 

Bakı, 7 aprel (AzərTAc). Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İraqın Milli Xəbər Agentliyinin (NİNA) səlahiyyətli direktoru, qurumun idarə heyətinin sədr müavini Abdul Muhsin Cavad Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.

Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar, AzərTAc-ın inkişaf yolu fəaliyyəti barədə qonağa ətraflı məlumat verən, agentliyin ötən ildən ərəb dilində xəbərlər hazırlayıb yaydığını diqqətə çatdıran baş direktor Aslan Aslanov Azərbaycanın İraqın milli xəbər agentliklərinin bir sıra regional informasiya təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq etməsindən razılıqla söhbət açmışdır.

Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirən Abdul Muhsin Cavad rəhbərlik etdiyi agentliyin AzərTAc-la əməkdaşlığa maraq göstərdiyini bildirmiş, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər bir tədbirin məhz Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu xüsusi vurğulamışdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşviqində media qurumlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirən qonaq İraq Milli Xəbər Agentliyinin öz xəbər lentlərində bu mövzuda materiallara xüsusi yer ayıracağını söyləmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-8 aprel.- S. 5.