Krans Montana Forumunun sədri Jan Pol Karteron
Mədəniyyət və
Turizm Nazirliyində olmuşdur
Bakıda keçiriləcək
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak etmək üçün ölkəmizə
gəlmiş Krans Montana Forumunun təsisçisi və sədri
Jan Pol Karteron aprelin 6-da Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyində olmuşdur.
AzərTAc xəbər
verir ki, görüşdə nazir Əbülfəs Qarayev
forumun proqramı, sessiyalarda müzakirə ediləcək
mövzular haqqında qonağa məlumat vermişdir. Tədbirin
məqsədi və əhəmiyyətindən danışan Ə.Qarayev
bildirmişdir ki, forumun Bakıda keçirilməsi zəngin
Azərbaycan mədəniyyətinin yüksək səviyyədə
təbliğ olunması, ölkəmizin nüfuzunun artması
və dünya mədəniyyətinə inteqrasiyası
baxımından böyük əhəmiyyət kəsb edir.
Görüşdə
dünyanın müxtəlif ölkələrindən və
beynəlxalq təşkilatlardan çoxsaylı nümayəndələrin
iştirak edəcəyi forumun mədəniyyətlərin və
sivilizasiyaların bir-birinə daha da yaxınlaşmasına
böyük töhfə verəcəyinə inam ifadə
olunmuşdur.
Jan Pol Karteron Azərbaycanda
təşkil olunan bu mötəbər tədbirdə
iştirakından məmnunluğunu bildirmiş, forumun işinə
uğurlar arzulamışdır.
Azərbaycan.- 2011.- 7 aprel.- S. 3.