Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu yeni əməkdaşlıq əlaqələrinin
qurulmasına təkan verəcək
Aprelin 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəlmiş İsrail, Braziliya, Meksika, Nigeriya və Belçika təmsilçiləri ilə görüş olmuşdur.
Komitənin sədri Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan forumun əhəmiyyətindən danışmış və vurğulamışdır ki, bu böyük tədbir müxtəlif ölkələrin ailə, qadın və uşaq problemləri ilə məşğul olan hökumət və qeyri-hökumət təşkilatları arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişafına təkan verəcəkdir.
Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə artıq mərkəzləşmiş qaydada məşğul olunduğunu deyən H.Hüseynova bildirmişdir ki, ailə, qadın və uşaq hüquqlarının qorunması haqqında müvafiq normativ hüquqi aktlar dərindən araşdırılır və daha təkmil qanunvericilik bazasının formalaşdırılması məqsədi ilə Milli Məclisə təkliflər göndərilir.
Komitə sədri Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edildiyini, ev-eşiyini itirən qaçqın və məcburi köçkünlərin ölkədə ailə, qadın və uşaq problemlərini yaradan əsas amil olduğunu bildirmişdir.
Görüşdə qonaqları maraqlandıran suallara cavab verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 7 aprel.- S. 3.