İtaliyanın nüfuzlu informasiya agentlikləri AzərTAc ilə əməkdaşlığa böyük önəm verir

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfərə gələn İtaliyanın nüfuzlu AGİ agentliyinin prezidenti xanım Daniela Viqlione və ANSA agentliyinin baş redaktoru Ciulio Pekora aprelin 6-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşlar.

Baş direktor Aslan Aslanov Azərbaycanın dövlətçilik tarixi, AzərTAc-ın yaranması və keçdiyi inkişaf yolu, strukturu və beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, müasir Azərbaycanın, eləcə də agentliyin tarixinin və inkişafının bir qərinədən artıq hissəsi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev ulu öndərin bu siyasətini uğurla davam etdirir.

A.Aslanov AzərTAc ilə ANSA arasında 2005-ci ildə, AGİ agentliyi ilə isə keçən ilin dekabrında imzalanmış əməkdaşlıq haqqında sazişlərin əhəmiyyətini xüsusi vurğulamış, təkcə İtaliyada deyil, Avropada aparıcı yeri olan bu informasiya qurumları ilə əlaqələrin intensiv inkişafından məmnunluğunu bildirmişdir.

AGİ agentliyinin prezidenti Daniela Viqlione dünya informasiya məkanında nüfuzu sürətlə artan AzərTAc ilə əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirmişdir. Regionun lider dövlətinə çevrilmiş, sürətlə inkişaf edən Azərbaycan haqqında məlumatların İtaliyada yayılmasında maraqlı olduqlarını deyən xanım D.Viqlione AzərTAc-la AGİ arasında təcrübə mübadiləsi məqsədilə əməkdaşların qarşılıqlı səfərlərinin təşkilinin vacibliyini xüsusi vurğulamışdır.

Xanım D.Viqlione aprelin 7-9-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunmuş, Azərbaycanın belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsini ölkənin dünyada artan nüfuzunun göstəricisi olduğunu bildirmişdir.

ANSA agentliyinin baş redaktoru Ciulio Pekora AzərTAc-ın son dövrlərdə qazandığı nailiyyətləri yüksək qiymətləndirmiş, hər iki agentliyin Avropa Xəbər Agentlikləri Alyansında (EANA) uğurla əməkdaşlıq etdiyini məmnunluqla xatırlatmışdır.

AzərTAc-ın Avropa xəbər agentlikləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu deyən C.Pekora Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada ilk dəfə Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu bildirmiş, bu tədbirin sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulamışdır.

Görüşdə agentliklərin əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 3.