Bakı daha bir möhtəşəm beynəlxalq tədbirə
ev sahibliyi edir
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun ölkəmizdə keçirilməsi
Azərbaycanın dünyada
artan nüfuzunun daha bir göstəricisidir
Siması günü-gündən yeniləşərək gözəlləşən Azərbaycanın, xüsusən də, onun paytaxtı Bakının dünyada şöhrətinin artmasını təmin edən əsas faktorlardan biri də ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlərdir. Ən müxtəlif sahələri əhatə edən belə tədbirlərin keçirildyi ünvan kimi Azərbaycanın seçilməsi həm də dünyada ölkəmizin artan nüfuzundan irəli gəlir.
Bu günlərdə isə Bakı daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahiblyi etməyə hazırlaşır. Söhbət dünyanın müxtəlif guşələrindən görkəmli, elm, mədəniyyət, incəsənət, din xadimlərini, tanınmış siyasətçiləri Bakıya toplayacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan gedir. Açılış mərasiminin bu gün "Gülüstan" sarayında keçiriləcəyi forumda hər bir sessiya üzrə xüsusi müzakirə sənədləri olacaq. Bütün sessiyalarda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bilavasitə təşkilatçı kimi iştirak edəcək. Sözügedən tədbirin ölkəmizdə baş tutması olduqca yüksək dəyərləndirilir. Bununla bağlı münasibətini öyrəndiyimiz Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva bildirir ki, Bakıda aprelin 9-dək davam edəcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi olduqca böyük hadisədir:
- Mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və analoji süjet və obrazlar aşkar sübutdur.
Ellinizm dövründə isə yunan mədəniyyəti Şərq mədəniyyətinə ciddi təsir göstərdi. Orta əsrlərdə mədəni təsirin istiqaməti yenə də Şərqdən Qərbə yönəldi. Barbarların hücumları nəticəsində yunan-rum sivilizasiyası süquta uğradıqdan sonra məhz müsəlman mədəniyyəti antik və Avropa renessans mədəniyyəti arasında vasitəçi oldu. Onu da qeyd edək ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin yaradıcılığında hələ XII əsrdə Şərq-Qərb paradiqması öz parlaq əksini tapmışdır. Yalnız hər iki sivilizasiyanın mədəni-fəlsəfi nailiyyətlərini dərindən mənimsəmiş müəllifin qələmindən "Xəmsə" kimi möhtəşəm əsər çıxa bilərdi. Xüsusən, onun "İsgəndərnamə" poeması bəşər sivilizasiya tarixində mədəni sintezin ən parlaq nümunəsidir. Nizami Gəncəvinin təkcə Şərq ədəbiyyatı deyil, intibah dövrü Avropa ədəbiyyatına da təsiri məhz onun bu keyfiyyət səciyyəsindən irəli gəlir.
Bəşəriyyətin tərəqqisində hər yeni inkişaf mərhələsi Şərq və Qərb sivilizasiyaları nümunələrinin üzvi sintezi nəticəsində baş verirdi. Hətta orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində "sərhəd mədəniyyəti" adlanan mədəniyyətlər yarandı.
Taleyin hökmü ilə Azərbaycan Respublikası coğrafi məkan baxımından Şərq və Qərbin qovşağında yerləşir, xalqımız isə zaman-zaman dünya mədəniyyətinə öz dəyərli töhfələrini verməklə yanaşı, hər iki sivilizasiyanın təsiri altında olmuşdur. "Qoca Şərqin qapısı" adlanan Azərbaycan min ildən çox bir müddətdə müsəlman mənəvi-mədəni arealına daxil olduqdan sonra çar Rusiyasının tərkibində yeni dəyərlər sistemi ilə tanış oldu və rus dili vasitəsi ilə mütərəqqi Avropa elmini və ictimai-siyasi fikrini mənimsədi, maarifçilik ideyalarını qavradı.
Beləliklə, Şərq və Qərb dəyərlər sisteminin Azərbaycanda qovuşması üçün əlverişli şərait yarandı. Elə o dövrdə hər iki sistemin dəyərlərini təcəssüm etdirən gözəl maarifçi ziyalılar nəsli yetişdi. Mütərəqqi Azərbaycan ziyalıları xalqın yeni dəyərlər sisteminə, sivilizasiyanın qabaqcıl nailiyyətlərinə yiyələnməsi uğrunda böyük iş apardılar. Onların davamçılarının yaradıcılığında Qərb ədəbi-fəlsəfi fikri, müxtəlif sivilizasiyaların vəhdəti problemi öz əksini tapdı. Bu proses bütün çətinliklərə baxmayaraq sovetlər dövründə də davam edirdi. SSRİ-nin dağılması ilə Azərbaycan tamamilə yeni bir tarixi reallığa daxil oldu. Bir yandan, sovet dövründə xeyli sarsılmış, varislik əlaqələrini itirmiş ənənəvi mədəniyyətlə, xüsusilə, islam mədəniyyəti ilə bağlı dəyərlər dirçəldilməyə başladı. Müsəlman Şərqi Azərbaycanı öz sıralarına qəbul etdi - ölkə İslam Konfransı Təşkilatının üzvü oldu. Digər tərəfdən, xalqın hələ təqribən 150 il öncə baş qaldırmış Avropa mədəniyyətinə, tərəqqiyə qovuşmaq əzmi yenidən alovlandı. Azərbaycan Avropa-Asiya məkanında yerləşən bir ölkə kimi Avropaya açıldı, Avropa Şurasına qəbul edildi. XX əsrin əvvəllərində meydana gələn, sonralar sovet dövründə unudulan "avropalaşma, müasirləşmə və islamlaşma" şüarı yenidən aktuallaşdı və Azərbaycanın dövlət bayrağında öz ifadəsini tapdı. Demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı, insan haqları, aşkarlıq, fikir müxtəlifliyi və s. ilə bağlı dəyərlər haqlı olaraq cəmiyyətin inkişafı, müasirləşmənin, modernləşmənin meyarları kimi təqdim etdildi.
Eyni zamanda, Azərbaycan dini tolerantlığın hökm sürdüyü unikal bir məkandır. Xalqımızın dinc, yanaşı yaşamaq ənənəsi tarixin dərinliklərindən gəlir. Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublika və ilk demokratik təsisatlar hələ arxada qoyduğumuz əsrin əvvəllərində məhz Azərbaycanda yaranmışdı. Azərbaycanda mədəni irsin gücü və daxili dinamizmi, qərbləşmə yolundakı əvvəlki uğurları onun modernləşməyə uyğunlaşmaq qabiliyyətini artırır. Hazırda Avropa mədəniyyətinin praqmatik nailiyyətləri Azərbaycan cəmiyyətinin canına başqa müsəlman cəmiyyətlərinə nisbətən qat-qat çox hopmuşdur. Bu amillər modernləşmənin tələblərinə cavab verən dəyərlərin və həyat oriyentasiyalarının Azərbaycan cəmiyyətində yayılmasına və möhkəmlənməsinə geniş şərait yaradır.
Deyilənləri nəzərə alaraq, hesab edirəm ki, sivilizasiyalararası dialoqda Azərbaycan mühüm rol oynaya bilər. Bu baxımdan haqqında söhbət gedən Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi böyük hadisədir. İnanırıq ki, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi onun çoxsaylı iştirakçıları üçün və bütövlükdə dünya xalqları üçün qarşılıqlı faydalı olacaq. Eyni zamanda, forum xalqımızı beynəlxalq səviyyədə zəngin mədəniyyətinin təbliğinə və daim inkişaf edən ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verəcəkdir.
Söhbəti yazdı: R.BAYRAMOV
Azərbaycan.- 2011.- 7 aprel.- S. 5.