Azərbaycanın çox böyük turizm potensialı var

 

Milli Məclisdə parlamentin Sosial siyasət komitəsinin və Azərbaycan Turizm İnstitutunun (ATİ) birgə təşkilatçılığı ilə "Əhalinin sosial müdafiəsi sahəsində turizmin yeri və rolu" mövzusunda dinləmələr keçirilmişdir.

AzərTAc xəbər verir ki, yerli ekspertlərin, QHT-lərin üzvləri ilə yanaşı, Almaniyanın Yade Universitetinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin də iştirak etdiyi dinləmələrdə komitənin sədri Hadi Rəcəbli Azərbaycanın iqtisadi inkişafı, Milli Məclisin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə, aqrar sahənin və turizmin inkişafı üçün geniş imkanlar vardır. Azərbaycan Prezidenti cari ili "Turizm ili" elan etmişdir. Bütün əlaqədar dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları bu sahənin inkişafı ilə bağlı rəy və təkliflərini verir, layihələr hazırlayırlar. Bugünkü tədbirin də məqsədi Almaniyadan gəlmiş ekspertlərlə turizm sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə etmək, bu ölkənin təcrübəsini öyrənməkdir.

Sonra ATİ-nin rektoru Cəfər Cəfərov Almaniyanın Yade Universiteti ilə əməkdaşlıq imkanları, qarşılıqlı səfərlər və tələbə mübadiləsi, hazırlanan birgə layihələr barədə ətraflı məlumat vermişdir.

Milli Məclisin deputatı Sevinc Hüseynova təmsil etdiyi Gədəbəy rayonunun turizm imkanlarından, nəzərdə tutulmuş layihələrdən danışmışdır.

Yade Universitetinin prorektoru Uve Vaythöner demişdir ki, Azərbaycana səfərin məqsədi ATİ ilə birgə əməkdaşlıq, tələbə mübadiləsi, turizmin inkişafı sahəsində əməkdaşlıq və beynəlxalq layihələrlə bağlı danışıqlar aparmaqdır. Azərbaycanın çox böyük turizm potensialı vardır. Almaniyalı mütəxəssislər Azərbaycanın bölgələrində olmuşlar və belə qənaətə gəlmişlər ki, bu potensialdan səmərəli istifadə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişaf ilə yanaşı, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə də müsbət təsirini göstərəcəkdir. Onlar azərbaycanlı həmkarları ilə konkret layihələr üzərində çalışırlar və inanırıq ki, birgə əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaqdır.

Tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən xəritə və slaydlar nümayiş etdirilmişdir. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, turizmin inkişafı ilə bağlı təkliflər səslənmiş, təcrübə mübadiləsinin və birgə layihələrin əhəmiyyətindən bəhs olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 5.