AzərTAc ilə Sinxua arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilmişdir

 

Çinin Sinxua Agentliyinin Asiya-Avropa bürosunun direktoru Jan Tiqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.

Görüşdə AzərTAc ilə Sinxua arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuş, bu əlaqələrin inkişafına təkan verəcək müqavilənin imzalanmasının vacibliyi qeyd edilmişdir. Bildirilmişdir ki, agentliklərin qarşılıqlı əlaqələrinin genişlənməsi Azərbaycan ilə Çin arasında münasibətlərin möhkəmlənməsinə layiqli töhfə verəcəkdir. Vurğulanmışdır ki, Azərbaycanın və Çinin milli informasiya qurumları Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində fəal əməkdaşlıq edirlər. Həmçinin informasiya texnologiyaları, xüsusilə multimedia və videoxidmətlər sahəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılmışdır.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Jan Tiqan AzərTAc və Sinxua arasında əməkdaşlığın səviyyəsindən razı qaldığını bildirmiş, eyni zamanda qarşılıqlı əlaqələr sahəsində böyük potensialın olduğunu vurğulamışdır.

Qonaq qeyd etmişdir ki, Çin tərəfi Sinxua agentliyində tətbiq olunan qabaqcıl texnologiyalar sahəsində qazanılmış təcrübə ilə bölüşməyə hazırdır.

Sinxuanın Bakıda, AzərTAc-ın isə Pekində müxbir məntəqəsinin açılması yüksək qiymətləndirilmiş, onların səmərəli çalışmalarına yardım göstəriləcəyi bildirilmişdir.

Görüşdə, həmçinin informasiya və jurnalist mübadiləsi məsələlərinə də toxunulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 5.