Türk PA Qazaxıstanda növbədənkənar prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini bəyan etmişdir

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) beynəlxalq müşahidə missiyası Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair bəyanat yaymışdır.

Türk PA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşahidə missiyası seçkilərin ölkənin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğunluğu ilə bağlı qısamüddətli monitorinq keçirmişdir.

Türk PA-nın yaydığı bəyanatda deyilir ki, müşahidəçilər qrupu seçkilərin gedişini BMT-nin və Avropa Şurasının müvafiq normativ hüquqi sənədlərində və tövsiyələrində təsbit olunmuş obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında maneəsiz şəkildə izləmişdir. Səsvermə sakit və işgüzar şəraitdə keçirilmişdir. Mərkəzi Seçki Komissiyası ilkin nəticələri operativ və mütəmadi şəkildə ictimaiyyətə təqdim etmişdir.

Bununla yanaşı, seçkilərin nəticələrinə heç bir mənfi təsir göstərməyən bəzi texniki nöqsanlar da qeydə alınmışdır. Beynəlxalq müşahidəçilər nəzərə alırlar ki, oxşar çatışmazlıqlar bütün müasir seçkilərə xas olan bir amildir. Türk PA-nın müşahidəçilər qrupu xüsusi vurğulayır ki, həmin nöqsanlar genişmiqyaslı xarakter daşımamışdır.

Beynəlxalq və yerli müşahidəçilərin seçkilərin bütün mərhələlərdə iştirakı seçki prosesinin şəffaflığını daha da artırmışdır. Qazaxıstan xalqının iradəsinin tam şəkildə ifadə edilməsi, seçicilərin fəallığı və hər səviyyədə müşahidəçilərin geniş mövcudluğu seçkilərin demokratik və azad mühitdə keçirildiyini təsdiq edir.

Türk PA-nın müşahidəçilər qrupu bəyan edir ki, cüzi texniki nöqsanlar istisna olmaqla, prezident seçkiləri Qazaxıstan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq demokratik şəraitdə keçirilmişdir. Türk PA-nın beynəlxalq müşahidə missiyası aprelin 3-də Qazaxıstan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərinin beynəlxalq standartlara uyğun olduğunu   və onun nəticələrini rəsmən tanıdığını bəyan edir.

 

 

Azərbaycan.- 2011.-7 aprel.- S. 5.