Azərbaycan: Qərblə Şərq arasında strateji məkan

 

Fransada nəşr olunan "La lettre diplomatic" (Diplomatik məktub) jurnalının yenicə çapdan çıxmış nömrəsində "Azərbaycan: Qərblə Şərq arasında strateji məkan" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalənin əvvəlində ölkəmizin Prezidenti İlham Əliyevin geniş tərcümeyi-halı və ali dövləti fəaliyyəti haqqında ətraflı məlumat öz əksini tapmışdır.

Məqalədə Azərbaycanın dünya mədəni irsinə ədəbiyyat, musiqi və elm sahəsində görkəmli şəxsiyyətlər verdiyi qeyd edilmişdir. Onların arasında Bəhmənyar, Əcəmi Naxçıvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və başqa dühaların adları çəkilmişdir. Müsəlman Şərqində ilk teatrın, operanın, baletin, Elmlər Akademiyasının məhz Azərbaycanda yarandığı diqqətə çatdırılmışdır. Azərbaycanda musiqi mədəniyyətinin daha qədimliyi və zənginliyi qeyd edilmiş məqalədə ölkəmizin muğamın vətəni olması, bu musiqi janrının Şərq dünyasının bir çox ölkəsində geniş yayıldığı, Azərbaycan muğamının YUNESKO-nun dünyanın maddi-mədəni irs siyahısına daxil edildiyi bildirilmişdir.

Məqalədə Şərq dünyasında ilk müstəqil demokratik dövlətin 1918-ci il mayın 28-də Azərbaycanda yarandığı, onun ömrünün çox qısa olduğu, 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən süquta yetirildiyi, 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini bərpa etməsi öz əksini tapmışdır. Bu gün Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət olduğu, bu il müstəqilliyinin 20 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşması xüsusi vurğulanmışdır.

Müstəqilliyini bərpa edən kimi öz suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq yolunda Azərbaycanın bir çox çətin problemlərlə qarşılaşdığı, ümummilli lider Heydər Əliyevin gərgin əməyi və apardığı uğurlu siyasəti nəticəsində qısa bir vaxtda həmin problemlərin aradan qalxdığı, ölkənin demokratik inkişaf yoluna qədəm qoyduğu, bununla belə, ölkəmizin ən çətin probleminin - ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həllini tapmadığı qeyd olunmuşdur.

Ərazi bütövlüyünün bərpasının Azərbaycanın xarici siyasətinin əsas prioriteti olduğu diqqətə çəkilmiş məqalədə münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətinin hələlik nəticəsiz qalmasından, Azərbaycanın münaqişənin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun dinc yolla həlli istiqamətində konstruktiv addımlar atmasından, amma Ermənistan tərəfinin müxtəlif bəhanələrlə danışıqları uzatmağa cəhd göstərməsindən bəhs edilmişdir.

Azərbaycan müstəqillik əldə edəndən sonra BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda, həmçinin Avratlantik məkanında gedən proseslərə inteqrasiya etməkdə maraqlı olduğu, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq etdiyi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı xüsusi vurğulanmışdır.

Məqalədə müasir Azərbaycan dövlətinin banisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ölkənin inkişafında oynadığı roldan ətraflı danışılmışdır. Azərbaycanın ən çətin anlarında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi diqqətə çatdırılmışdır. Ulu öndərin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, ordu formalaşdırılmış, siyasi, hüquqi, iqtisadi, sosial və mədəni sahələrdə geniş islahatlar aparılmışdır. Yazının "Heydər Əliyev Fondu" yarımsərlövhəsində fondun yaranma tarixindən, ona Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsindən, M.Əliyevanın YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri seçilməsindən, elm, təhsil və səhiyyənin inkişafı ilə bağı gördüyü işlər barədə məlumat verilmiş, Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20 illiyi ilə əlaqədar Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə fevralın 17-də Parisdə keçirilmiş möhtəşəm tədbirdən geniş bəhs olunmuşdur. Tədbirdə Mehriban Əliyevanın və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın çıxışlarına istinadla hər iki ölkə arasında mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi vurğulanmış, bu əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə Mehriban Əliyevanın Fransanın ən yüksək dövlət mükafatına - Şərəf legionunun Zabit dərəcəsinə layiq görüldüyü xatırlanmışdır.

"Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 illiyi" yarımsərlövhəsində Azərbaycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasının tam və bərabərhüquqlu üzv olduğu, on il ərzində ölkəmizin bu qurumda layiqincə təmsil edildiyi, Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinə rəhbərlik etdiyi, AŞ PA sədrinin müavini və büro üzvü seçildiyi, bunun təşkilatla Azərbaycan arasında sıx əməkdaşlıq yaranmasında xüsusi rol oynadığı, ölkəmizin Avropa Şurası ilə birlikdə Bakıda bir çox beynəlxalq tədbirlər keçirdiyi yazıda yer almış, Azərbaycanın BMT-nin Sivilizasiya Alyansı, İSESKO, YUNESKO və Avropa Şurası ilə sıx əməkdaşlığı sayəsində aprelin 7-9-da Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi diqqətə çatdırılmışdır.

"Sürətli iqtisadi inkişaf" yarımsərlövhəsində bu gün Azərbaycanın sabit iqtisadi siyasət aparması nəticəsində ölkənin yeni inkişaf üfüqlərinə doğru yüksəldiyi bildirilmişdir. Yazıda qeyd edilir ki, ölkə rəhbərliyinin ayrı-ayrı vaxtlarda regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun aradan qaldırılması və ölkənin davamlı inkişafı və digər məsələlərlə bağlı qəbul etdiyi proqramlar və qərarlar son bir neçə ildə Azərbaycanın simasını tamamilə dəyişmiş, ölkəni dünyanın aparıcı dövlətləri sırasına çıxarmış, dünyadakı imicinin yüksəlməsinə səbəb olmuşdur.

Yazıda 1994-cü il sentyabr ayında Azərbaycanla 12 neft şirkəti arasında bağlanmış "Əsrin müqaviləsi"nin ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Avropa ilə Asiya arasında strateji məkanda yerləşməsi, qaz və neft kimi yeraltı sərvətlərlə zənginliyi ölkəyə xarici sərmayə qoyulmasına münbit şərait yaratmış və Azərbaycanı qısa bir vaxtda Cənubi Qafqaz bölgəsində aparıcı dövlətə çevirmişdir. Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində inkişaf etmiş dövlətlər belə, dünyanı bürümüş maliyyə böhranından ciddi əziyyət çəkdikləri, bəziləri isə hətta müflisləşdiyi halda, Azərbaycanın bu böhrandan az itkilərlə çıxması, 2009-cu ildə ümumi daxili məhsulun həcminin 9,3 faiz artdığı qeyd olunmuşdur.

Azərbaycan hökumətinin iqtisadiyyatın modernləşməsi ilə bağlı həyata keçirdiyi tədbirlər nəticəsində getdikcə ölkə iqtisadiyyatında mühüm irəliləyişlər baş verdiyi, Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Avropa bazarlarına çıxarılan neftdən əldə edilən gəlirin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldildiyi, 2010-cu ildə ölkənin strateji valyuta ehtiyatlarının 29,1 milyard dollara çatdığı, bunun isə öz növbəsində ölkənin sabit inkişafına təminat olduğu məqalədə geniş yer almışdır.

Məqalənin sonunda ölkəmizin ərazisi, əhalisinin sayı, Prezidenti, Baş naziri, bir çox nazirliklər, milli bayramı, paytaxtı, pul vahidi barədə fransız oxucularına məlumat verilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 7.