Niderlandda "Əli və Nino" kitabının holland dilində nəşrinin təqdimat mərasimi olmuşdur

 

Aprelin 7-də Bakıda öz işinə başlayacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində Haaqa şəhərində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin təşəbbüsü və dəstəyi, "Azərbaycanın Holland Dostları" İctimai Birliyinin, Benilüks Azərbaycanlılar Konqresinin və Gürcüstanın bu ölkədəki səfirliyinin iştirakı ilə Qurban Səidin "Əli və Nino" kitabının holland dilində yeni nəşrinin təqdimat mərasimi və konsert proqramı təşkil olunmuşdur.

Tədbirdə Niderlandın dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, Haaqada akkreditə olunmuş diplomatik korpusun rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, Hollandiyanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan və gürcü diasporlarının fəalları, yerli qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov xalqımızın müstəqillik uğrunda mübarizəsinin tarixi, dövlətimizin siyasi və iqtisadi nailiyyətləri, ölkəmizin regionda mühüm rolu barədə ətraflı məlumat vermiş, özünəməxsus tolerantlığı və dünyəviliyi ilə seçilən müstəqil Azərbaycanın mədəniyyətlərarası dialoqun təşəbbüskarı və bəşəri mərkəzlərindən biri olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, həm "Əli və Nino" kitabı, həm də ümumiyyətlə, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri mədəniyyətlərarası inteqrasiya proseslərinin mümkünlüyünü, hazırda dünyada müşahidə edilən ziddiyyətli tendensiyalar fonunda xalqların gələcəyi və rifahı üçün bəşəriyyətin sivilizasiyalararası dialoqa böyük ehtiyacı olduğunu və yeni müstəqillik qazanmış bu iki dövlətin xeyirxah qonşuluq əlaqələrinin digər ölkələr üçün nümunəvi təcrübə kimi istifadə edilməsinin zəruriliyini bir daha təsdiqləyir.

Niderland ictimaiyyətini "Əli və Nino"nun holland dilində yeni nəşri münasibətilə təbrik edən Fuad İsgəndərov, Qurban Səidin bu əsərinin 1937-ci ildən başlayaraq dünyanın 33 dilində 100-dən çox nəşrlə çap olunduğunu diqqətə çatdırmışdır. Səfir hollandların bu kitabı oxuduqdan sonra Azərbaycan haqqında, Cənubi Qafqaz regionu və burada baş verən həm quruculuq, həm də dağıdıcılıq proseslərinin tarixi-siyasi səbəblərinin mahiyyəti barədə daha məlumatlı olacaqlarına inandığını bildirmişdir.

Mərasimdə Gürcüstanın Niderland Krallığındakı səfiri Şota Qvineriya çıxış edərək ölkələrimizin əlaqələrinin tarixindən söz açmış, iki dövlət arasında siyasi və iqtisadi tərəfdaşlıq haqqında məlumat vermişdir. Diplomat "Əli və Nino" kitabını Gürcüstan və Azərbaycan xalqlarının tarix boyu bir-birinə olan dostluq və qardaşlıq münasibətlərini nümayiş etdirən bir əsər kimi qiymətləndirmişdir.

Tədbir Azərbaycan, gürcü və yerli musiqiçilərin proqramı ilə davam etdirilmişdir. Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında "Qarabağ" muğam ansamblının çıxışı proqrama xüsusi rəngarənglik vermiş və qonaqların möhtəşəm alqışlarını qazanmışdır.

Təqdimat mərasimi çərçivəsində Azərbaycan haqqında filmlər nümayiş etdirilmiş, ziyafət verilmişdir.

 

 

Azərbaycan.- 2011.-7 aprel.- S. 7.