Türkiyə universitetləri ilə əlaqələr genişlənir

 

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin başçılığı ilə iyirmi nəfərlik heyət Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universitetində səfərdə olmuşdur.

AzərTAc xəbər verir ki, universitetlə ilkin tanışlıqdan sonra nümayəndə heyəti universitetin iqtisadiyyat və idarəetmə, ədəbiyyat, baytarlıq, pedaqoji fakültələrində, konservatoriyada olmuş, Qars Qafqaz Universitetində yaradılmış Heydər Əliyev Mərkəzinə ulu öndərin həyat və faəliyyətindən, Azərbaycanın müasir sosial-iqtisadi inkişafından bəhs edən kitablar təqdim edilmişdir.

Heyətlərarası görüşdə gələcək əməkdaşlıq məsələləri - müştərək simpozium və konfransların keçirilməsi, elmi araşdırmalar aparılması, bakalavr, magistratura, doktorantura təhsil pillələri üzrə elmi-pedaqoji kadr və tələbə mübadiləsi məsələləri müzakirə olunmuşdur.

Sonra İsa Həbibbəyli və Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan çoxcəhətli əməkdaşlıq haqqında beşillik müqavilə imzalamışlar. Müqavilədə tədris, təhsil sahəsində tərəfdaşlıq, birgə elmi nəşrlərin hazırlanması NDU-nun baytarlıq fakültəsi tələbələrinin Qars Qafqaz Universitetində təcrübələri və ixtisasartırma kursları keçmələri, elm, mədəniyyət, idman sahəsində tədbirlərin təşkili nəzərdə tutulur.

Qonaqlar 1921-ci ildə Qars müqaviləsinin imzalandığı binada da olmuşlar. Son illərdə təmir-bərpa işləri aparılmış bina hazırda muzeyə çevrilmişdir.

Akademik İsa Həbibbəyli Türkiyə səfəri zamanı Ankara Universitetində də olmuşdur. Xatırladaq ki, NDU-nun bu ali təhsil ocağı ilə əlaqələrinin on beş illik tarixi var. İndiki səfər zamanı elm, təhsil, mədəniyyət və idman sahəsində müştərək tədbirlərin keçirilməsi, kadr və təcrübə mübadiləsinə dair universitetlərarası müqavilə imzalanmışdır. Müqavilədə həmçinin NDU-nun tibb fakültəsi tələbələrinin Ankara Universitetinin xəstəxanasında təcrübə, ixtisasartırma kursları keçmələri nəzərdə tutulur.

İsa Həbibbəyli Bilkənd Universitetində də olmuş, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli pediatr, Bilkənd Universitetinin idarə heyətinin sədri, Azərbaycanın böyük dostu olmuş mərhum İhsan Doğramacının universitet ərazisində ucaldılmış abidəsini ziyarət etmişdir.

 

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 7.