Bakıda "Rusiya-Azərbaycan mədəni
əlaqələri AzərTAc və İTAR-TASS agentliklərinin
fotoşəkillərində" adlı sərgi
açılmışdır
Aprelin 6-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya-Azərbaycan mədəni əlaqələrinə həsr edilmiş fotosərginin açılışı olmuşdur.
Sərgi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi və "Rossotrudniçestvo"nun ölkəmizdəki nümayəndəliyi tərəfindən AzərTAc və İTAR-TASS agentlikləri ilə birlikdə təşkil edilmişdir.
Sərgi Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələr yaradılmasının növbəti ildönümünə həsr edilmişdir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin sərginin açılış mərasimində çıxış edərək bildirmişdir ki, 19 il bundan əvvəl Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulması ölkələrimizin münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı olmuşdur. Səfir demişdir: "Bu gün Rusiya ilə Azərbaycan arasında bir-birinin suverenliyinə qeyd-şərtsiz hörmətə əsaslanan münasibətlər regional sabitlik amilidir". Diplomat bildirmişdir ki, bu sərgi üçün mədəniyyət mövzusunun seçilməsi heç də təsadüfi deyildir. Səfir ulu öndər Heydər Əliyevin bu fikrini xatırlatmışdır ki, Rusiya ilə Azərbaycan arasında dostluğun və çoxşaxəli əlaqələrin çoxəsrlik tarixi vardır. Böyük Nizami rus qadınının gözəlliyinə, müdrikliyinə və mənəvi saflığına əsl himn qoşmuş, rus poeziyasında isə Azərbaycan qadınının - Şamaxı gözəlinin poetik obrazı rus torpağının dahi oğlu A.S.Puşkinin şeirlərində əbədiləşdirilmişdir. Diplomat demişdir: "Beləliklə, hər biri öz xalqının yaradıcı dühasını qeyri-adi dərəcədə dərin və parlaq təcəssüm etmiş iki böyük istedadın poetik estafeti əsrlərin sınağından çıxaraq qarşılaşmışdır".
AzərTAc-ın baş redaktoru Yaşar Quluzadə də vurğulamışdır ki, yubiley sərgisi məhz mədəni əlaqələrə həsr edilmişdir, hərçənd Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələr bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Lakin əsrlər boyu xalqın yaddaşında qalan məhz mədəni əlaqələr olur.
O xatırlatmışdır ki, Bakıda böyük Puşkinə abidə qoyulmuşdur, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Puşkinin ölümünə birincilər sırasında şeir həsr etmişdir.
Y.Quluzadə Leninqradın mühasirədə olduğu soyuq qış aylarında böyük Nizaminin yubileyinin bu şəhərdə qeyd olunmasını xatırladaraq demişdir ki, bu cür faktlar həmişəlik yaddaşlarda qalır, onlar heç vaxt unudulmur. Azərbaycanda rus mədəniyyətini, Rusiyada isə Azərbaycan mədəniyyətini bilir və sevirlər.
Sərginin açılışında iştirak edən Milli Məclisin deputatları, habelə ictimaiyyətin nümayəndələri fotosərgi ilə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.- 2011.- 7 aprel.- S. 7.