Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
yeni əməkdaşlıq əlaqələrinin
qurulmasına təkan verəcəkdir
Aprelin 7-də Milli Məclisin Sədri Oqtay Əsədovun ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüşü oldu.
"Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştrakınız Azərbaycanla Avropa Şurası, eləcə də Azərbaycan-Türkiyə arasındakı yüksək səviyyəli münasibətlərin ən böyük göstəricisidir" deyən Oqtay Əsədov əlavə etdi ki, bu forum əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərəcəkdir. Parlamentin Sədri qeyd etdi ki, sentyabr ayında Bakıda dünya dini liderlərinin iştirakı ilə tədbir keçirilməsi də nəzərdə tutulub.
Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bildirdi ki, təmsil etdiyi qurum Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə çox önəm verir və bu istiqamətdə aparılan işləri dəstəkləyir. Bakıda keçirilən bu tədbir çox mühüm əhəmiyyət kəsb edir və forumda müxtəlif ölkələrin nümayəndələrinin iştirakı yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişafına təkan verəcəkdir.
Sonda tərəflər qarşlıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.
Azərbaycan.- 2011.-8 aprel.- S. 4.