Forumun birinci sessiyasında sülh
və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası
anlaşma və mədəni müxtəliflik məsələləri
müzakirə olunmuşdur
Aprelin 7-də Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik" mövzusunda birinci sessiyası keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumun proqramını elan etdikdən sonra sessiya öz işinə başlamışdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Banın sədrliyi ilə keçirilmiş sessiyada sülh və inkişafa nail olmaq üçün mədəniyyətlərarası anlaşmanın və mədəni müxtəlifliyin rolu müzakirə olunmuşdur.
Forumun əhəmiyyətini qeyd edən E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycan mədəni müxtəlifliyə malik, ayrı-ayrı dini icma və xalqların sülh şəraitində, bərabər yaşadıqları bir ölkədir. Ümid edirəm ki, bu tədbir çərçivəsində ya yeni əməkdaşlıq formaları yaranacaq, yaxud mövcud əməkdaşlıq formaları daha da gücləndiriləcəkdir.
Sessiyada J.K.Ba iki il əvvəl Beynəlxalq Münaqişələr üzrə İnstitutun apardığı araşdırmaların nəticələrini xatırladaraq bildirmişdir ki, dünyada 143 ciddi münaqişə ocağı vardır. Bunların səkkizində mövcud olan güclü mədəni komponent bu münaqişələrin yaranmasına səbəb olmuşdur. Hazırda biz elə bir tarixi dövrdə yaşayırıq ki, bir-birimiz haqqında kifayət qədər məlumatlı olmalıyıq. Bu baxımdan belə bir dialoqun keçirilməsini yüksək qiymətləndirirəm.
İlk Ümumdünya Dialoq Forumunun Bakıda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən sessiya iştirakçısı, Şanxay Beynəlxalq Əlaqələr Mərkəzi sədrinin müavini Pan Guang sülh və inkişafla mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik arasında əlaqələrdən danışmışdır. Çinli qonaq xüsusi vurğulamışdır ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu isə ölkənin inkişafında vacib amildir. Azərbaycanda yaradılmış bu nadir təcrübə digər ölkələr tərəfindən öyrənilməlidir.
YUNESKO-nun mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sektorunun müdiri Katerina Stenou, Avropa Şurasının Şimal-Cənub Mərkəzi sədrinin müavini Eberard Koelş, "Kaunterpoint Britaniya Şurası" təşkilatından Katrin Fieski, ABŞ-ın Duk Universitetinin professoru Karla Dierdorf, Avropa "Verqeland" Mərkəzinin müşaviri Qunnar Mandt, Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, Fransa Senatının üzvü, işçi qrupunun rəhbəri Natali Qule və başqaları forumun yüksək səviyyədə təşkilinə və bütövlükdə Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirmişlər.
Vurğulanmışdır ki, bu mötəbər forumun Bakıda keçirilməsi təsadüfi deyil, çünki Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkandır.
Mədəniyyətlərarası dialoqun bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biri olduğunu deyən natiqlər qeyd etmişlər ki, bu formatda təşkil olunan dialoqlar xalqları bir-birinə daha çox yaxınlaşdırır. Hazırda hökumətlərarası təşkilatlar, eləcə də özəl sektor və mədəniyyət təsisatlarının irəli sürdükləri təşəbbüslər çərçivəsində tədqiqat layihələri reallaşır. Siyasi təşəbbüslər sülh, eləcə də inkişaf məqsədini güdən mədəni müxtəlifliklə mədəniyyətlərarası dialoq arasında qarşılıqlı əlaqəni qurmaq üçün formalaşdırılır.
Sessiyada bu təşəbbüslərdən
bəziləri təqdim olunmuş və onların beynəlxalq
gündəlikdə duran müxtəlif variantları və nəticələri
müzakirə edilmişdir.
Azərbaycan.- 2011.-8 aprel.- S. 4.