Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs" mövzusunda sessiya keçirilmişdir

 

Aprelin 7-də Bakıda işə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs" mövzusunda ikinci sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının mədəniyyət və təbii irsinin mədəniyyət direktoru Robert Palmer həmsədrlik etmişlər.

Sessiyada mərakeşli yazıçı, fotoqraf, rejissor Leyla Qandi, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ruslan Abdulatipov, Misirin "Əl Mavrid Əl Təkafi" təşkilatının direktoru xanım Basma El Hüseyni və Niderlandın "Mekano Arxitekte" qurumunun direktoru xanım Fransin Jan Huben mövzuya uyğun məruzələrlə çıxış etmişlər.

Məruzəçilər bir daha Azərbaycanda təşkil edilmiş forumun böyük əhəmiyyət daşıdığını vurğulamış, mədəniyyətin, incəsənətin, musiqinin sərhəd tanımadığını və daim insanları birliyə, bərabərliyə, həmrəyliyə səslədiyini söyləmişlər. Əminliklə vurğulanmışdır ki, belə tədbirlər xalqlar arasında sülhün bərqərar olmasına və dünyada mövcud olan qlobal problemlərin həllinə təkan verəcəkdir.

Bildirilmişdir ki, mədəniyyət insanları zənginləşdirir, mənən saflaşdırır, ruhən yaxınlaşdırır və ən əsası insanı ali, uca, saf hisslərə, amallara doğru aparır. Bu forum bizə öz varlığımızı, niyyətimizi, məramımızı təsdiq etməyə imkan verir. Biz belə möhtəşəm tədbirlərdə bir araya gəlməklə böyük dəyərlərə nail ola bilərik.

Xüsusi olaraq qeyd edilmişdir ki, bu forumda biz danışmadan da bir-birimizi başa düşə bilərik. Ona görə ki, biz insan olaraq hissin, düşüncənin, duyğunun daşıyıcılarıyıq.

Natiqlər təmsil etdikləri ölkələr və çalışdıqları qurumlar haqqında da geniş danışmışlar. Əminliklə vurğulamışlar ki, Bakıda təşkil edilmiş forum dövlətlər arasında mövcud əlaqələrin daha da genişlənməsinə yardımçı olacaqdır. Bu baxımdan yeni layihələrin hazırlanması, tədbirlərin təşkili, görüşlərin keçirilməsi olduqca vacibdir.

Məruzələrdən sonra çıxışlar dinlənilmişdir.

Sessiyada çıxış edən TÜRKSOY-un baş direktoru Düsen Kaseinov Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu dilə gətirərək demişdir ki, bu forum ölkələr arasında sülh və dostluğa bir çağırışdır.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini xanım Şenay Başer, Latviyanın mədəniyyət naziri xanım Sarmite Elerte, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov və başqaları çıxış edərək forumun təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 4.