Bakıda "Mədəniyyətlərin
müxtəlifliyi və müasir dünyada dialoq fəlsəfəsi"
mövzusunda beynəlxalq konfrans işə
başlamışdır
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aprelin 7-də Bakı Biznes Mərkəzində "Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə Avropa, Afrika, Asiya ölkələrindən olan filosof alimlərlə yanaşı, Azərbaycan alimləri də iştirak edirlər. Müxtəlif mədəniyyətlər arasında dialoq fəlsəfəsinin işlənib hazırlanması, xalqlar arasında əməkdaşlığın təsirli formalarının təşəkkülünə şərait yaradan universal və lokal dəyərlərin əlaqələndirilməsi problemlərinin müzakirəsi konfrans iştirakçılarının diqqət mərkəzindədir.
Tədbir Azərbaycan fəlsəfə elminin nailiyyətlərini əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlandı.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru akademik Əbdülsalam Hüseynov öz çıxışında mədəniyyətlərin dialoqunda fəlsəfənin xüsusi rolunu vurğulayaraq bildirmişdir ki, mədəniyyətlərin dialoq rejimində qarşılıqlı təsirinin özü müəyyən mənada fəlsəfi məsələdir. O demişdir: "Bu, təkcə fəlsəfənin özünün dialoq potensialı ilə deyil, həm də mədəniyyətin özündə fəlsəfənin xüsusi rolu ilə bağlıdır". Ə.Hüseynov vurğulamışdır ki, fəlsəfə özünün universal prinsipləri sayəsində mədəniyyətlərarası dialoq üçün intellektual zəmin yaradır.
"Mədəniyyətlərin dialoqu fəlsəfi refleksiya kontekstində" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə demişdir ki, müasir dünyada qloballaşma prosesi əsasən iqtisadi proseslərlə, informasiya-kommunikasiya texnologiyaları ilə bağlıdır, "lakin bütün xalqlar başa düşürlər ki, mədəniyyətsiz tərəqqi ola bilməz". Alim vurğulamışdır ki, qloballaşma şəraitində mədəniyyət fəlsəfəsini inkişaf etdirmək zəruridir. Qloballaşma dövründə hər bir xalqın mentalitetində müəyyən dəyişikliklər baş verir, bu isə bütövlükdə cəmiyyətdə dəyişikliklərə gətirib çıxarır. Alim buna nümunə kimi son vaxtlar Azərbaycanda müşahidə edilən sosiomədəni modernləşmə prosesini göstərmişdir. İ.Məmmədzadənin qeyd etdiyi kimi, bu onu göstərir ki, Azərbaycan cəmiyyətdə sosiomədəni dəyişiklikləri qəbul edir və buna hazırdır.
Türkiyədən gəlmiş filosof-alim, professor Kənan Gürsoy qloballaşma dövründə mədəniyyətlərin müxtəlifliyinin və birgəyaşayış etikasının mahiyyətini açıqlamışdır. Mədəniyyətlərarası dialoqda fəlsəfənin mühüm rolundan söhbət açan K.Gürsoy demişdir ki, mədəniyyətlərin müxtəlifliyinin dərk edilməsində, onların ümumi təmas nöqtəsinin tapılmasında fəlsəfə müstəsna rol oynayır.
Azərbaycan Fəlsəfə və Sosial Siyasət Assosiasiyasının idarə heyətinin sədri professor Səlahəddin Xəlilov konfrans iştirakçılarının diqqətini "sivilizasiya" və "mədəniyyət" anlayışları arasında fərq qoyulmasının zəruriliyinə cəlb etmişdir. O vurğulamışdır ki, əslində müxtəlif sivilizasiyalar yoxdur, sivilizasiya bütün bəşəriyyət üçün eynidir və bəşəriyyət də onu qoruyub saxlamalıdır. Mədəniyyətlərə gəldikdə isə, S.Xəlilovun fikrincə, onlar tarixi prosesləri, ayrıca götürülmüş hər bir xalqın milli mənlik şüuru ilə bağlı hadisələri özündə əks etdirir. Bu mənada dialoq sivilizasiyalar arasında deyil, yalnız mədəniyyətlər arasında ola bilər.
Sonra
Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Fəlsəfə
və Politologiya İnstitutunun direktoru Əbdülmalik
Nısanbayev, Belarus Milli Elmlər Akademiyası Fəlsəfə
İnstitutunun direktoru Anatoli Lazareviç, Rusiya Fəlsəfə
Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov məruzələrlə
çıxış etmişlər. Alimlər müasir fəlsəfənin
problemlərinə diqqəti cəlb etmiş, cəmiyyətin
sosial, siyasi, mədəni problemlərinin həllində fəlsəfənin
rolunu artırmağın zəruri olduğunu
vurğulamışlar. Belə bir fikir səslənmişdir
ki, müasir dünyada dialoq bəşəriyyətin salamat
qalması üçün ən mühüm vasitədir.
Azərbaycan.- 2011.-8 aprel.- S. 5.