Mixail Kulinyak: Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu müasir dünyada mədəniyyətlərarası, millətlərarası və onfessiyalararası münasibətlərlə bağlı heç də sadə olmayan vəziyyətə diqqətlə baxmağa məcbur edir

 

Dünən Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamışdır. Bu qlobal tədbir YUNESKO-nun və İSESKO-nun, BMT Sivilizasiyalar Alyansının, Avropa Şurasının və onun Şimal-Cənub Mərkəzinin dəstəyi ilə keçirilir.

AzərTAc-ın Kiyevdəki xüsusi müxbiri forum ərəfəsində bu tarixi hadisəni şərh etməsi xahişi ilə Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyaka müraciət etmişdir.

M.Kulinyak demişdir: Mədəniyyətlərimizi qloballaşma şəraitində yaşatmaqla bağlı çətinlikləri müzakirə etmək lazımdır. Bərabərhüquqlu, dinc, qarşılıqlı surətdə faydalı mədəniyyətlərarası dialoqun qurulmasında yaranmış problem müasir, qloballaşan dünyada, xüsusən kiçik xalqların və etnosların, habelə miqyasına və çoxmilyonlu əhalisinə baxmayaraq, dünyada üstün rol oynamaqdan hələ də uzaq olan ölkələrin milli mədəniyyətləri üçün getdikcə daha aktual olur.

Ukrayna da belə ölkələrdəndir, axı öz mədəni müxtəlifliyini qorumaq və inkişaf etdirmək məsələləri onun da qarşısında kəskin dayanır. Biz ukraynalılar sivilizasiyaların kəsişməsində həyatın ziddiyyətlərini yaxşı başa düşür, həm bununla bağlı təhdidləri, həm də mədəniyyətlərin qarşılıqlı təsiri zamanı ortaya çıxan daha dinamik inkişaf imkanlarını görürük.

Ukrayna etnik baxımdan çoxmillətli ölkədir. Ukraynalılar əhalinin təxminən 78 faizini təşkil edir, lakin bir çox yerlərdə yığcam şəkildə digər etnik qruplar yaşayır.

Müasir Ukraynanın bütün etnik qrupları azad şəkildə mədəni maarifləndirmə işləri aparır. Milli azlıqların dilində tədris olunan geniş məktəblər şəbəkəsi işləyir. Bu dillərdə yüzlərlə qəzet və jurnal çıxır, teleradioyayım aparılır. Ukraynada 1200-dən çox milli-mədəni qurum fəaliyyət göstərir.

İsrarla demək olar ki, Ukrayna üçün millətlərarası sülh və mədəniyyətlərarası dialoq reallıqdır. Ukrayna Prezidenti Viktor Yanukoviç, Ukrayna hökuməti, o cümlədən Mədəniyyət Nazirliyi ölkəmizin etnomədəni müxtəlifliyini qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox iş görürlər. Maliyyə böhranına baxmayaraq, milli azlıqların mədəniyyətlərinin dəstəklənməsinə dair tədbirlərə hər il xeyli vəsait yönəldilir. Dövlətin dəstəyi ilə müxtəlif xalqların və etnosların mənəvi yaradıcılığının misilsiz nümunələrini bütün Ukrayna cəmiyyətinə təqdim edən milli mədəniyyət festivalları keçirilir. Bu yolla mədəniyyətlərarası dialoq qurulur, xoşagəlməz etnik stereotiplər qırılır. Mədəniyyət Nazirliyi yanında məşvərətçi orqan kimi Milli Azlıqların Mədəniyyət Məsələləri Şurası fəaliyyət göstərir.

Hazırda Mədəniyyət Nazirliyi Ukrayna dövlətinin 2010-2012-ci illərdə ölkə cəmiyyətində ksenofobiya, irqi və etnik ayrı-seçkilik təzahürlərinə qarşı mübarizə üzrə tədbirlər Planının həmicraçısıdır. Bu sənədlə nəzərdə tutulmuş tədbirlərin başlıca məqsədi ksenofobiya, irqi və etnik ayrı-seçkilik təzahürlərinin aradan qaldırılması, Ukrayna cəmiyyətində tolerantlığın, müxtəlif etnosların mədəniyyət, dil və adətlərinə hörmətin təmin olunmasıdır. Həmin plan çərçivəsində Zakarpatye vilayətinin Yasinya kəndində "Tolerantlıq mənbələri" uşaq düşərgəsi açılmış, deportasiya olunmuş Krım xalqları nümayəndələrinin uşaqları üçün "Dirçəliş sevinci" mədəni maarifləndirmə aksiyası keçirilmiş, Kiyevdə Gənclər forumu təşkil edilmişdir.

Ukrayna beynəlxalq mədəni əlaqələrin, ilk növbədə qonşu ölkələrlə əlaqələrin inkişafına da xüsusi diqqət yetirir.

Hazırda Ukrayna 48 dövlətlə mədəni əməkdaşlıq üzrə müqavilə bazasına malikdir. Bu baza əsasında ikitərəfli mədəni əməkdaşlıq gerçəkləşdirilir, müntəzəm olaraq mədəni-bədii tədbirlər həyata keçirilir. Bir çox ölkələrlə, o cümlədən Avstriya, Azərbaycan, Belarus, Misir, Litva, Makedoniya, Polşa, Rusiya, Serbiya, Suriya, Slovakiya, Macarıstanla idarələrarası səviyyədə əməkdaşlıq yaradılmışdır.

Məsələn, təkcə 2010-cu ildə ikitərəfli müqavilələrin icrası məqsədi ilə Çində Ukrayna, Ukraynada Belarus, Suriyada Ukrayna mədəniyyəti günləri keçirilmişdir.

2010-cu ilin sentyabrında Ukraynada Avropa Şurasının və Avropa Komissiyasının diqqəti mədəni irsə və müasir cəmiyyətin inkişafında onun roluna cəlb etmək məqsədi daşıyan birgə aksiyası - Avropa irsi günləri keçirildi.

Artıq beş ildir Avropa Şurasının Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələr üçün "Kiyevin mədəniyyət vasitəsilə demokratik inkişaf təşəbbüsü" regional proqramı həyata keçirilir. Proqramın əsas məqsədlərindən biri "Avropa mədəni müxtəlifliyinin tərkib hissəsi kimi mədəni identikliyin saxlanılması və inkişafı" elan edilmişdir.

Dünya mədəniyyətinin inkişafının möhkəm təməli isə, ilk növbədə, hər bir dövlətin, hər bir xalqın öz mədəni irsinin bütün rəngarəngliyini qoruyub saxlaması və təbliğ etməsi, öz mühitində və özünə xas tarixi zəmində təşəkkül tapmış mədəniyyət, o cümlədən incəsənət ənənələrini möhkəmləndirməkdir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 5.