AzərTAc ilə Sinxua arasında əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi məsələləri
müzakirə edilmişdir
Çinin Sinxua
Agentliyinin Asiya-Avropa bürosunun direktoru Jan Tiqanın rəhbərlik
etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət
Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
Görüşdə AzərTAc
ilə Sinxua arasında ikitərəfli əməkdaşlıq
məsələləri müzakirə olunmuş, bu əlaqələrin
inkişafına təkan verəcək müqavilənin
imzalanmasının vacibliyi qeyd edilmişdir. Bildirilmişdir
ki, agentliklərin qarşılıqlı əlaqələrinin
genişlənməsi Azərbaycan ilə Çin arasında
münasibətlərin möhkəmlənməsinə layiqli
töhfə verəcəkdir. Vurğulanmışdır ki, Azərbaycanın
və Çinin milli informasiya qurumları Asiya və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri Təşkilatı
(OANA) çərçivəsində fəal əməkdaşlıq
edirlər. Həmçinin informasiya texnologiyaları,
xüsusilə multimedia və videoxidmətlər sahəsində
əməkdaşlığın vacibliyi diqqətə
çatdırılmışdır.
Yüksək qonaqpərvərliyə
görə minnətdarlığını bildirən Jan Tiqan
AzərTAc və Sinxua arasında əməkdaşlığın
səviyyəsindən razı qaldığını
bildirmiş, eyni zamanda qarşılıqlı əlaqələr
sahəsində böyük potensialın olduğunu
vurğulamışdır.
Qonaq qeyd etmişdir ki,
Çin tərəfi Sinxua agentliyində tətbiq olunan
qabaqcıl texnologiyalar sahəsində qazanılmış təcrübə
ilə bölüşməyə hazırdır.
Sinxuanın Bakıda, AzərTAc-ın
isə Pekində müxbir məntəqəsinin
açılması yüksək qiymətləndirilmiş,
onların səmərəli çalışmalarına
yardım göstəriləcəyi bildirilmişdir.
Görüşdə, həmçinin
informasiya və jurnalist mübadiləsi məsələlərinə
də toxunulmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 8 aprel.- S. 5.