Həmvətənimiz Araz Ağalarov Uzaq Şərqdə möhtəşəm tikinti layihəsini həyata keçirir

 

Moskvadakı Mərkəzi Jurnalistlər Evində Russkiy adasında Uzaq Şərq Federal Universitetinin (UŞFU) tikintisinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir. Tikinti işlərinin baş podratçısı həmvətənimiz Araz Ağalarovun başçılıq etdiyi "Krokus İnterneşnl" Qapalı Səhmdar Cəmiyyətidir.

A.Ağalarov layihə barəsində ətraflı məlumat verərək bildirmişdir ki, əhatə dairəsinə və miqyasına görə bu layihənin dünyada analoqu yoxdur. Onun sözlərinə görə, bu ambisiyalı layihə ona 2009-cu ildə RF hökuməti tərəfindən tapşırılmışdır. Universitet şəhərciyinin açılışı ATES-in sammiti (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu) ilə bir vaxta düşəcəkdir. O qeyd etmişdir ki, ölkə rəhbərliyi layihənin dəyəri və təfsilatı barədə uzun-uzadı məsləhətləşmələrdən sonra bu dövlət sifarişini ona tapşırmağı qərara almışdır. Sahibkar demişdir: "Açığını deyim ki, bu təklif mənim üçün bir qədər gözlənilməz oldu, heç cür təsəvvür etmirdim ki, həyatımın iki il yarımını Russkiy adası ilə Moskva arasında - praktiki olaraq təyyarədə keçirməli olacağam. Lakin mənə bəri başdan dedilər ki, bu, dövlət əhəmiyyətli məsələdir və onu həyata keçirmək lazımdır. Digər tərəfdən, bu çox məsuliyyətli iş idi. Əlbəttə, xoşagələn hal odur ki, bu cür iri layihəni bir insana etibar edirlər".

Araz Ağalarov onu da bildirmişdir ki, Rusiyanın Baş naziri Vladimir Putin tikinti meydançasında olmuş, nəzərdə tutulan layihədən və onun həyata keçirilməsinin gedişindən çox razı qalmışdır.

A.Ağalarov obyektin tikintisi ilə bağlı müxtəlif aspektlər barəsində ətraflı məlumat verəndən sonra Rusiya və Azərbaycan KİV-lərinin suallarını cavablandırmışdır. Araz Ağalarov onun Azərbaycanla bağlı ehtimal edilən planları barədə sualın cavabında demişdir ki, bu layihənin tikintisi başa çatandan sonra onların şirkəti Moskvadakı tikinti proqramlarının başa çatdırılması ilə məşğul olacaqdır. O, gələcəkdə Azərbaycanda da buna oxşar layihələrin həyata keçirilə biləcəyini istisna etməmişdir.

Qeyd etmək lazımdır ki, ümumi sahəsi 800 min kvadratmetr olan UŞFU binaları kompleksi unikal təbii landşafta malik olan 250 hektarlıq ərazidə yerləşir. Bu kompleks öz ölçülərinə görə M.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün binalarının sahəsi ilə müqayisə edilə bilər. Artıq 2012-ci ilin payızında ilk tələbələri qəbul etməyə hazır olacaq UŞFU Rusiyanın və bütövlükdə Asiya-Sakit Okean regionunun mühüm beynəlxalq elmi-tədris mərkəzinə çevriləcəkdir. Universitetin və müvafiq infrastruktur obyektlərinin tikintisi "2013-cü ilə qədər Uzaq Şərqin və Zabaykalyenin iqtisadi və sosial inkişafı" Məqsədli Federal Proqramda nəzərdə tutulmuşdur. "Vladivostokun Asiya-Sakit Okean Regionunda beynəlxalq əməkdaşlıq mərkəzi kimi inkişafı" altproqramı həmin Federal Proqramın tərkib hissəsidir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 6.