Parlaq istedad çoxcəhətli yaradıcılıqda özünü göstərir

 

Azərbaycan mədəniyyətinin çox maraqlı və istedadlı nümayəndələrindən olan Ağadadaş Qurbanov teatrsevərlərin böyük məhəbbətini qazanan, parlaq istedadı və aktyor məziyyətləri ilə seçilən sənətkarlardan idi. Onun Azərbaycan dram sənətinin tarixindəki yeri ilə bağlı nəzəriyyəçilər bir fikir söyləyirlər ki, Ağadadaş Qurbanov həmişə öz oyunu ilə bütün həmkarlarından fərqlənib. O, Azərbaycan səhnəsinin çoxcəhətli yaradıcılıq qabiliyyəti olan sənətkarlarından biri kimi şöhrət qazanmışdı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən sayılan, həm faciə, həm dram, həm də komediya janrlı əsərlərdə yaddaqalan obrazlar yaradan Ağadadaş Qurbanovun milli kinomuzun inkişafında da özünəməxsus xidmətləri var.

Ötən əsrdə yaşayıb-yaratmış bu unudulmaz sənətkarın Azərbaycan teatrının inkişafında gördüyü işlər bəlkə də bu gün bir çox gənc həmkarlarına bəlli deyildir. Çünki teatr sənəti elədir ki, baxıldıqca yaşayır, yaddaşlara iz salır. Bu səbəbdən də belə unudulmuş unudulmazları yad etmək, xatırlamaq onların sənətinin ölməzliyindən, əbədiliyindən bəhrələnir. Belə qüdrətli aktyorları ehtiramla yad etmək, həm də onların böyük cəfakeşliklə yaratdığı məktəbin var olduğunu, ardıcıllarının gəldiyini, mənəvi irsinin yaşadığını təsdiqləməkdir.

Ağadadaş Qurbanov 1911-ci ilin yazında Bakıda anadan olub. Səhnə fəaliyyətinə 16 yaşında başlayan Ağadadaş Qurbanov 1927-ci ilin martında "Dənizçilər klubu"nda tamaşaya qoyulmuş "Fırtına" pyesində ilk rolunu yaradıb. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılacaq) bünövrəsi qoyulub. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda çalışıb və qısa müddət ərzində kollektivin aparıcı aktyorlarından olub. Onun bu teatrın səhnəsində yaratdığı Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər"), Hacı Qəmbər ("Yağışdan çıxdıq yağmura düşdük"), Aydın ("Aydın"), Xlestakov ("Müfəttiş"), Karl Moor ("Qaçaqlar"), Qanes ("Əfilər") və s. rolları onu tezliklə tamaşaçıların sevimlisinə çevirmişdi.

Ağadadaş Qurbanov əsasən baş rollarda çıxış edirdi. Həmkarları öz xatirələrində bildirirlər ki, Ağadadaş Qurbanovun yaratdığı onlarca rol var ki, milli teatr sənətimizin nailiyyətləri sayıla bilər.

Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləyib. Onun bu səhnədə yaratdığı obrazlar Azərbaycan teatr tarixinin unudulmaz səhifələrini naxışlayır. Ağadadaşın böyük səhnə ustalığı rejissorların diqqətini cəlb edirdi. Xüsusilə də o, təzadlı rollar yaratmaqda seçilirdi. Ağadadaş səhnəmizin çox əvəzsiz və qeyri-adi aktyorlarından biri idi. Onun məziyyətləri barədə danışdıqca yetməz.

Tanrı ona həqiqətən qeyri-adi istedad və səhnə üçün lazım olan zahiri görünüş də vermişdi. Yəni, aktyor üçün vacib olan bütün məziyyətlər Ağadadaş Qurbanovda var idi. Ucaboy, olduqca yaraşıqlı, mənalı baxışlar, məlahətli, həm də gur səs, amiranə yeriş - bütün bunlar onun çoxcəhətli yaradıcılıq qabiliyyətinin üzə çıxmasına kömək edirdi. O, bir tərəfdən səhnədə komik obraz - Hacı Qəmbəri yaradırdısa, digər halda faciəli qəhrəman - Şeyx Sənanı təqdim edirdi. Görkəmli rejissor, unudulmaz Adil İsgəndərov Hüseyn Cavidin bu məşhur əsərinə - "Şeyx Sənan"a maraqlı quruluş vermişdi. Amma faciənin uğurlu alınmasında baş rolda çıxış edən ilk aktyorun xüsusi xidmətini rejissor özü də etiraf edirdi. Rza Əfqanlı və Ağadadaş Qurbanov. Hər iki aktyorun ifası elə təkraredilməz məziyyətlərlə diqqət çəkirdi ki, onlar bir-birlərindən həm fərqlənirdilər, həm də haradasa, deyək ki, tamaşaçı sevgisində, rəğbətində, alqışında birləşirdilər. O, bir tərəfdən güldürməyi, digər tərəfdən də düşündürməyi, yeri gələndə, ağlatmağı bacarırdı. Onun təbiətən romantik olması yaratdığı obrazlarda da öz əksini tapırdı.

Ağadadaş Qurbanovun çox sevdiyi dramaturq Hüseyn Cavid idi. Söhbətlərinin birində o demişdi: "Cavidin əsərlərində oynamaq aktyoru zənginləşdirir. Onun qanadlı sözlərini deyəndə sanki adamın özü də pərvazlanır, sənətin zirvələrinə yüksəlir".

Bu istedadlı aktyor həm də son dərəcə təvazökar idi. Həmişə həmkarlarını, səhnədə gördüyü müqtədir aktyorları - Abbas Mirzə Şərifzadəni, Ülvi Rəcəbi, İsmayıl Hidayətzadəni, Sidqi Ruhullanı yüksək dəyərləndirirdi. Onların rollarına baxdıqdan sonra tələbkarlıqla deyərdi: "Mən belə gözəl oyunu görəndə fikirləşirəm ki, biz hara, Abbas Mirzə Şərifzadə hara, Rza Əfqanlı hara? Onlar əvəzsizdirlər. Biz birtəhər çulumuzu sudan çıxarırıq". Fikir verirsinizmi, bütün rollarını məharətlə yaradan, yaradıcılığı teatr tarixində ayrı bir mərhələ olan, ömrünün sonuna kimi öz sənəti ilə zirvələr fəth edən Ağadadaş Qurbanov həmkarlarının zəhmətini, alın tərini necə dəyərləndirirdi? O, səhnədə sadəcə oynamırdı, obrazı olduğu kimi yaradırdı. Ağadadaş Qurbanov təkcə can verdiyi obrazın daxili aləmini mənimsəmirdi, yaşadığı dövrü, mühiti də öyrənirdi. Bu səbəbdən də oyunu təbii və təsirli alınırdı.

Ağadadaş Qurbanov Hüseyn Cavidin "İblis" faciəsini demək olar ki, əzbər bilirdi. Hətta dostları ilə görüşlərin birində İblisin monoloqunu necə ahənglə söyləyibsə, həmkarları sehrlənmiş halda ona qulaq asaraq heyrətləniblər. Oynamadığı əsərin personajlarını əzbər bilirdi. Mütaliəsi geniş, daxili aləmi çox zəngin idi. Ağadadaş Qurbanov böyük Cavidin yaradıcılığını və adıçəkilən bu əsərini çox sevirdi. Təəssüf ki, sağlığında "İblis" faciəsi teatrın repertuarından çıxarıldı. Ona görə də qüdrətli səhnə ustası bu faciədə rol yaratmaq arzusuna çatmadı.

Yarım əsrdən artıq yaradıcılıq yolunun xeyli hissəsini Milli Dram Teatrına bağlayan Ağadadaş Qurbanov bu mədəniyyət ocağının səhnəsində son dərəcə parlaq və yaddaqalan rollar yaradıb. 1943-cü ildə əməkdar, 1954-cü ildə xalq artisti fəxri adlarına layiq görülən Ağadadaş Qurbanov milli kinomuzun çiçəklənməsində də öz əməyini əsirgəməyib. "Bir qalanın sirri", "Bizim küçə", "Koroğlu", "Kölgələr sürünür", "Qızmar günəş altında", "Səbuhi", "Telefonçu qız", "Yun şal", "Zəncirlənmiş adam" və s. filmlərdə yaratdığı rollarla əbədiyaşarlıq qazanıb. O, həm də "Arşın mal alan" filmində Soltan bəy roluna çəkilirdi. Təəssüf ki, aktyora bu filmin tamamlanmasını görmək qismət olmayıb. Çəkiliş zamanı Salyanda qastrol səfərində olan Ağadadaş Qurbanovun qaldığı mehmanxananın eyvanı qəflətən uçub və o, faciəli surətdə dünyasını dəyişib.

Bakıda Fəxri xiyabanda dəfn olunan Ağadadaş Qurbanov təkcə öz yaradıcılığı ilə sənətə, teatra xidmət etmirdi. Onun başçılıq etdiyi ailə bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafında öz istedadları ilə əsl fədakarlıq göstərirdi. O, opera müğənnisi Gülxar Həsənovanın həyat yoldaşı idi. Oğlu Hamlet Qurbanov və qızı Gülşən Qurbanova istər teatr, istərsə də kino sənətində özlərinə məxsus fəaliyyət göstərirdilər. Onların hər biri istedadlı idi və öz sənətlərinin mahir ifaçıları kimi sevilirdilər. Hamlet də, Gülşən də... atalarının yolunu ləyaqətlə davam etdirir, onun çalışdığı sənət ocağında işləyirdilər. Hamlet Qurbanovun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı bir-birindən fərqli və maraqlı obrazlar hələ də tamaşaçıların yadından çıxmayıb. Özünəməxsus yaradıcılıq üslubu olan bu müqtədir aktyor da televiziya tamaşalarına, filmlərə çəkilib, müxtəlif fəxri adlara layiq görülüb. Xalq artisti Gülşən Qurbanova isə mədəni mühitin ən fəal nümayəndələrindən biri idi. Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından sayılırdı. Onun da obrazlar qalereyası zəngin idi.

Bu gün haqq dünyasında olan bu unudulmaz insanların həyat yolu, yaradıcılıqları Azərbaycan teatr, kino və ifaçılıq sənətinin ən parlaq səhifələrini təşkil edir. Həyat təsdiqləyir ki, istedad və yaradıcılıq qabiliyyətləri ilə xalqa, millətə, onun sənət dünyasına xidmət edənlər heç zaman unudulmurlar. Yaxşı ki, belə mənalı ömrə imza atanlar həmişə ehtiramla xatırlanırlar.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011. 8 -aprel.- S. 10.