Ömrün və sənətin zirvəsində

 

Azərbaycan mədəniyyətinin, teatr və kino sənətinin ötən yüzillikdə intibah dövrünü yaşadığını inkar etmək qeyri-mümkündür. Folklordan rişələnən, meydan tamaşalarından yol başlayan səhnə sənətinin inkişafında isə korifeylərin təfəkkürü, elmi, biliyi əvəzedilməzdir. Yəni, həmin inkişafın aparıcıları sayılan, bəşəri və dünyəvi dəyərlər yaradan yüzlərlə sənətkarımız olub ki, bu gün də ədəbi irsi qorunub-saxlanılır və davam etdirilir.

Təbii ki, hər bir sənətin elmi və fəlsəfi mahiyyəti var. Teatr və səhnə sənətinin fəlsəfəsi isə elə onun elmiliyində, xəlqiliyində, həyati yaşarlığındadır. Bu mənada, müasir Azərbaycan teatrşünaslığının üzərinə olduqca böyük və çətin vəzifələr düşdüyünü xüsusi qeyd etməliyik. Adıçəkilən sahənin mütəxəssislərinin keçdiyi sənətkarlıq yoluna işıq salmaq, öyrənmək və gələcək nəsillərə örnək kimi ötürmək də mühüm məsələlərdəndir.

Azərbaycanın peşəkar teatrşünas nəslinə mənsub olanlardan biri də ömrünün 80-ci ilinə çatan İnqilab Kərimovdur. O, 1931-ci ilin aprel ayında Göyçay rayonunda doğulub. Elə orta məktəbi də orada bitirdikdən sonra İnqilab Kərimov 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil alıb. Sənət sənətkarı o zaman yaşadır və ucaldır ki, ikinci birinciyə sidq-ürəklə xidmət göstərir. İnqilab Kərimovu sənət zirvəsinə ucaldan da məhz bu amal və amil olub. O, 1957-ci ilin noyabrından taleyini Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutuna bağlayıb, baxmayaraq ki, vaxtilə təhsil aldığı ali təhsil ocağında teatr sənətinin elmi, nəzəri və fəlsəfi tərəflərini gənclərə öyrətməkdən də yorulmur. Hazırda fəaliyyət göstərdiyi elm ocağında İnqilab müəllim kiçik elmi işçi vəzifəsindən şöbə müdirliyinədək, sadəcə, yol keçməyib, sənətə, sənətkara dövlət və xalq məhəbbətini duyub və özü də bu hissləri yaşayıb. Hazırda həmin institutun teatr, kino və televiziya şöbəsinin müdiri vəzifəsində çalışan İnqilab Kərimov 1963-cü ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. Sənətşünaslıq doktoru olan İnqilab Kərimovun yaradıcılıq bioqrafiyasına yazılanlarla tanış olsaq, onu, sözün əsl mənasında, sənət dünyasının cəfakeşi adlandıra bilərik. 20 monoqrafiya və "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Xalq istedadları", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev", "Gənclik və gözəllik teatrı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa, Ağdam teatrı", "Azərbaycan teatrı-125" və başqa kitabların müəllifi olan İnqilab Kərimov Azərbaycan teatrının tarixinə və tənqidinə həsr edilmiş, o cümlədən bu sahənin nəzəri məsələləri ilə bağlı 120-yə yaxın əsərin müəllifi kimi də ədəbi ictimaiyyətə yaxşı tanışdır.

2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olan İnqilab Kərimov teatr tədqiqatçısı və tənqidçisi kimi ədəbi ictimaiyyətin daim diqqət mərkəzində olub. O, respublikamızda və onun sərhədlərindən kənarda da incəsənət tarixinin və nəzəriyyəsinin tədqiqatçısı kimi tanınır. Yaradıcılığı əsasən səhnə sənətinə həsr olunan İnqilab Kərimovun 45-dən artıq elmi məruzəsi, onlarca teatr hekayələri və kitabları türk, türkmən, özbək, tacik, latış, rus və gürcü dramaturgiyasından etdiyi tərcümələr alimin Azərbaycan incəsənətinə verdiyi misilsiz töhfələrdəndir.

Yerli mətbuatla yanaşı, İnqilab müəllimin yaradıcılıq nümunələri keçmiş SSRİ-nin demək olar ki, bir neçə respublikasında işıq üzü görüb, elmi dairələrdə və geniş oxucu auditoriyalarında böyük maraqla qarşılanıb. Fədakarlığının nümunələri olan tədqiqatları öz aktuallığı ilə seçilir və buna görə də elmi nəşrləri xarici ölkələrin sənətşünasları tərəfindən nəinki yüksək qiymətləndirilir, eyni zamanda, tədris proqramlarına salınır və dərs vəsaiti kimi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan teatr tarixinin müəyyən səhifələrini təşkil edən materiallarının zənginliyi və dolğunluğu, milli incəsənətimizin çoxsaylı komponentlərini üzə çıxarması, onlara özünəxas şəkildə rəy və təhlil verməsi sənətşünas-alimin adıçəkilən sahənin kamil bilicilərindən soraq verir. Teatr sənətinin daha da inkişaf etdirilməsi baxımından beynəlxalq əlaqələri vacib sayan teatrşünas-alimin dəyərli məsləhətlərinə daim ehtiyac duyulur. Azərbaycan milli teatrının ümumbəşəri mənəvi sərvətlər sırasında yer tutmasında fədakar alimin xüsusi xidmətləri vardır.

İnqilab Kərimovun keçdiyi ömür və sənət yolu örnək sayılmalıdır. Yaradıcılığının mühüm hissəsi teatr tədqiqatı ilə bağlı olan İnqilab Kərimov səhnə mədəniyyətinin aparıcı simalarının həyat və fəaliyyətləri ilə əlaqədar ciddi araşdırmalar apararaq onların parlaq simalarının görünməyən tərəflərini üzə çıxarıb. İstər akademik, istərsə də bölgədəki dram teatrlarının fəaliyyətinin ayrı-ayrı dönəmlərinə yaradıcı münasibətini bildirən qocaman sənətşünas-alim incəsənətimizin daha da inkişaf etməsi üçün mümkün perspektivləri göstərməyi bu sənətin başlıca meyarı olduğunu daim diqqət mərkəzində saxlayıb. Onun gərgin axtarışları sayəsində teatrın yaranması və inkişafına müsbət təsir göstərən amillər, düzgün repertuar seçimi ilə bağlı təhlil və tövsiyələri, yeni səhnə prinsipləri ictimai auditoriyaya və gənc aktyor nəslinə akademik səviyyədə çatdırılır.

Keçmiş sovetlər dönəmində mədəni irsimizə yanlış yanaşmanı daim məqalələrində önə çəkməklə yanaşı, milli-mənəvi dəyərlərin müdafiəçisi olduğunu elmi-publisistik yazılarında qətiyyətlə bildirib. Azərbaycan teatrının ötən əsrin 60-cı illərindən başlayan yeni mərhələsi ilə əlaqədar çox önəmli fikir və mövqeyini ortaya qoyan İnqilab Kərimovun yeni insan, yeni təfəkkür və bu prinsiplərə uyğun sənət əsərləri ilə bağlı təhlilləri çoxsaylı tamaşaçı və dinləyicisi olan auditoriyalarda müzakirə mövzusu olub. Teatrşünas-alimin bu mövqeyi hələ o zamanlar müxtəlif ölkələrin adıçəkilən sənətin tənqidçilərinin nəzər-diqqətini cəlb edib və istinad obyektinə çevrilib. Ona görə də bir çox beynəlxalq teatr simpoziumlarında, elmi ictimaiyyətin cəlb olunduğu auditoriyalarda tədqiqatlarına və konsepsiyalarına müsbət fikirlər bildirilib.

Milli teatrın inkişafındakı danılmaz rolu olan ayrı-ayrı dramaturq və aktyorların yaradıcılıq yollarına işıq salması da İnqilab müəllimin mədəniyyət və incəsənətimizin qorunub saxlanmasında göstərdiyi yüksək xidmətlərdəndir. Təkcə onun 2002-ci ildə nəşr edilən "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri" kitabı ilə tanışlıq kifayət edər ki, daim axtarışlarda olan sənətşünas-alimin bugünə kimi gördüyü mədəni xidmətin dəyərini anlayasan. Azərbaycan teatrının müqtədir aktyorları sayılan sənət korifeylərindən bəzilərinin (Hacıağa Abbasov, Mirmahmud Kazımovski, Hüseynqulu Sarabski, Mehdi bəy Hacınski, Hüseyn Ərəblinski, Məhəmməd Əlvəndi, Diləfruz, Əbülfət Vəli, Əbdülhəsən Anaplı və s.) həyat və fəaliyyəti ilə bağlı apardığı tədqiqatları bəs edər ki, Azərbaycan teatr tarixində İnqilab Kərimovun xidmətlərinin nədən ibarət olduğunu anlayasan. Bunlardan başqa, İnqilab müəllimin Azərbaycan teatrında uzun illər mövcud olmuş əsas bir problemə tədqiqatçı və tənqidçi münasibətinə də toxunmağımız vacib məsələlərdəndir. Bildiyimiz kimi, səhnə sənətində aktrisa problemi Azərbaycan professional teatrı üçün uzun müddət qalmışdır. Problemin həllini inqilabi dönüş kimi dəyərləndirən tənqidçi, teatrşünas-alim İnqilab Kərimov Azərbaycan səhnə sənətinin inkişafında xüsusi və misilsiz vətənpərvərlik göstərən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xidmətlərinə də münasibət bildirib.

...Bir insan ömründə yüzlərlə, minlərlə taleni işıqlandırmaq, yəni yaşatmaq, sevdirmək, gələcək nəsillərə çatdırmaq o qədər də asan deyil. Lakin elə insanlar var ki, onlar öz sənətləri ilə digərlərinin uzunömürlülüyünə şərəfli xidmət göstərirlər. Belələrindən biri, ömrü ilə sənətinin zirvəsində görüşünə gəldiyimiz İnqilab Kərimovun elmi fəaliyyəti Azərbaycan incəsənətində özünəməxsus yer tutur. Yarım əsrdən artıq yaradıcılıq fəaliyyəti ilə bu gün də, ömrünün 80-ci ilində fədakarcasına çalışan teatrşünas-alim İnqilab Kərimova bundan sonra da yorulmazlıq arzulayırıq. Axı, onun dəyərli fikirlərinə, elmi dünyagörüşünə, tövsiyə və metodoloji düşüncələrinə ehtiyac duyulmaqdadır.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011. -8 aprel.- S. 10.