Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiya keçirilmişdir

 

Aprelin 8-də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva forumun "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda üçüncü sessiyasında iştirak etmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmsədr olduğu sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət haqqında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada çıxış etmişdir.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çıxışı

 

- Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

İlk növbədə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bütün iştirakçılarını salamlayıram. Forumda iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlara "Azərbaycana xoş gəlmisiniz!" deyirəm. Ümidvaram ki, bu forum həqiqətən də real dialoqun inkişafına öz layiqli töhfəsini verəcək və forumun yekunları əsasında konkret işlər, konkret tədbirlər həyata keçiriləcəkdir.

Son illər Bakı əsl dialoq məkanına çevrilmişdir. Yaxın keçmişə nəzər salaraq bir sıra beynəlxalq tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti keçirilmişdir. 2009-cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Həmin il İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. 2008-ci ildə bu salonda bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir.

Əslində, belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm güclü zəmin, həm də əlverişli mühit mövcuddur. Qədim dövrdən bugünə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir.

Bu gün mən bu forumun təşkilində əməyi olan hər bir insana öz dərin minnətdarlığımı bildirirəm. Forumu dəstəkləyən bütün beynəlxalq təşkilatlara təşəkkürümü bildirirəm və ümidvaram ki, forum xalqlar, millətlər, dövlətlər arasında formalaşan sağlam münasibətlərə xidmət edən növbəti bir addım olacaqdır.

Əziz dostlar, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual və ən populyar mövzulardan biridir. Bu gün dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş "dəyirmi masa"lar, konfranslar, forumlar keçirilir. Şübhəsiz ki, hər bir belə görüş alqışlanmalı və dəstəklənməlidir. Ən azı ona görə ki, hər bir belə görüş özlüyündə bir növ dialoqdur.

Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Bu fikri təsdiqləmək üçün heç bir araşdırma aparmaq lazım deyil. Sadəcə, istənilən televiziya kanalına, yaxud internetə müraciət etmək kifayətdir və hər bir informasiya agentliyinin xəbərləri bu fikri təsdiqləyəcəkdir.

Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır. Əlbəttə, belə olan halda dialoq mövzusuna qatılan insanların - siyasətçilərin, dini və ictimai xadimlərin, alimlərin, sadə insanların, vətəndaşların sayı ildən-ilə artır. Bu da öz növbəsində gündəmə müxtəlif fərziyyələr, təkliflər, ssenarilər gətirir. Misal üçün, bir qrup alim əmindir ki, sivilizasiyalararası mövcud olan ziddiyyətlər mütləq qarşıdurma və münaqişə ilə bitəcək, dialoq imkanları artıq tükənməkdədir və belə bir multikulturoloji cəmiyyətin perspektivləri yoxdur.

Digər fikir ondan ibarətdir ki, qarşıdurmaların qabağını almaq üçün dünyanın bütün ölkələri Qərb modelini özünə örnək götürməlidir. Şübhəsiz ki, Qərbin demokratiya və azadlıq ideyaları, inkişafı və yüksək yaşam səviyyəsi təqdirəlayiqdir və bu, bu gün dünyada mövcud olan mütərəqqi bir modeldir. Lakin biz hamımız yaxşı anlayırıq ki, bütün bəşəriyyətin belə yaşaması mümkün deyildir. Buna, ilk növbədə, bu gün dünyada mövcud olan resurslar imkan verməz və hətta biz geosiyasi, tarixi, mədəni amilləri də unutmamalıyıq.

Üçüncü bir nəzər ondan ibarətdir ki, bu gün Qərbin bütün uğurları, o cümlədən elm, texnologiya, inkişaf sahəsindəki uğurları uzunmüddətli, tarix boyu müstəmləkəçilik siyasətinin nəticəsidir. Əlbəttə, belə yanaşma ilə də razılaşmaq mümkün deyil, belə fikirlər bizi gələcəyə yox, yalnız keçmişə aparır.

Fikrimcə, bütün bu yanaşmalar dialoqun qurulmasına xidmət etmir. Əskinə, yeni münaqişələrə, yeni qarşıdurmalara zəmin yaradır. Bu gün heç kim üçün sirr deyil ki, hər bir belə konsepsiyanın arxasında müəyyən siyasət, müəyyən siyasi qüvvələr və siyasi ambisiyalar durur. Fikrimcə, bu meyil müasir dünyada bir çox ciddi çağırışlar və təhlükələr yaradır.

Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq.

Hesab edirəm ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Müxtəlif ekstremist qüvvələr və şüarlar din şüarları altında gündəmə gətirilməməlidir. Tamamilə aydındır ki, belə hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə zidd olan hərəkətlərdir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır.

Əziz qonaqlar, bugünkü mövzuda suallar cavablardan çoxdur. Ancaq bir şey tamamilə aydındır ki, artıq mədəniyyətlərarası dialoq sırf kulturoloji problem çərçivəsindən çıxıb, böyük siyasətin probleminə çevrilibdir. Bu gün qloballaşan dünya artıq reallıqdır. Kimsə bunu alqışlayır, kimsə böyük bəla hesab edir. Lakin hər birimiz bu dəyişiklikləri öz həyatımızda hiss edirik. Xüsusilə də məkan və zaman anlayışında, gec-tez, yaxın-uzaq anlayışlarımızda biz bunu hiss edirik.

Fikrimcə, bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik, normal, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır.

İndi dünyada həm siyasətdə, həm iqtisadiyyatda hökm sürən qanunlar, əfsuslar olsun ki, ədalətdən və etik normalardan çox uzaqdır. Əgər bu gün biz qlobal etika fərziyyəsi təklif ediriksə, - bu, bəlkə də bu gün bir növ utopiya kimi səslənir. Lakin gəlin xatırlayaq ki, bəşəriyyətin bugünkü bir çox nailiyyətləri əsasını vaxtilə məhz utopiya kimi qiymətləndirilən hərəkətlərdən və fikirlərdən götürür. Vaxtilə qadın hərəkatı, genderlik, bərabərlik hərəkatını başlayanda, çoxları bunu perspektivsiz utopiya kimi qiymətləndirirdi. Lakin bu gün bu sahədə əldə edilən nailiyyətlər belə yanaşmanın yanlış olduğunu sübut edir.

Əziz dostlar, biz bu gün qlobal etikadan danışırıqsa, bu, yenə də elmi bir fərziyyə ola bilər və yenə də burada suallar cavablardan çoxdur. Lakin mən əminəm ki, əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk ediriksə, biz xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Bu, uzunmüddətli və ağır prosesdir. Lakin hər bir uzun yol ilk addımdan başlayır. Fikrimcə, hər birimiz öz əməllərimizlə kiçik də olsa, bu addımı atmalıyıq. Bunun üçün yalnız həmrəylik və xoş niyyət lazımdır. Mən əminəm ki, məhz bu halda humanizm və ədalət əsasında konstruktiv dialoqun qurulması mümkündür.

Diqqətinizə görə çox sağ olun.

 

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 1.