Radikal müxalifətin antimilli fəaliyyəti kəskin
pislənildi
Milli Məclisin iclasında
Aprelin 8-də
Azərbaycan Respublikası Milli Məclisinin növbəti
plenar iclası keçirildi. Gündəlikdəki
məsələlərə keçməzdən əvvəl
deputatlar radikal müxalifətin aprelin 2-də Bakı
şəhərində icazə verilməmiş
yerlərdə mitinq keçirmək və süni
qarşıdurma yaratmaq cəhdinə münasibət
bildirdilər.
İlk söz alan
deputat Zahid Oruc bildirdi ki, aprelin 2-də baş verənlər
həm də onu göstərdi ki, dini-ekstremist
təmayüllü dairələr radikal müxalifətlə
birləşməkdədir. Həmin icazəsiz
aksiyanın keçirilməsinə cəhd eyni zamanda
Azərbaycanın normal dövlət quruluşuna etiraz
edənlərin, sivil, açıq dövlət modelizminə
fərqli mövqedə dayananların tədbiri idi. "Necə olur ki, bütün dünyada
sərbəst toplaşmaq hökumətin mövqeyinə
alternativ münasibət göstərmək vasitəsi
olduğu halda, bizdə sərbəst toplaşmaq
sərbəst vuruşmaq, sərbəst toqquşmaq
azadlığı kimi özünü təzahür edir"
-deyən Zahid Orucun fikrinə görə, müxalifət
üçün mitinqə nə qədər adamın
gəlməsi əsas deyildi. Müxalifət
üçün əsas o idi ki, bu icazəsiz aksiya və
süni qarşıdurma görüntüləri xarici
televiziya kanallarında göstərilsin. Zahid
Oruc radikal müxalifətə bu cür biabırçı
hərəkətlər etməkdənsə, süni
gərginlik yaratmağa cəhd göstərməkdənsə,
Dağlıq Qarabağla bağlı Horadiz
şəhərində və yaxud Ergi düzündə mitinq
keçirməsini məsləhət gördü. "Mənim üçün maraqlıdır,
Azərbaycanın siyasi qüvvələri xarici
dairələrin qarşısında hansı
öhdəlikləri götürüblər?" -deyən Zahid Oruc onların öhdəlik götürmələrinə
əmin olduğunu bildirdi.
Deputat Zahid
Orucun fikirləri ilə razı olduğunu deyən deputat Abel
Məhərrəmov çıxışı zamanı
əsas diqqəti təhsil sahəsindəki bəzi
məsələlərə yönəltdi. Onun
sözlərinə görə, təcrübə
göstərir ki, son zamanlar magistratura pilləsində
təhsilin davamı ilə bağlı problemlər
çıxır. Belə ki, qızlar
ailə həyatı qurduqdan sonra çox zaman elm yolunu davam
etdirə bilmirlər. Oğlanlar isə
hərbi xidmətə yollanır və ya dövlət
qulluğuna qəbul olunduqdan sonra magistratura təhsilindən
uzaqlaşırlar. "Sual olunur ki,
gələcəkdə elmi kim
irəliyə aparmalı, elmi zirvələri kim fəth
etməlidir" - deyən Abel Məhərrəmov bildirdi ki,
həm hərbi xidmətə çağırılmaq,
həm də dövlət qulluğuna qəbul magistrlərin
ali təhsil sistemindən yayınmasına səbəb olur ki,
bu da təhsil sistemində böyük deformasiyalara
gətirə bilər. Çıxışının
sonunda Abel Məhərrəmov bu problemə ciddi diqqət
yetirilməsini vacib sayaraq müvafiq qurumlar
tərəfindən bununla bağlı müzakirələr
aparılmasını təklif etdi.
Radikal
müxalifətin icazəsiz aksiya keçirmək və
süni qarşıdurma yaratmaq cəhdini deputat Aydın
Mirzəzadə də tənqid etdi. Qeyd etdi ki,
əslində radikal müxalifətin son vaxtlar Azərbaycanda
sabitliyi pozmaq, qarşıdurma yaratmaq cəhdlərinə
əhəmiyyət verməmək də olar. Cəmi 200-300 nəfərin şəhərin
mərkəzi küçələrində
çığıra-çığıra hay-küy
salması 9 milyonluq bir ölkə üçün
böyük bir hadisə deyil. Amma
diqqəti cəlb edən müxalifətin radikal
qanadının şüarlarının məhz xarici
ölkələrə səslənməsi və bu qanunsuz
aksiyaların qısa zaman kəsiyində dünyanın bir
sıra kütləvi informasiya vasitələrində
işıqlandırılmasıdır. Ən
qəribəsi isə xarici ölkələrin
Azərbaycandakı nümayəndəliklərinin
vasitəsilə onlara dəstəyin göstərilməsidir.
Azərbaycan demokratik ölkədir və onun
vətəndaşlarının Konstitusiya və qanunlarla
müəyyən olunmuş hüquqları var. Bu baxımdan
Azərbaycanda problem yoxdur. Lakin
maraqlısı odur ki, müxalifətin radikal qanadı
hüquqlarını bildiyi halda vəzifələrini dərk
etmək istəmir. Vəzifə isə
həmin qanunlara hörmət etmək,
fəaliyyətlərini qanunlar
çərçivəsində qurmaqdır.
Azərbaycan dövlətinin
bugününün və sabahının məsuliyyətini
təkcə iqtidarın daşımadığını
deyən Aydın Mirzəzadənin sözlərinə
görə, bu məsuliyyət yükü iqtidarla
bərabər müxalifətin də çiyninə
düşür: "Hazırda parlamentdə təmsil olunan
müxalifət partiyaları bu məsuliyyətin bir
hissəsini öz çiyinlərində daşıyırlar.
Amma gəlin görək, 9 milyonluq
dövlətə rəhbərlik etmək iddiasında olan
radikallar bu məsuliyyəti çiyinlərində
daşımaq istəyirlərmi? Onlar
dövlətimizin milli maraqlarını qoruyurlarmı? Bu gün Azərbaycanın milli maraqlarını
nəyəsə qurban vermələrinin
fərqindədirlərmi? Bunlar
Azərbaycanı nəyə çəkirlər? Onların məqsədi hakimiyyət naminə
bütün Azərbaycanı satmaqdır".
Aydın
Mirzəzadə onu da əlavə etdi ki, bu gün radikal
müxalifətə qarşı mübarizədə ictimai
fikir də böyük rol oynayır. Bu
məsələlərə ziyalıların münasibət
bildirməsi olduqca təqdirəlayiq haldır. Ayrı-ayrı ictimai təşkilatların, sosial
təbəqələrin münasibət bildirməsi
müxalifətə qarşı çox ciddi ictimai
narazılığın olduğunu göstərir. Bu baxımdan dövlətin də bu
məsələlərdə prinsipial mövqeyi
başadüşüləndir və qəbulediləndir.
"Çox istərdim ki, bu gün siyasi
fəaliyyətdə olan, Azərbaycanın adından
danışmaq iddiasına düşən kəslər öz
fəaliyyətlərinin nəyə gətirib
çıxardığını, şəxsi
mənafeləri üçün cəmiyyətin,
dövlətin, xalqın mənafeyini güdaza vermək
istəklərinin fərqində olsunlar. Bir
qrup insan Azərbaycanın ziyanına istədikləri
addımı atmağa çalışır. Lakin cəmiyyət bunun qarşısını
qətiyyətlə alacaq və radikal müxalifətin xarici sifarişlə
dövlətin və xalqın əleyhinə hər hansı
bir addımı atmasına imkan verməyəcək"
-deyə Aydın Mirzəzadə bildirdi.
Həmkarlarının
radikal müxalifətin qanunsuz hərəkətləri ilə
bağlı tənqidi fikirlərini dəstəkləyən
Fəzail Ağamalı bu gün ölkəmizdə süni
qarşıdurma yaratmağa çalışanları
məsuliyyətli olmağa, ölkəmizdə əldə
edilmiş uğurların əleyhinə yönələn
və antimilli xarakter daşıyan layihələrin
reallaşmasından uzaq durmağa çağırdı. Fəzail
Ağamalı Abel Məhərrəmovun
qaldırdığı məsələnin də çox
aktual olduğunu diqqətə çatdıraraq bununla
bağlı qanunvericilikdə dəyişikliklərin
edilməsini vacib saydı.
Deputat
Fəzail Ağamalı erməni
separatçılarının Xankəndidə hava limanı
açmaq istəmələrinə də münasibət
bildirdi. Qeyd etdi ki, Azərbaycan dövlətinin ciddi
fəaliyyəti nəticəsində bu məsələyə
aydınlıq gətirildi və Ermənistan tərəfi bu
limanın açılmasını təxirə saldı.
"Azərbaycan dövlətinin bu
istiqamətdə ortaya qoyduğu siyasi iradə davam
etdirilməli, heç bir halda Xankəndidə
Ermənistanın müxtəlif məqsədlər
üçün istifadə edəcəyi hava limanının
açılmasına imkan verməməlidir" - deyən
deputat bu məsələdə ABŞ-ın
Azərbaycandakı səfiri Mətyu Brayzənin də mövqeyini
ciddi tənqid etdi. ABŞ səfirinin Xankəndidəki
hava limanı ilə bağlı vermiş olduğu
açıqlamalarda Ermənistanın mövqeyini
müdafiə etdiyini deyən Fəzail Ağamalı bunun
təəssüf hissi doğurduğunu, lakin Mətyu
Brayzənin bundan sonrakı fəaliyyətində bu cür
səhvlərə və qeyri-obyektivliklərə yol
verməyəcəyinə ümidvar olduğunu dedi.
Deputat Musa
Qasımlı bildirdi ki, bütün siyasi partiyalar
ölkəmizin taleyi üçün məsuliyyət
daşıyırlar. Respublikamız sınaq meydanına
çevrilməməlidir. Hər bir siyasi
partiya ölkəmizin demokratik yolla inkişafına
çalışmalıdır.
Müxalifətin icazəsiz
aksiyalar keçirmək cəhdinə münasibət
bildirən deputat Azay Quliyev dedi ki, hər bir hərəkət
qanun çərçivəsində olmalıdır. Qanunu pozan hər hansı bir əmələ və
yaxud da cəhdə icazə verilməməlidir. Təəssüflər olsun ki, bu gün
beynəlxalq təşkilatlar tərəfindən bu
məsələyə də fərqli münasibət ortaya
qoyulur. Azay Quliyevin bildirdiyinə
görə, ATƏT-in hazırkı sədri deyib ki, guya
Azərbaycan "Sərbəst toplaşmaq azadlığı
haqqında" qanuna əməl etmir, müəyyən məhdudiyyətlər
qoyur. "Bu cür düşünmək
yanlışlıqdır" - deyən Azay Quliyevin
sözlərinə görə, heç bir halda
müxalifətin mitinqlə bağlı müraciətinə
"yox" cavabı verilməyib. Sadəcə
olaraq, radikal müxalifətin istədiyi yerdə deyil, Bakı
Şəhər İcra Hakimiyyətinin müvafiq bildiyi
yerdə mitinqin keçirilməsinə icazə verilib. Ona görə beynəlxalq təşkilatlar
məsələyə yanlış yanaşmalarını
aradan qaldırmalıdırlar.
Azay Quliyev
magistratura ilə bağlı məsələyə də
münasibət bildirərək Abel Məhərrəmovun
qaldırdığı problemin çox aktual olduğunu
söylədi.
Qeyd etdi ki, təhsilin pillələri arasında
əlaqəni qırmamaq, davamiyyəti təmin etmək
üçün magistratura ilə bağlı yeni bir
yanaşma ortaya qoyulmalıdır.
Azay Quliyev onu
da bildirdi ki, Azərbaycan ermənilərin Xankəndidə hava
limanı açmaq istəmələrinə adekvat
münasibət ortaya qoydu. Deputat qeyd etdi ki,
bununla belə ABŞ-ın Azərbaycandakı səfirliyinin
Xankəndidə hava limanının açılması
ilə bağlı ortaya qoyduğu münasibət çox
təəssüfləndiricidir. Dağlıq
Qarabağ Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş ərazisidir. İşğal
altında olan bir əraziyə beynəlxalq qanunvericiliyə
zidd olaraq Ermənistandan hava reyslərinin təşkil
edilməsi və ABŞ-ın buna dəstək nümayiş
etdirməsi çox böyük yanlışlıqdır.
İclasda
radikal müxalifətin icazəsiz aksiya cəhdləri ilə
bağlı səslənən tənqidi fikirlərə Milli
Məclis Sədrinin müavini Bahar Muradova da münasibətini
bildirdi. Qeyd etdi ki, əgər mitinqin keçirilməsi
zamanı qanunun tələbləri gözlənilsəydi, ona
Milli Məclisdə münasibətin bildirilməsinə də
ehtiyac qalmazdı. "Amma mitinq adına
Azərbaycanda ictimai asayişin pozulmasına cəhdlər
edilir. Bu cəhdləri də stimullaşdıran
xarici dairələr var. Həmin dairələr bu
cəhdlərin reallığa çevrilməsi
üçün maksimum səy göstərirlər. Ortada olan budur. Qanun
çərçivəsində mitinq keçirməyin
şərtləri var. Bu çərçivədə mitinq
keçirsinlər ki, insanlar da onları tənqid
etməsinlər. Yox, əgər, mitinq adına
küçələrə çıxıb insanların
mülkiyyətinə, əmlakına, mənəviyyatına
zidd olan hərəkətlərə yol
verəcəklərsə, bu, hər kəsin ciddi
qınağına və məsuliyyətə səbəb
olacaq. Bugünkü səslənən
fikirlərdə də əsas tələb ondan ibarətdir ki,
hər kəs qanunla müəyyənləşdirilmiş
hüquqlarını məhz qanun
çərçivəsində reallaşdırsın" -
deyə Bahar Muradova bildirdi.
Daha sonra Bahar
Muradova televiziya və mətbuatda Azərbaycan dilinin
işlənilməsi qaydaları ilə bağlı
fikirlərini bölüşdürdü. Ümummilli
lider Heydər Əliyevin "Azərbaycan dili bu gün
dərin fikirləri ən incə çalarlarınadək
olduqca aydın bir şəkildə ifadə etmək
qüdrətinə malik dillərdəndir" kəlamını
diqqətə çatdıran Bahar Muradovanın
sözlərinə görə, bu, həqiqətən də
belədir. Çünki əsrlər,
minilliklər boyu xalqımız öz mədəniyyətini,
tarixini inkişaf etdirdiyi kimi dilini də yüksək
səviyyədə inkişaf etdirib. Bu
gün Azərbaycan dili ölkədə və dünyada
ən dəqiq fikirləri incəliklərinə qədər
ifadə etmək qüdrətinə malikdir. Bu, bizim əldə etdiyimiz çox böyük
nailiyyətdir. Bu nailiyyətin əksər
hissəsi də məhz XX əsrdə bizim bir
çoxlarımızın iştirakı ilə əldə
olunmuşdur. Lakin çox
təəssüf ki, ötən əsrin sonlarından və
bu əsrin əvvəllərindən biz Azərbaycan dilinə
müxtəlif zərbələrin vurulması ilə bağlı
tendensiyaları müşahidə edirik.
Bahar Muradova əlavə etdi
ki, çox zaman bunu sakit şəkildə müşahidə
edirik, lakin Azərbaycan qanunvericiliyinə əsasən
mülkiyyət formasından asılı olmayaraq Azərbaycan
Respublikasının ərazisində fəaliyyət
göstərən, dövlət dilində yayımlanan
bütün televiziya və radioların aparıcıları
bu dili mükəmməl bilməli və səlis
danışıq dilinə malik olmalıdırlar. Amma bu tələb bu gün lazım olduğu
qədər yerinə yetirilmir. Dilin
ifadə formasından, intonasiyadan düzgün istifadə
olunmalıdır. Azərbaycanın
dövlət televiziyasından və radiosundan bu sahədə
çox böyük örnək götürmək olar.
Bu işi yaxşı yerinə yetirən
digər televiziya kanalları da var. Amma dilin işlənmə
və intonasiya qaydalarına ən yaxşı Azərbaycan
televiziyası və radiosunda əməl olunur. Əsrlər boyu dil sahəsində qazandığımız
nailiyyətlər burada qorunur. Bu
nümunə kimi istifadə olunmalıdır". Bəzi televiziya kanallarının ana dilimizin
tələblərini pozması ilə bağlı
narazılığını diqqətə çatdıran
Bahar Muradova onu da bildirdi ki, hətta həmin televiziya və
radio kanallarının rəhbərliyi ilə əlaqə
saxlayaraq buna etirazını da bildirib. Konkret
olaraq "Xəzər" televiziyasını misal
göstərən Bahar Muradovanın sözlərinə
görə, indiyə qədər bir neçə dəfə
bu telekanalın rəhbərliyinə etirazını
bildirsə də, xeyri olmayıb. Bu
kanalın xəbərlər proqramında kadrarxası
danışıqlar xüsusilə qəbuledilməzdir. Heç bir dildə bu cür intonasiya tərzi yoxdur.
İntonasiyada yalnız aqresiya
müşahidə olunur. Elə bir
hay-həşir qopardılır ki, elə bil dünya
dağılır. Səsin
özündəki intonasiya tərzi insanı dəhşətə
gətirir.
Bahar Muradova
Azərbaycan dilinin tətbiqi qaydalarına riayət
edilməməsi ilə bağlı məsuliyyətin
formalarının müəyyənləşdirilməsi
üçün Milli Məclisin müvafiq
komitələrinə, parlament aparatının
şöbələrinə araşdırmalar aparmaqla
bağlı tapşırıq verilməsini təklif etdi. "Azərbaycan
dilinin intonasiyasını pozmağa heç kimin ixtiyarı
yoxdur. Bu dili səlis və gözəl
edən onun intonasiyasıdır, vurğuların yerində
işlənməsidir. Dilçi
alimlər, ziyalılar, dilimizin incəliklərini bilən
insanlar, müvafiq qurumlar bu məsələyə çox
ciddi diqqət yetirməli və Azərbaycan dilini
gözümüzün qarşısında öz
gözəlliklərini itirməsinə biganə qalmamalıdırlar.
Dövlətimizin və xalqımızın
qarşısında dayanan hədəflərdən biri də
məhz budur ki, mədəniyyətimizi və dilimizi qorumalı,
onu olduğu kimi gələcək nəsillərə
ötürməliyik"- deyə Bahar Muradova bildirdi.
Deputat Elman
Məmmədov çıxışında bir
məsələyə aydınlıq gətirdi. Bildirdi ki,
Xankəndi şəhərində heç vaxt hava limanı
olmayıb. Bu gün də yoxdur. Dağlıq Qarabağda yeganə hava limanı
Xocalıda olub. Bu gün ermənilərin
açmaq istədiyi hava limanı da həmin hava
limanıdır. Ermənilər
şəhərin ərazisi hesabına hava limanını
genişləndiriblər.
İclasda Milli
Məclisin Sədri Oqtay Əsədov da radikal
müxalifətin aprelin 2-də cəhd etdiyi qanunsuz aksiyalara
münasibət bildirdi. Spiker bildirdi ki, vaxtilə SSRİ-nin
xüsusi xidmət orqanları tərəfindən
təşkil olunan Sumqayıt hadisələrində əsas
məqsəd Azərbaycan xalqının dünya ictimaiyyətində
mənfi obrazını yaratmaq olmuşdur. Axşam
baş verən Sumqayıt hadisələri barədə
səhəri gün saat 12-də İngiltərədə
və digər ölkələrdə televiziya ilə
məlumat verildi. Yəni Sumqayıt
hadisələri əvvəlcədən qurulmuş ssenari
əsasında həyata keçirildi. Əfsuslar
olsun respublikamızı dünyada nüfuzdan salmaq
istəyən, Azərbaycanın inkişafına xəbis
gözlə baxan bəzi ölkələr radikal
müxalifət partiyalarının dəstəyi ilə eyni
ssenarini aprelin 2-də həyata keçirməyə cəhd
göstərdilər. Parlamentin Sədri
Oqtay Əsədov qeyd etdi ki, şəhərin
küçələrinə çıxan 200-300
nəfərin əsas məqsədi pozuculuq və süni
qarşıdurma yaratmaq və bunun xarici kütləvi
informasiya vasitələrində nümayiş etdirilməsi
idi.
Milli Məclisin Sədri onu
da bildirdi ki, icazəsiz aksiya bir daha sübut etdi ki, radikal
müxalifətin sosial bazası tükənib: "Mən
inanmıram ki, belə bir biabırçı təşkil
olunmuş mitinqdən sonra bunlar yenidən mitinq
keçirmək istəsinlər. Azərbaycanda
bu cür qarışdırıcı
məsələlərə, belə mitinqlərə yer yoxdur.
Mitinqlər bir daha sübut etdi ki, radikal
müxalifətin sosial bazası yoxdur".
Deputatlardan Fazil Mustafa,
İqbal Ağazadə, Elmira Axundova da çıxış
edərək bəzi məsələlərlə bağlı
qənaətlərini bölüşdülər.
İclasda 1992-ci il aprel ayının 8-də ermənilərin
Kəlbəcər rayonunun Ağdaban kəndinə hücumu
zamanı qətlə yetirilmiş soydaşlarımızın
xatirəsi sükutla yad edildi.
Sonra
gündəlikdəki məsələlərin
müzakirəsi başladı. Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli "Azərbaycan Respublikasında 2011-ci ilin
"Turizm ili" elan edilməsi ilə əlaqədar
Azərbaycan Respublikasına gələn turistlərə viza
rəsmiləşdirilməsi qaydalarının
sadələşdirilməsi məqsədi ilə
"Ölkədən getmək, ölkəyə
gəlmək və pasportlar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikası qanununun
layihəsini müzakirəyə təqdim etdi. Dəyişikliklərə
əsasən, qanunun 13-cü maddəsinin ikinci hissəsi
üçüncü hissə hesab edilir və maddəyə
bu məzmunda ikinci hissə əlavə olunur: "Turistlərə
birdəfəlik giriş-çıxış
üçün vizalar verilir. Belə vizalarda
ölkədə qalma müddəti 30 günədək
müəyyən edilir". Digər
dəyişikliklərə əsasən, viza almaq
üçün əcnəbilər gəlişin
məqsəd və müddətini göstərməklə,
viza verilməsi haqqında ərizə ilə
(şəxsən və ya nümayəndəsi
vasitəsilə) ölkəsində və ya
üçüncü ölkələrdə Azərbaycan
Respublikasının səfirliklərinə və
konsulluqlarına, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş hallarda isə
birbaşa müvafiq icra hakimiyyəti orqanına
müraciət edərək tələb olunan
sənədləri və viza verilməsi üçün
dövlət rüsumunun ödənilməsi barədə
qəbzi ərizəyə əlavə etməlidirlər. Viza rəsmiləşdirilməsi
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi vasitəsilə həyata
keçirilir.
Qanuna edilən
digər dəyişikliklərə əsasən, turistlər
viza almaq üçün turizm şirkətləri
vasitəsilə müraciət edirlər. Turizm
şirkətləri turistlərə viza almaq üçün
elektron qaydada müraciət edə bilərlər. Turistlərə viza almaq üçün turizm
şirkətləri şəxsin sənədlərini
həmçinin poçt vasitəsilə Azərbaycan
Respublikasının səfirliklərinə və
konsulluqlarına göndərə bilərlər. Sənədlər daxil olduqdan sonra onlara
qanunvericiliklə müəyyən edilmiş qaydada və
müddətdə baxılır və viza
rəsmiləşdirilərək şəxsin pasportu və
digər sənədləri poçt vasitəsilə turizm
şirkətlərinə qaytarılır. Viza verilməsindən imtina etdikdə
sənədlər müvafiq məqsədlə geri
qaytarılır. Dəyişikliklərə
əsasən, turistlərə viza verilməsi haqqında
ərizələrə müraciət edildiyi gündən
ən geci 15 iş günü keçənədək
baxılır.
Müzakirələr
zamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri
Hadi Rəcəbli, deputatlardan Azay Quliyev, Çingiz
Qənizadə, Hikmət Atayev layihə ilə bağlı
fikirlərini bildirdilər. Qanun layihəsi səsə
qoyulub təsdiq olundu.
Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli "Azərbaycan Respublikasının 2009-cu il 4
dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq
edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə" qanunun layihəsi barədə
məlumat verdi. Bildirdi ki, dəyişikliyə əsasən,
layihəyə bu məzmunda 90-1-ci maddənin əlavə
edilməsi nəzərdə tutulur: "Miqrasiya
sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya
orqanları tərəfindən Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən tətbiq edilən
cərimələrdən toplanan vəsaitin 25 faizi miqrasiya
orqanları işçilərinin sosial müdafiəsini
gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
hesabına keçirilir. Bu vəsaitdən istifadə
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir". Qısa müzakirədən sonra
bu qanun layihəsi də qəbul olundu.
İclasda
"İcbari sığortalar haqqında" Azərbaycan
Respublikasının qanun layihəsi (ikinci oxunuş)
müzakirə olundu. Layihə ilə bağlı Milli
Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad
Səmədzadə məlumat verdi. Qeyd edək ki,
bu qanunun qəbulunda məqsəd Azərbaycan Respublikasında
icbari sığorta sahəsində
sığortaçılar, sığortalılar,
sığorta olunanlar və faydalanan şəxslər
arasında hüquqi və iqtisadi münasibətləri
tənzimləməklə onların hüquq və
mənafelərinin qorunması məqsədilə Azərbaycan
Respublikasında icbari sığortaların həyata
keçirilməsinin ümumi əsaslarını,
həmçinin ayrı-ayrı icbari sığorta
növlərinin qaydalarını və şərtlərini
müəyyən etməkdir. Qanun layihəsi ümumi və
xüsusi hissədən ibarətdir. Layihədə
daşınmaz əmlakın icbari sığortası,
nəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası, daşınmaz
əmlakın istismarı ilə bağlı mülki
məsuliyyətin icbari sığortası və
sərnişinlərin icbari fərdi sığortası
ilə bağlı müddəalar öz əksini tapıb.
Qanun
layihəsi ilə bağlı münasibətini bildirən
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi
Rəcəbli belə bir qanunun qəbul edilməsinin
mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi
ki, sosial müdafiənin əsas tələblərindən
biri insanların sığorta olunmasıdır.
Deputatlardan
Əli Məsimli, Elmira Axundova, Musa Quliyev, Leyla Abdullayeva və
İlham Məmmədov layihə ilə bağlı
fikirlərini bildirdilər. Qanun layihəsi ikinci oxunuşda
qəbul olundu.
İclasda
"Azərbaycan Respublikasının Milli Məclisinin
parlamentlərarası əlaqələr üzrə
işçi qruplarının rəhbərlərinin
seçilməsi haqqında" məsələ də
müzakirəyə çıxarıldı və təsdiq
olundu.
Azərbaycan.- 2011.-9 aprel.- S. 2.