Nazirlər Kabineti yeni qərarlar qəbul
etmişdir
Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra yeni qərarlar qəbul etmişdir.
Yeni qərarlarla Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" özünün 2000-ci il 20 noyabr tarixli, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında" 1997-ci il 2 may tarixli və "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 2004-cü il 6 oktyabr tarixli qərarlarında dəyişikliklər etmişdir.
Digər qərarı ilə Nazirlər Kabineti "Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları"nı təsdiq etmişdir.
Bu qərarlar aprelin 4-dən
qüvvəyə minmişdir.
Nazirlər Kabineti, həmçinin
"Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
14 avqust tarixli sərəncamının 2-ci hissəsinin
icrasını təmin etmək məqsədilə
"Bakı şəhərindəki 26 nömrəli Uşaq
Musiqi Məktəbinə Müslüm Maqomayevin adının
verilməsi haqqında" qərar qəbul etmişdir.
Qərar aprelin 5-dən
qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat
xidmətindən AzərTAc-a verilən məlumata görə,
həmin qərarların tam mətni ilə Nazirlər
Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda
Azərbaycan.- 2011.- 9 aprel.- S. 2.