Azərbaycanın və Türkiyənin
müdafiə nazirinin görüşü
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının müdafiə naziri Vəcdi Gönülün dəvəti ilə Ankarada səfərdədir. Türkiyə Müdafiə Nazirliyində Səfər Əbiyevin və Vəcdi Gönülün görüşü olmuşdur. Vəcdi Gönül bildirmişdir ki, ulu öndər Heydər Əliyevin söylədiyi kimi "Bir millət, iki dövlət" olan ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan çox sürətlə inkişaf edən, böyük uğurlara imza atan və regionun həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan aparıcı dövlətinə çevrilmişdir. Görüşdə ikitərəfli məsələlər və Dağlıq Qarabağ problemi müzakirə edilmişdir.
Səfər
Əbiyev Türkiyənin bütün məsələlərdə
Azərbaycanı dəstəklədiyini vurğulamış və
qardaş ölkə xalqına bunun üçün təşəkkürünü
bildirmişdir. Torpaqlarımızın 20 faizinin Ermənistanın
işğalı altında olduğunu xatırladan müdafiə
naziri demişdir ki, biz torpaqlarımızın bir
qarışını da kimsəyə verməyəcəyik.
Azərbaycan bütün gücünü səfərbər
edərək, Silahlı Qüvvələri gücləndirərək
lazım olan anda öz torpaqlarını azad edəcəkdir.
Bizim mövqeyimiz qətidir. Ermənistan
torpaqlarımızı qeyd-şərtsiz azad etməlidir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2011.- 9 aprel.- S. 2.