Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür

 

Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva İSESKO-nun baş direktorunu Bakıda yenidən görməkdən məmnun olduğunu demişdir. Azərbaycanın birinci xanımı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun müsbət nəticələri olacağına əminliyini ifadə etmişdir.

Mədəniyyətlərarası dialoqa dair müzakirələrin vacibliyini qeyd edən İSESKO-nun baş direktoru forumun yüksək səviyyədə təşkilini vurğulamışdır. Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan ilə İSESKO arasında sıx əlaqələrdən danışmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 3.