Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Gürcüstan-Azərbaycan
Dostluq Evi"nin rəhbəri Giuli Alasaniya ilə görüşmüşdür
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, "Gürcüstan-Azərbaycan Dostluq Evi"nin rəhbəri Giuli Alasaniya ilə görüşmüşdür.
Qonağı Bakıda salamlayan Azərbaycanın birinci xanımı Giuli Alasaniyanın ümumdünya forumuna qatılmasından məmnun olduğunu bildirmişdir.
Mehriban xanım Əliyeva Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən birgə layihələri qeyd etmiş, bu layihələrin ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmləndirdiyini demişdir.
Bakıya tez-tez səfər etdiyini deyən Giuli Alasaniya ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimad və hörmətə söykəndiyini bildirmişdir. Qonaq Bakıda keçirilən forumun mədəniyyətlərarası dialoqa töhfə olacağına əminliyini ifadə etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 9 aprel.- S. 3.